Deputat Razi Nurullayev Baş prokurorluğa dəvət edildi - Kəskin çıxışına görə

4-09-2020, 17:32           
Deputat Razi Nurullayev Baş prokurorluğa dəvət edildi -
“Bir neçə gün əvvəl AzTv-də çıxışım zamanı Binəqədi prokuroru haqqında kəskin danışmışdım. Dəfələrlə zəng etməyimə baxmayaraq, telefonu qaldırmamış və hörmətsizliyə yol vermişdi. Bu gün məlum məsələ ilə bağlı Baş prokurorluğa dəvət edildim və Baş prokurorun birinci müavini hörmətli Elçin Məmmədov ilə görüşdüm”.

Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev Baş prokurorluğa çağırılıb.

Bu barədə məlumat verən deputat qeyd edib ki, hörmətli Kamran Əliyevin Baş prokuror təyin edilməsindən sonra vətəndaşlara, onların şikayətinə münasibətin xeyli dəyişdiyi barədə məlumatlı idim:

“Bu gün görüşə gedən zaman səhvən əsas qapıdan yox, qəbul şöbəsindən içəri daxil olmalı oldum və prokurorluğa gələn şikayətçilərlə də rastlaşdım.
Məni Baş prokurorluğun mətbuat xidmətinin rəhbəri hörmətli Eldar Sultanov qarşıladı.(Eldar Sultanov Baş Prokurorluğun mətbuat xidməti postunda deyil!T.az) Baş prokurorluqda başqa bir atmosferin olduğuna sevindim. Eldar müəllimin gələn şikayətçilərlə mehribancasına salamlaşmağı və onları dinləməyi də xoş oldu. Eldar müəllimə də vətəndaşlara doğma yanaşmasına görə də təşəkkür etdim”.
“Baş prokurorun birinci müavini hörmətli Elçin Məmmədovla görüşümüz qarşılıqlı anlaşma şəraitində keçdi” deyən deputat, sevindim ki, “Baş prokurorluqda yeni bir abi-hava var və məsələlərin müsbətə doğru dəyişməsinə zəmin yaranmaqdadır”, deyə bildirib:

“Ümid edirəm ki, islahatlar daha da intensivləşəcək. Vacib olan insan faktorudur. Əgər vətəndaş razı salınırsa, xoş qəbul edilib, xoş yola salınırsa, mütləq cəmiyyətə də müsbət siqnallar ötürür. Milli Məclisin deputatına qarşı edilən sayqısızlıq əsas müzakirə mövzusu oldu və digər məsələlərə də toxunduq. Baş prokuror məsələyə birbaşa özü müdaxilə edib və mən bunu həm Milli Məclisə, həm də Milli Məclisin deputatlarına qarşı sayqı kimi qiymətləndirirəm. Hörmətli Elçin müəllim Baş prokurorluğun müvafiq tədbirlər görəcəyini dedi və bizə də məsələnin sonrakı inkişafını gözləmək qalır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.