Cahangir Hacıyevin obyektləri kimə və necə satılacaq?
27-01-2016, 10:25
Samir Şərifovdan qeyri-müəyyən və ziddiyyətli açıqlamalar
Cahangir Hacıyev Azərbaycan Beynəlxalq Bankın rəhbəri olduğu dönəmdə bu bakndan götürülən kreditlər hesabına açılan müəssisələrin satışa çıxarıldığı barədə ötən saylarımızda məlumat vermişdik. Həmin məlumatda deyilirdi ki, söhbət xüsusilə Birləşmiş Ərəb Əmirliklərinin Fuceyra əmirliyində inşa olunan “Intertekstil” fabriki və “Intersteel” poladtökmə zavodundan gedir.
Bildirilirdi ki, artıq ABB ilə adıçəkilən müəssisələrin sahibləri arasında razılaşma əldə olunub. Məlumat üçün deyək ki, bu müəssisələrin sahibi “Intermet” şirkətidir. Bu şirkətin payçıları isə çeçen əsilli iş adamı, Rusiya vətəndaşı Hüseyn Marayev və adı neçə vaxtdır Beynəlxalq Bankın boşaldılması işində keçən Fransa vətəndaşı Xaqani Bəşirovdur. Belə ki, səhmləri H.Marayevin nəzarətində olan “Golden Bat” şirkəti “Intermet”in səhmlərinin 50 faizinə, Xaqani Bəşirovun Britaniya Virgin adalarında qeydiyyatdan keçmiş “Camelot Oil & Gaz” şirkəti isə qalan 50 faizinə nəzarət edir. Müəssisələrin inşası üçün ABB-dən 250 milyon dollar kredit götürülüb. Kredit müəssisəlrin inşasını həyata keçirən şirkətin icraçı direktoru Fərid Əmiraslanovun adına rəsmiləşdirilib. Fərid Əmiraslanov “kredit qalmaqalı”nın ilk günlərində həbs olunsa da, bir neçə gün əvvəl barəsindəki həbs-qətimkan tədbiri dəyişdirilib.
“Intertekstil” və “Intersteel” zavodlarına görə ABB-nin Birləşmiş Ərəb Əmirliklərindəki nümayəndəliyinin rəhbəri, “qara polkovnik” kimi tanınan mərhum Fətulla Hüseynovun oğlu Adil Hüseynov da həbs edilib. Adil Hüseynova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsilə ittiham irəli sürülüb. Ittihama görə Adil Hüseynov ABB-dən götürülən 319 milyon manatı mənimsəyib. Lakin yuxarıda qeyd olunduğu kimi kreditin məbləği 250 milyon olub və kredit götürən şəxs Adil Hüseynov olmayıb. Digər tərəfdən həmin pullar müəssisələrin inşasına sərf olunub. Hər halda müəssisələr yerindədir və hətta onları satışa çıxarıblar. Maliyyə naziri Samir Şərifov da bu faktı təsdiqləyib. Nazir ANS-ə müsahibəsində bildirib: “Biz dövlət tərəfindən qərara aldıq ki, bunların verdiyi müəyyən pis kreditləri aqrar üsulu ilə alırıq bu kreditlərin üzərinə, söhbət gedir müəyyən zavod, fabriklərdən, hansılar ki, səmərəsizdir və hal-hazırda pis işləyir, bunları biz sağlamlaşdırmaq yoluyla satıb, sonra əldə ediləcək pulları kreditin bərpa edilməsinə sərf edəcəyik.”
Bu halda Adil Hüseynovun hansı səbəbdən 8 aydır həbsdə saxlanılması bəlli deyil. Təsəvvür edin, ABB-dən kredit götürməyən, həmin zavodların sahibi olmayan, sadəcə onların inşasına nəzarət edən bir şəxs pulları mənimsəmək adı ilə həbs olunur. Sonra bəlli olur ki, pullar mənimsənilməyib, zavodlar tikilib. Krediti geri qaytarmaq üçün həmin zavodlar satışa çıxarılır, amma Adil Hüseynov həbsdə saxlanılır. Məsələnin digər tərəfi, müəssisələrin satışının şəffaf şəkildə həyata keçirilməsilə bağlıdır. Hələlik bu zavodların hansı qiymətə və hansı şərtlərlə satışa çıxarılması barədə heç bir rəsmi məlumat yoxdur. Nazir Samir Şərifov da bu məsələnin üzərindən sükutla keçir. Əgər zavodlar artıq dövlətə məxsusdursa, o zaman onların satışı şəffaf qaydada həyata keçirilməlidir. Başqa bir məqam. “Intertekstil” fabriki fəaliyyətdə, “Intersteel” isə artıq istifadəyə hazır vəziyyətdə olub. Adil Hüseynovun həbsindən sonra isə fabrikin fəaliyyəti dayanıb. Poladtökmə zavodunun son tamamlanma işləri də yekunlaşmamış qalıb. Maraqlıdır, niyə bu müəssisələr əvvəldən deyil, 8 ay baxımsız qaldıqdan sonra satışa çıxarılır?azadlq.info