Davosdan qayıdan İlham Əliyevdən sahibkarlara və dövlət qurumlarına 1№-li göstəriş: "Azərbaycanda işsiz adam olmasın!" (Tam mətn)

27-01-2016, 10:28           

Xəbər verdiyimiz kimi, yanvarın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfrans keçirilib.

Qeyd edək ki, nazirlərin və bir sıra şirkət rəhbərlərinin, sahibkarların qatıldığı konfransın həm girişində, həm yekununda Prezident İlham Əliyev geniş nitq söyləyib.

Hazırda cəmiyyətin diqqəti Davos Forumundan sonra ölkəyə dönən Prezident İlham Əliyevin dövlət qurumlarına və əhaliyə hansı mesajları verəcəyinə fokuslandığından, ölkə başçısının konfransadakı yekun nitqini tam şəkildə Strateq.az oxucularına təqdim edirik.





Prezident İlham Əliyevin

Y E K U N N İ T Q İ





... Bu gün daha çox sahibkarlara şərait yaradıldı ki, onlar öz sözlərini desinlər. Dövlət məmurlarının öz sözlərini deməyə daha da geniş imkanları var. Ona görə, mən istədim ki, bu gün bütün bölgələri təmsil edən sahibkarlar çıxış etsinlər. Həm görülmüş işlərlə bağlı məlumat versinlər, eyni zamanda, onları narahat edən problemlər də müzakirə mövzusuna çevrilsin.

Bu gün fasilədən sonra nazirlər, dövlət məmurları, icra hakimiyyəti başçıları və sahibkarlar bölmələrdə öz işlərini davam etdirəcəklər. Əminəm ki, orada müzakirə ediləcək məsələlər əhəmiyyətli olacaq və müzakirə nəticəsində konkret təkliflər də irəli sürülməlidir.

Sahibkarlığın inkişafı üçün çox işlər görülübdür. Bu gün Azərbaycan iqtisadiyyatının böyük hissəsi - 80 faizdən çoxu özəl sektorda formalaşır. Bu, son illər ərzində görülmüş işlərin nəticəsidir. Ancaq yeni dövr - yeni vəziyyət, yeni yanaşmalar tələb edir. Ona görə indiki şəraitdə sahibkarlığı daha da genişləndirmək, sahibkarlara daha da yaxşı şərait yaratmaq, yerli istehsalı sürətləndirmək üçün əlavə tədbirlər görülməlidir. Mən artıq müvafiq dövlət qurumlarına göstəriş vermişəm. Ancaq çox istəyirəm ki, yerlərdən sahibkarlar özləri də o problemləri dilə gətirsinlər, ortaya qoysunlar ki, onlar tezliklə öz həllini tapsın.

Bu ilin planları ilə bağlı ilk növbədə demək istəyirəm ki, bütün sosial proqramlar tam icra ediləcək. Bildiyiniz kimi, maaşlar, pensiyalar və sosial müavinətlər qaldırıldı. Sosial müdafiə bizim siyasətimizin əsas istiqamətlərindən biridir. Azərbaycan bazar iqtisadiyyatına sadiqdir. Bazar iqtisadiyyatı Azərbaycanda uğurla inkişaf edir. Ancaq islahatları apararkən biz hər zaman sosial məsələləri yadda saxlamalıyıq. Unutmamalıyıq ki, biz xalq üçün çalışırıq. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Onun problemlərini biz həll etməliyik. Ona görə, bizim bütün səylərimiz, o cümlədən iqtisadi inkişaf bu məqsədə qulluq etməlidir. Ona görə, Azərbaycanda güclü sosial siyasət aparılır, aparılacaq və imkan daxilində bütün sosial proqramlar daha da geniş şəkildə icra ediləcək.

Bu il regionlarda nəzərdə tutulan bütün infrastruktur layihələri icra edilməlidir. Bir çox layihələr artıq icra edilmişdir. Mən giriş sözümdə bu barədə öz fikirlərimi dedim, amma hələ ki, elektrik enerjisi, qazlaşdırma, xüsusilə kənd yollarının tikintisi ilə bağlı görüləsi işlər də çoxdur. Mən hesab edirəm ki, bu il kənd yollarının tikintisinə əlavə böyük vəsait ayrılmalıdır. Çünki ilk növbədə buna ehtiyac var. Yerlərdən təkliflər irəli sürülür.

Eyni zamanda, bu, bölgələrdə insanları bu işlərə cəlb edəcək və olan işsizliyi də aradan götürəcək. Biz son illər ərzində işsizliyə qarşı çox fəal işləmişik. Bunun nəticəsidir ki, Azərbaycanda işsizlik son illər ərzində beş faizə düşmüşdür. Bu, doğrudan da bizim tarixi nailiyyətimizdir. İşsizlik ilə bərabər, həmçinin yoxsulluq da beş faizə düşmüşdür. Ancaq indiki şəraitdə işsizlik arta bilər və artır. Düzdür, yeni iş yerləri açılır və iş yerləri bağlanır. Misal üçün, keçən il 80 mindən çox daimi iş yeri açılmışdır, 40 min iş yeri bağlanmışdır. Biz bu il də bu statistikanı düzgün aparmalıyıq. O yerlərdə, o bölgələrdə ki, iş yerləri bağlanır, orada daha da böyük həcmdə işlər getməlidir. Həm dövlət qurumları, eyni zamanda, özəl sektor da bu məsələni diqqətdə saxlamalıdır.

Kənd yollarının tikintisi isə bu istiqamətdə çox önəmli addımdır, iki məqsədi güdür - həm infrastruktur yaxşılaşır, həm insanlar işə cəlb olunur. Kənd yollarının tikintisində bizim xarici komponentə heç bir ehtiyacımız yoxdur. Lazım olan bütün mal-materiallar Azərbaycanda istehsal edilir. Kənd yollarının tikintisində valyuta komponenti yoxdur. Bu da indiki şəraitdə çox önəmli amildir.

İçməli su layihələri də icra edilməlidir. Bu layihələr insanları içməli su ilə təmin edəcək və edir, yeni iş yerlərinin yaradılmasına gətirib çıxaracaq. Biz içməli su layihələrinin icrasında da bu işləri daxili istehsalla təmin edirik. Son illər ərzində daxili istehsala verdiyimiz diqqət, qoyduğumuz sərmayə, bax, indi bu reallığı təmin edir. Əgər biz bunu etməsəydik, indi idxaldan daha da çox asılı vəziyyətdə olacaqdıq. Mən bu barədə hələ danışacağam. Ona görə, infrastruktur layihələri icra edilməlidir. Bəziləri hesab edir ki, neftin qiymətinin 4 dəfə düşməsi ilə bağlı biz xərcləri daha da ixtisar etməliyik. Təbiidir ki, bu, belədir. Ancaq hesab edirəm ki, biz 2016-cı ildə infrastruktur və biznes layihələrini icra etməklə ölkəmizə daha da böyük dinamizm verə bilərik və biz bunu edəcəyik.

Son illər ərzində 1500-ə yaxın subartezian quyusu qazılmışdır. Keçən ilin sonunda bu məqsədlər üçün Prezidentin ehtiyat fondundan əlavə 10 milyon manat ayrılmışdır. Ola bilər ki, il ərzində əlavə vəsait ayrılacaq. Subartezian quyularının qazılması prosesi davam etdirilməlidir.

Sosial infrastruktur layihələri icra ediləcək. Həm Bakıda, həm böyük və həm də kiçik şəhərlərdə məktəblərin, tibb mərkəzlərinin, xüsusilə uşaq bağçalarının tikintisinə böyük ehtiyac var.

Yeni iş yerlərinin yaradılması bu il xüsusi əhəmiyyət kəsb edir. Çünki qeyd etdiyim kimi, bəzi iş yerləri bağlanır. Son 12 il ərzində 1 milyon 500 min iş yeri yaradılmışdır. Onlardan 1 milyonu daimi iş yeridir. Ancaq bu illər ərzində Azərbaycanın əhalisi artmışdır. Əlbəttə ki, bu da inkişafın əlamətidir. 2003-cü ildə Azərbaycan əhalisi 8,4 milyon idisə, bu il 9,7 milyondur. Yəni, əhali 1 milyon 300 min nəfər artmışdır. Bu, bizim böyük üstünlüyümüzdür və inkişafın əlamətidir. Əgər o artım dinamikasına nəzər salsanız görərsiniz ki, sürətli inkişaf dövründə əhali daha da çox artır. Bu, üstünlükdür, amma, eyni zamanda, - mən bunu artıq neçə dəfə demişəm, - bu, bizi daha da fəal işləməyə çağırır. Çünki artan əhali artan iş yerləri deməkdir. Bir milyon daimi iş yeri yaradılıb, bir milyon 300 min əhali artıb. Bu, yeni məktəblər, yeni uşaq bağçaları, yeni yolların çəkilməsi deməkdir.

Şəhərsalma işi daha da düşünülmüş şəkildə aparılmalıdır. Bizim şəhərlərimiz böyüyür. Şəhər infrastrukturu buna uyğun şəkildə qurulmalıdır. Misal üçün, bizim bütün içməli su layihələrinin icrasında əhalinin 2030-cu ilədək mümkün olan artımı nəzərdə tutulur. Yəni, biz iş yerlərinin yaradılması ilə daim məşğul olmalıyıq. Əlbəttə, biz fəxr edirik ki, qısa müddət ərzində 1 milyon daimi iş yeri açılmışdır. Ancaq əhali də artır. Ona görə, hansı sahələrdə iş yerləri yaradılmalıdır? Bizim əmək resurslarımız kifayət qədər böyükdür. Həmişə belə olub. Sovet dövründə də belə olub, bu gündə belədir.

Ona görə bu, çox ciddi məsələdir. Mən çox şadam ki, əhali artır. Bəlkə də bunun ən böyük tərəfdarı mənəm. Ancaq iqtisadiyyat, infrastruktur, iş yerləri buna uyğun şəkildə artmalıdır. Ona görə, hökumət bu məsələlərlə bağlı ciddi işləməlidir. Uzunmüddətli konkret plan tərtib edilməlidir ki, əmək resurslarının işlə təmin edilməsi üçün hansı addımlar atılmalıdır.

İndiki şəraiti nəzərə alaraq hesab edirəm ki, sahibkarlar da yeni iş yerlərinin yaradılması istiqamətində əlavə tədbirlər görə bilərlər. Mənə verilən məlumata görə, son 12 il ərzində Azərbaycanda 70 mindən çox müəssisə yaradılmışdır və ümumiyyətlə, müəssisələrin sayı 100 minə yaxındır. Onların içində əlbəttə ki, böyük və kiçik müəssisələr var. Ancaq hesab edirəm ki, əgər iş adamları bu məsələyə sosial məsuliyyət nöqteyi-nəzərdən yanaşsalar və işsiz qalan insanları işə götürsələr, yaxud da ki, ixtisar etmək istədikləri insanları ixtisar etməsələr, onlar ümumi işimizə töhfə verərlər. Çünki bu, sosial məsuliyyətdir. Bu, bizim ümumi işimizdir. Bununla bərabər, artıq mən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan dövlət şirkətlərinə tapşırıq vermişəm ki, birgə işləsinlər. Məşğulluq idarələrinə müraciət edən insanları işlə təmin etmək üçün dövlət şirkətlərində yeni vakansiyalar açılmalıdır. Əlbəttə, bir daha demək istəyirəm ki, biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq və bu prinsipdən dönməyəcəyik. Hamımız yaxşı başa düşürük ki, bazar özü hər şeyi tənzimləməlidir, bu və digər şirkətdə nə qədər insan işləməlidir, nə qədər məhsul istehsal edilməlidir. Ancaq hesab edirəm ki, müvəqqəti, yaxud da ki, daimi iş yerlərinin açılması prosesi mütləq başlamalıdır. Bakıda və bütün bölgələrdə dövlət şirkətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə nümunə göstərməlidirlər. İşi itirən insanlar o idarələrə müraciət etsinlər və əminəm ki, onları işlə təmin etmək üçün bizdə imkanlar olacaqdır. Ona görə, ilk növbədə dövlət şirkətləri bunu etməlidirlər. Özəl sektor bu amili nəzərə alsın. Xüsusilə, nəzərə alsaq ki, dövlət sahibkarlığın inkişafına bu qədər kömək göstərir, həm siyasi, həm metodoloji dəstək verir. İqtisadiyyat Nazirliyi bütün layihələr üzrə biznes planlar hazırlayır, maliyyə dəstəyi verir. Son 12 il ərzində sahibkarlara güzəştli şərtlərlə 1 milyard 700 milyon manat kredit verilmişdir. Bu ili nəzərə alsaq 2 milyard manat edir. Yəni, bu, dövlət dəstəyidir. Ona görə, sahibkarlar da həm iş yerləri yaratmalıdırlar, öz istehsal sahələrini genişləndirməlidirlər, həm də fəaliyyət göstərdikləri bölgələrdə sosial məsuliyyəti hiss etməlidirlər.

Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində işlər aparılır, müvafiq göstərişlər, tapşırıqlar, sərəncamlar verilmişdir. Bu sahə mütləq daim diqqət mərkəzində olmalıdır. Beynəlxalq maliyyə qurumları bu istiqamətdə apardığımız fəaliyyəti yüksək qiymətləndirir, Dünya Bankı “Doing Business” hesabatında Azərbaycanı yüksək yerlərə layiq görür. Davos Dünya İqtisadi Forumu ölkə iqtisadiyyatlarının rəqabət qabiliyyətliliyinə görə Azərbaycanı 40-cı yerə layiq görmüşdür. Biz dünya miqyasında 40-cı yerdə, MDB məkanında birinci yerdəyik.

Ona görə, biznes, investisiya mühitinin yaxşılaşdırılması, iqtisadi, maliyyə sektorlarının, vergi, gömrük orqanlarının tam şəffaflaşması, vergi bazasının genişləndirilməsi, uçotun, statistikanın düzgün aparılması – bax, bütün bunlar çox vacib olan məsələlərdir. Deyə bilmərəm ki, bu məsələlərin həllində biz istədiyimizə nail ola bilmişik. Yox, hələ ki, görüləsi işlər çoxdur. Qüsurlar var, onlar aradan götürülür, götürülməlidir. 2016-cı il bu istiqamətdə həlledici rol oynayacaqdır. 2016-cı ildə biz bütün maliyyə-iqtisadi sistemimizi inkişaf etmiş ölkələrin təcrübəsinə əsasən təşkil etməliyik. Burada əlbəttə ki, uçot və statistika xüsusi yer tutur. Bizim statistikamız da aparıcı ölkələrin statistikasına xas olan bütün əlamətləri özündə ehtiva etməlidir. Çünki əsas budur, məlumatdır. Biz dəqiq bilməliyik harada nə işlər görülür, hansı məhsullar istehsal olunur. Əgər belə olmasa, gələcək fəaliyyətimizi planlaşdırmaq çətin olacaqdır.

Biz mütləq daxili bazarımızı, yerli istehsalı qorumalıyıq, bununla bərabər, inhisarçılığa yol verməməliyik. Bu da çox ciddi məsələdir. Çünki, əlbəttə, mən çox istəyirəm ki, Azərbaycan məhsulları daha da çox istehsal olunsun, biz idxaldan asılılığı daha da azaldaq, iş yerləri yaradılsın, ixrac qabiliyyətli məhsullar istehsal edək. Ancaq bununla bərabər, əgər biz idxal mallarına süni əngəllər qoysaq, bu zaman rəqabət olmayacaq. Amma rəqabət əsasdır. Hər bir ölkənin inkişafı üçün azad, ədalətli, sərbəst rəqabət əsas şərtdir. Ona görə, burada iki amil nəzərə alınmalıdır. Həm qiymətlərin tənzimlənməsi, bütün süni maneələr, idxal qarşısında duran maneələr aradan götürülməlidir, eyni zamanda, daxili istehsal qorunmalıdır. Ona görə, müvafiq qurumlar çox fəal işləməlidirlər ki, bu iki amili təmin etsinlər. Yerli istehsal, idxaldan asılılığın azaldılması bizim gələcək dayanıqlı inkişafımızın əsas məsələsidir. Ancaq, eyni zamanda, inhisarçılığa da yol vermək olmaz. Bəzi hallarda bizdə təbii inhisarçılıq yaradılır. Çünki bazar o qədər də böyük deyil. Hər hansı bir, ya iki böyük müəssisə görürsən ki, bütün bazarı öz əlinə götürür. Burada əlbəttə ki, Antiinhisar Xidmətinin rolu xüsusilə əhəmiyyətlidir. Biz elə etməliyik ki, sərbəst rəqabətə mane olan bütün amillər aradan götürülsün.

İnvestisiyaların təşviqi sistemi artıq yaradılıb, tətbiq edilir. Müvafiq qərarlar qəbul edilmişdir. Biz xarici investisiyaları daha da çox cəlb etməliyik. İnvestisiyaların təşviqi məsələsi burada mühüm rol oynayır. Bütövlükdə deyə bilərəm ki, Azərbaycanda investisiya iqlimi müsbətdir. Əgər belə olmasaydı, xarici firmalar Azərbaycana 100 milyard dollar investisiya qoymazdılar. Biz isə çalışmalıyıq ki, indi xarici sərmayəni qeyri-neft sektoruna, ixracyönümlü məhsulların istehsalına yönəldək. Eyni zamanda, artıq ixracın stimullaşdırılması üçün konkret addımlar atılıb. Mənim tərəfimdən müvafiq qərarlar verilib və artıq Azərbaycanda ixracın təşviqi sistemi yaradılır. Biz keçmişdə bu barədə çox danışmışıq. Ancaq bu gün artıq biz bunu etməliyik, edirik. Burada da biz bu yolu keçən ölkələrin təcrübəsinə mütləq nəzər yetirməliyik və ən müsbət təcrübəni tətbiq etməliyik.

Azərbaycanda rəqabətqabiliyyətli məhsulu istehsal edən, bunu dünya bazarına çıxaran sahibkarlara dövlət tərəfindən güzəştlər edilməlidir. İndi İqtisadiyyat Nazirliyi bu məsələlərlə bağlı işləyir və hesab edirəm ki, sahibkarlar da bugünkü konfransda bu məsələ ilə bağlı öz təkliflərini verməlidirlər.

Mən artıq bəyan etmişəm, bir daha demək istəyirəm ki, Azərbaycanda genişmiqyaslı özəlləşdirmə proqramı icra ediləcəkdir. Buna böyük ehtiyac var. İlk növbədə, bu, ölkəmizə əlavə sərmayə, valyuta gətirəcək. Digər tərəfdən, biz işləməyən müəssisələri canlandıracağıq. Elə müəssisələr var ki, artıq 20 ildir dayanıb, qapısı qıfıllanıb, yarıdağılmış, yaxud dağılmış vəziyyətdədir və onlar nədənsə özəlləşdirməyə çıxarılmır.

İlk növbədə, ciddi təhlil aparılmalıdır. Hansı müəssisələr ilk növbədə özəlləşməyə açılmalıdır və özəlləşdirmə nəticəsində ölkə iqtisadiyyatı hansı dividendlər götürəcək. Əlbəttə, hər bir özəlləşdirilən müəssisənin gələcək fəaliyyəti ilə bağlı biznes plan təqdim edilməlidir. Belə çıxmasın ki, kimsə gəldi özəlləşdirdi, yenə də o müəssisə belə bağlı vəziyyətdə qalacaq. Biznes plan, öhdəlik, məsuliyyət - bütün bunlar nəzərə alınmalıdır. Genişmiqyaslı özəlləşdirməni aparmaq üçün bizə mütləq yüksək nüfuza malik olan beynəlxalq məsləhətçi şirkətlər lazımdır. Onlara da müraciət etmək lazımdır. Mən Davos Forumu çərçivəsində artıq bu barədə də danışıqlar aparmışam. Müəyyən təkliflər var. Mütləq onlar gəlib bizə həm məsləhət versinlər, kömək göstərsinlər, həm də yaxşı mənada nəzarət etsinlər. Aparılacaq özəlləşdirmə şəffaf olmalıdır, Azərbaycan dövlətinin maraqları maksimum təmin edilməlidir.

Bank sektorunun fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində əlavə tədbirlər görüləcək. Əmanətlərin sığortalanması məsələsinə baxılıb. Hesab edirəm ki, bu, dövlət tərəfindən atılan çox ciddi addımdır. Ancaq bank sektorunun sağlamlaşdırılması prosesi daha sürətlə getməlidir. Burada inkişaf üçün çox böyük imkanlar var. Tələblərə, meyarlara cavab verməyən, öz fəaliyyətini qura bilməyən, böyük nöqsanlar buraxan banklar bizim bank sektorumuzda fəaliyyət göstərə bilməz. Bu məsələ ilə bağlı bir neçə dəfə hökumət yığışıbdır, məsələ qoyulubdur. Ancaq əfsuslar olsun ki, məsələ çox ləng gedir.

Biz bank sektorunu sağlamlaşdırmalıyıq. Bu, hər bir ölkə üçün çox vacib məsələdir. Elə etməliyik ki, bank sektoru Azərbaycan iqtisadiyyatına daha da çox fayda versin, iqtisadiyyatın real sektoruna daha da çox kredit resursları təşkil etsin ki, biz işləri təkcə dövlət büdcəsi hesabına, yaxud da ki, sahibkarların öz vəsaiti hesabına görməyək. Bank sektoru da burada çox ciddi alət, daha fəal olmalıdır. Ona görə bank sektorunun sağlamlaşdırılmasına Azərbaycan dövləti kömək göstərir və bu istiqamətdə islahatlar daha da sürətlə getməlidir.

Qeyd etdiyim kimi, qeyri-neft sənayesi sürətlə artmışdır - 8,4 faiz. Azərbaycanda sənayeləşmə prosesi gedir. Texnoparklar yaradılır, sənaye klasterləri yaradılmalıdır. Mən artıq göstəriş vermişdim ki, hər bir rayonda sənaye zonaları yaradılsın. Ancaq bu proses ləng gedir. Burada oturan bütün şəhər, rayon icra başçıları da bu işlərdə daha fəal olmalıdırlar. Onlar, İqtisadiyyat Nazirliyi və sahibkarlar bu işi görməlidirlər. Bu gün fasilədən sonra bu məsələ mütləq müzakirə edilməlidir. Hər bir rayondan ayrılacaq sahələrlə bağlı konkret təkliflər verilməlidir. İcra başçıları özləri bu işlərə çox ciddi fikir verməlidirlər. Ümumiyyətlə, bölgələrimizə investisiya axınını daha çox Azərbaycan dövləti, sahibkarlar təşkil edirdi. Hesab edirəm ki, yerli icra hakimiyyəti orqanları bu işlərdə daha da fəal olmalıdırlar. Onların fəaliyyətinə veriləcək qiymət böyük dərəcədə bu amildən asılı olacaq: nə qədər investisiya cəlb etmisən, sahibkarlara nə qədər şərait yaratmısan, nə qədər müəssisə yaradılıb, nə qədər yeni iş yeri açılıb?! Ona görə, ilk növbədə, hər bir yerdə statistika düzgün aparılmalıdır ki, burada şişirtmə olmasın. Çünki bu, elə köhnə xəstəlikdir və işlər düzgün qurulmalıdır. Ona görə bu il hər bir rayonda sənaye zonalarının yaradılması başlamalıdır.

Ümumiyyətlə, mən bizim özümüzü qeyri-qida məhsulları ilə təminetmə imkanlarımız haqqında bir neçə rəqəmi gətirmək istəyirəm. Bu, həm görülən işləri əks etdirir, həm də sahibkarlara, icra başçılarına, dövlət qurumlarının nümayəndələrinə bir növ yol xəritəsi olacaqdır - harada boşluqlar var və hansı işlər görülməlidir.

Beləliklə, sement istehsalı... Biz Azərbaycanda özümüzü bu məhsulla 92 faiz səviyyəsində təmin edirik. Burada maya dəyərində idxaldan asılılıq 10 faizdir. Bu, əsas qatqılar və qablaşdırma materiallarıdır. Ona görə sement istehsalı nəinki 100 faiz, daha da çox olmalıdır. İstehsal gücümüz var, biz sementi ixrac etməliyik. Çalışmalıyıq ki, bu 10 faiz xarici komponenti də özümüz istehsal edək.

Bentonit. Biz öz tələbatımızı dəfələrlə ödəyirik və böyük ixrac potensialı yaranmışdır.

Karton. Özümüzü cəmi 60 faiz təmin edirik. Mütləq yeni karton fabrikləri tikilməlidir və istehsalda biz 50 faiz xarici materiallardan asılıyıq. Bunu da tədricən aradan götürməliyik.

Polietilen borular. Özümüzü 60 faiz təmin edirik. Yerli istehsalın tərkibində 70 faiz xarici komponent var. Bu da xammaldır.

Əhəng. Özümüzü tam təmin etmirik, cəmi 50 faiz səviyyəsində, xarici komponent 13 faizdir.

Gips - 1,6 dəfə. Yəni, həm 100 faiz təmin edirik, həm də ki, ixrac potensialı var. Ancaq istehsalda 50 faiz xarici komponentdən – qatqılar və qablaşdırma materiallarından istifadə olunur. Bu qablaşdırma materialları bütün sahələr üzrə var. Bu, nəyi göstərir? Onu göstərir ki, bu sahəyə fikir verilməmişdir. Ona görə müxtəlif qablaşdırma məmulatlarının istehsalı bu il başlamalıdır.

Kərpic – özümüzü 99 faiz təmin edirik və burada cəmi 2 faiz xarici amil var.

Beton tikinti blokları - özümüzü 100 faiz təmin edirik, 30 faiz xarici komponentdir.

Alçipan - özümüzü 95 faiz təmin edirik, maya dəyərinin 48 faizi xaricdən asılıdır. Burada da metal profillər əsas rol oynayır. Metal konstruksiyalar - özümüzü 40 faiz təmin edirik, elektrik kabelləri 48 faiz, elektrotexniki avadanlıqlar 62 faiz.

Yəni, bu, onu göstərir ki, son illər ərzində bu sahəyə çox böyük investisiyalar qoyulub, dövlət kömək edib, özəl sektor və böyük dərəcədə biz bu vəziyyəti yaxşılaşdıra bilmişik. Ancaq hələ görüləsi işlər çoxdur. Birinci vəzifə, 100 faiz özümüzü təmin etmək, ikinci vəzifə, maya dəyərində xarici asılılığı minimuma endirməkdir. Təbii ki, mən bilirəm, biz bunu 100 faiz edə bilməyəcəyik, ancaq çalışmalıyıq. Belə halda neftin qiyməti düşsə də, qalxsa da istehlak qiymətlərində heç bir dəyişiklik olmayacaq.

Keçən il Azərbaycanda “Kənd təsərrüfatı ili” idi. Kənd təsərrüfatı 6,6 faiz artmışdır. Bu, çox yaxşı göstəricidir. Məhsuldarlıq artmışdır, xüsusilə taxılçılıqda. İri fermer təsərrüfatlarının fəaliyyətini xüsusi qeyd etmək istəyirəm. Orada məhsuldarlıq orta məhsuldarlıqdan təxminən iki dəfə çoxdur. Ona görə, bu, bir nümunədir. Biz iri fermer təsərrüfatlarının yaradılmasını bu il də davam etdirməliyik. Bu, bizə imkan verəcək ki, idxaldan asılılığı azaldaq. Ancaq biz kiçik və orta fermer təsərrüfatlarını da yaddan çıxarmamalıyıq. Onlara da daim diqqət göstərilməlidir, şərait yaradılmalıdır.

Ərzaq təhlükəsizliyinin təmin edilməsi bizim üçün prioritet məsələdir. Keçən il bir neçə fərman imzalanmışdır. Bu fərmanların praktik nəticələri artıq görünməkdədir. Əlavə vəsait ayrılmışdır. Bizim üçün kənd təsərrüfatı o sahədir ki, qeyri-neft ixracımızı, ərzaq təhlükəsizliyini, insanları işlə təmin edəcək. Ona görə, keçən il “Kənd təsərrüfatı ili” olmuşdur. Ancaq hesab edin ki, bu il də “Kənd təsərrüfatı ili”dir. Hər il “Kənd təsərrüfatı ili” olmalıdır.

İslahatlar daha da dərinləşməlidir. Torpaq fondunun dəqiq uçotu aparılmalıdır. Biz yenə də uçota gəlirik. Çünki burada da bəzi hallarda uyğunsuzluq var. Vaxtilə verilmiş torpaq sahələri, real, faktiki sahələr sənədlərdə olan sahələrlə üst–üstə düşmür. İndi də bizim peyk imkanlarımız var - “Azərsky”. Mən onlara da tapşırmışam ki, mütləq bizim bu torpaq fondumuzun dəqiq uçotu aparılsın. Yəni, kağızda verilir bir sahə, amma real fermer başqa sahədə işləyir. Burada biz bu uyğunsuzluğu aradan götürməliyik. Hesab edirəm ki, əlbəttə, sənədləşmə dəqiq aparılmalıdır. Çünki biz indi fermerlərə deyə bilmərik ki, bu sənin sahən deyil. Harada işləyir, o da onun mülkiyyətidir. Ancaq düzgün uçot və sənədləşmə aparılmalıdır. Bu iş vaxt tələb edir. Hesab edirəm ki, bu il bu istiqamətdə ciddi addımlar atılmalıdır. “Elektron kənd təsərrüfatı” proqramı icra edilir. Bu yaxınlarda mənə məruzə edilmişdir. Biz bunu daha da geniş yaymalıyıq.

Kənd təsərrüfatının inkişafı üçün biz böyük meliorasiya layihələrini icra etdik. Taxtakörpü və Şəmkirçay su anbarlarını inşa etdik. Samur-Abşeron kanalının yenidən qurulması layihəsi təmin edildi. Ceyranbatan gölünün təmizlənməsinə, müasir təmizləmə qurğularının yaradılmasına nail olduq. Yəni, biz həm içməli su, həm meliorasiya məqsədləri üçün Samur sularından istifadə edirik. Beləliklə, bizdə on minlərlə hektar yeni torpaq sahələri suvarılacaq və tezliklə suvarılmalıdır. O sahələrdə, qərb və şimal zonalarında, - bu, Siyəzən, Şabran, Xızı, Şəmkir rayonlarıdır və ətraf rayonlardır, - tezliklə yeni fermer təsərrüfatları yaradılmalıdır.

Heyvandarlığın inkişafı üçün Kənd Təsərrüfatı Nazirliyi yeni təkliflər irəli sürübdür. Biz əvvəllər daha çox cins mal-qaranın alınması ilə məşğul idik. Bu, davam edir. Ancaq Azərbaycanda cinsin yaxşılaşdırılması üçün imkanlar var. Burada süni mayalanma sistemi geniş tətbiq olunmalıdır. Mənə verilən məlumata görə, bir neçə il ərzində biz tamamilə mal-qara cinsini yaxşılaşdıracağıq və beləliklə, əlavə imkanlar yaranacaqdır.

Bitkiçilikdə böyük inkişaf var. Keçən il kənd təsərrüfatının inkişafı daha çox bitkiçiliklə bağlı idi. Hesab edirəm ki, biz pambıqçılıqla daha ciddi məşğul olmalıyıq. Çünki bu, həm insanları işə cəlb edir, - pambıq tarlalarında çox insan işləyəcək, maaş alacaqdır, - eyni zamanda, bu, valyuta gətirən məhsuldur. Biz həm xam pambığı satmalıyıq, həm də ki, onu ipliyə, daha sonra tekstilə çevirib ixrac etməliyik. Bu, mütləq olmalıdır. Hesab edirəm ki, pambıq yığanlara verilən pul artırılmalıdır. Mənə verilən məlumata görə, indi bir kiloqram pambıq üçün insanlara 42 qəpik ödənilir. Hesab edirəm ki, bu, çox azdır. Bu, əhəmiyyətli dərəcədə qaldırılmalıdır. Pambıqçılıq sürətlə inkişaf etməlidir, həmçinin tütünçülük və çayçılıq. Bu sahədə də bizim böyük ənənələrimiz var. Sovet dövründə nə qədər pambıq yığılırdı - 1 milyon ton. Çay, tütün -biz bu sahələri canlandırmalıyıq.

Məndə ərzaq məhsulları ilə bağlı da buna oxşar arayış var. Mən indi onu da səsləndirəcəyəm. Ona görə səsləndirirəm ki, həm ictimaiyyət bilsin hansı nailiyyətlər var, həm də iş adamları, yerli icra orqanları bilsinlər hansı sahələrə daha çox diqqət verilməlidir.

Beləliklə, əsas ərzaq məhsulları üzrə özünü təmin etmə və maya dəyərində idxaldan asılılıq səviyyəsinə dair məlumat:

Mal əti - özümüzü 92 faiz təmin edirik. Burada maya dəyərində idxaldan asılılıq 5 faizdir. Bu, əsasən yem və dərmandır.

Qoyun əti - özümüzü 99 faiz təmin edirik, maya dəyərində cəmi 2 faiz xarici amil var. Yenə də yem və dərman. Quş əti - özümüzü 98,6 faiz təmin edirik. Son bir neçə il ərzində quş ətinin istehsalında böyük irəliləyiş var. Nəyə görə? Çünki quş fabrikləri yaradıldı. Dövlət dəstək, kredit verdi, sahibkarları bu istiqamətə yönəltdi ki, biz özümüzü quş əti ilə tam təmin edək. Biz buna artıq çatmışıq. Ancaq maya dəyərində idxaldan asılılıq 65 faizdir. Nədir bu asılılıq? Qarğıdalı, soya, günəbaxan və dərman. Sahibkarlar üçün bu, fəaliyyət meydanıdır. Qarğıdalı, soya, günəbaxan əkilməlidir. Dərman Azərbaycanda istehsal olunmalıdır. Niyə biz özümüz-özümüzü dərmanla təmin edə bilmirik? Etməliyik. Bu olsa, onda biz quş ətini 100 faiz daxili komponent hesabına əldə edəcəyik.

Yumurta. Özümüzü 99,6 faiz təmin edirik. Yenə də maya dəyərində 65 faiz xarici amil var.

Süd və süd məhsulları. Özümüzü təminetmə əmsalı 80 faizdir. Burada da çox böyük irəliləyiş var. Burada cəmi 10 faiz xarici amildən asılıyıq. Bu da yenə dərmandır və yemdir. Hesab edirəm ki, bu il də süd fabriklərinin tikintisinə böyük diqqət verilməlidir. Çünki biz özümüzü südlə 100 faiz təmin etməliyik və ixrac etməliyik. Bildiyimə görə, indi ixrac olunur, ancaq idxal da var. İdxal ancaq çeşidlərin sayına görə olmalıdır. Asılılıq isə tamamilə aradan götürülməlidir.

Azərbaycanda taxıl istehsalı artıbdır. 2014-cü ildə 2 milyon 300 min ton, 2015-ci ildə 2 milyon 900 min ton istehsal olunmuşdur. Çox gözəl inkişafdır. Ancaq özümüzü cəmi 64 faiz səviyyəsində təmin edirik. Ona görə, iri fermer təsərrüfatlarının yaradılması prosesi bundan sonra da getməlidir. İri fermer təsərrüfatlarında məhsuldarlıq 1 hektardan 50 sentnerdir, bəlkə də çox, orta məhsuldarlıq isə 30 sentnerdir. Onu da biz ancaq bu il əldə etmişik. Əvvəllər 23-24 sentner idi. Dövriyyəyə yeni torpaq sahələri verilməlidir. Dövlət infrastruktur layihələrini icra etməlidir. Biz özümüzü 100 faiz taxılla təmin etməliyik, 100 faiz. Qarşıya belə vəzifə qoyulur. Müzakirə edin, məlumat verin biz nə vaxt buna nail ola bilərik və buna nail olmaq üçün nə lazımdır? Burada – taxıl istehsalında maya dəyərində idxaldan asılılıq 20 faizdir - gübrə, dərman.

Kartof - özümüzü 90 faiz təmin edirik. Hesab edirəm ki, bu, qəbuledilməzdir. Özümüzü kartofla 100 faiz təmin etməliyik, ixrac da etməliyik. Ona görə, ciddi məşğul olun ki, biz bu boşluğu dolduraq. Kartof istehsalında 35 faiz xarici amil var - yenə də gübrə, dərman.

Soğan – özümüzü 100 faizdən çox təmin edirik. Burada xarici amil yoxdur. Bostan məhsulları 100 faiz, yenə də xaricdən asılı deyilik. Meyvə, giləmeyvə təxminən 110 faiz, maya dəyərində xarici idxaldan 30 faiz asılılıq - yenə gübrə, dərman. Ona görə, gübrə zavodu tikilir, ancaq gərək sürətlə tikilsin. O vaxt biz bu layihəni başlamışıq ki, idxaldan asılılığı azaldaq, ancaq çox uzanıb. Bu, dözülməzdir. Bu il çox ciddi işlər aparılmalıdır. Tezliklə gübrə zavodu işə düşməlidir. Dərman haqqında isə mən dedim, müzakirə edin. Nə etmək lazımdır, harada müəssisələr yaradılmalıdır, bizə nə qədər lazımdır, illik tələbat nə qədərdir?

Duz – özümüzü 87 faiz təmin edirik, xarici amil 5 faizdir. Bu da qablaşmadır.

Şəkər və şəkərdən hazırlanan məhsullar - özümüzü 91 faiz təmin edirik, İmişlidəki şəkər zavodunun hesabına. Ancaq burada xaricdən 80 faiz asılılıq var. Xam şəkər xaricdən gətirilir. Ona görə, çalışmalıyıq ki, bu xarici komponenti biz aşağı salaq. Bunun üçün nə lazımdır? Aydın məsələdir, daha çox şəkər çuğunduru əkilməlidir. Bu, həm iş yerləri yaradacaq, həm xarici amildən asılılıq aradan götürüləcək.

Bitki yağları və marqarin – özümüzü 67 faiz təmin edirik. Burada da idxaldan 80 faiz asılıyıq. Nədir? Xam yağ və qablaşdırma. Bizdə bitkiçiliyin inkişafı hesabına özümüz yerli məhsullardan daha çox yağ əldə edə bilərik. Kərə yağı – özümüzü cəmi 60 faiz təmin edirik, xarici amil 10 faizdir. Hesab edirəm ki, biz kərə yağını da Azərbaycanda 100 faiz istehsal etməliyik. Bunun üçün nə lazımdırsa, təklif verin.

Makaron – özümüzü 52 faiz təmin edirik. Ancaq bu yerli istehsalın 95 faizi xaricdən gələn xammal hesabına təmin edilir. Ona görə, taxılçılığın, keyfiyyətli unun istehsalı makaron istehsalında da imkan verəcək ki, xarici amildən asılı olmayaq.

Meyvə-tərəvəz şirələri – özümüzü 105 faiz təmin edirik. Meyvə-tərəvəz konservləri təxminən 90 faiz və 10 faiz xarici amildir.

Bu cədvəllər nəyi göstərir? İlk növbədə onu göstərir ki, biz son illər ərzində tarixi nailiyyətlərə imza atmışıq. Sovet dövründə biz yağı da, əti də, südü də, pendiri də - hamısını Rusiyadan, Ukraynadan gətirirdik. İndi biz özümüzü böyük dərəcədə təmin edə bilmişik. Ona görə ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi siyasəti uğurla aparılır. Ancaq, eyni zamanda, onu göstərir ki, hələ görüləsi işlər çoxdur. Səsləndirdiyim bu iki cədvəl iş adamları, dövlət qurumları, yerli icra orqanları üçün əsas sənəd - yol xəritəsi olmalıdır və bunu tezliklə icra etməliyik.

Turizmin inkişafı daha sürətlə getməlidir. Xüsusilə, Avropa Oyunlarından sonra Azərbaycana dünyada maraq daha da artdı. Biz bundan istifadə etməliyik. Nə qədər çox turist gəlsə, Azərbaycanı o qədər də çox adam tanıyacaq və turistlər ölkəmizə valyuta gətirəcəklər. Son 12 il ərzində Azərbaycanda 300-ə yaxın mehmanxana tikilmişdir. Bizim indi dünya səviyyəli kurortlarımız var – Şahdağ kurortu, Naftalan kurortu. Qəbələ beynəlxalq kurort mərkəzinə çevrilibdir və Qalaaltı müalicəvi kurort mərkəzidir. Naxçıvanda Duzdağ kurort mərkəzi yaradılıbdır. Sadəcə daha fəal olmalıyıq ki, turistləri cəlb edək. Burada vizaların sadələşdirilməsi işində əlavə tədbirlər görülüb ki, biz daha da çox turist axınını təmin edək. Azərbaycanın turistləri maraqlandıran ənənəvi sənət növləri də inkişaf etməlidir, o cümlədən xalçaçılıq. Bu, bizim böyük milli sərvətimizdir. Hesab edirəm ki, indi, xüsusilə kəndlərdə şərait yaradılmalıdır ki, qadınlar xalçaçılıqla məşğul olsunlar. Onlar materiallarla, dəzgahlarla, iplərlə təmin olunmalıdırlar, xalça toxusunlar, pul qazansınlar və biz bu malları da xarici bazarlara çıxara bilək.

Bu il də ekoloji tədbirlər görülməlidir. Xüsusilə ağacəkmə prosesi gedir. Ağacəkməyə insanları daha çox cəlb etmək olar, xüsusilə bölgələrdə. Burada müvəqqəti iş yerləri yaradılmalıdır. Yerli icra orqanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyi təkliflər hazırlasınlar ki, bu il biz nə qədər ağac əkəcəyik, nə qədər insan bu işlərə cəlb ediləcəkdir.

Bütövlükdə demək istəyirəm ki, indi - dünyada böhran yaşanan dövrdə bir çox ölkələrdə ictimai işlərə daha çox üstünlük verilir. Bizdə böhran yoxdur. Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir və inkişafımız dayanıqlı olacaq.

Ancaq mən istəyirəm ki, Azərbaycanda, ümumiyyətlə, işsiz adam olmasın. Hər kəs iş tapa bilmir. Ona görə verdiyim tövsiyələr və tapşırıqlar mütləq icra edilməlidir. Bu il biz müvəqqəti ictimai işlərə daha çox insanı cəlb etməliyik. Onlara maaş veriləcək və onlar da xalq, dövlət üçün çalışsınlar.

İstehlak qiymətlərinə nəzarət daim olmalıdır. Süni bahalaşmaya qarşı mübarizə aparılır və aparılacaq, cəza tədbirləri görülür. Söhbət süni bahalaşmadan gedir.

Korrupsiyaya və rüşvətxorluğa qarsı mübarizə gedir, öz bəhrəsini verir. Korrupsiya böyük bəladır, bütün ölkələr üçün, o cümlədən Azərbaycan üçün. Biz həm cəza tədbirlərini tətbiq edirik, inzibati addımlar atılır, həm də institusional tədbirlər görülür. Korrupsiya, rüşvətxorluq üçün meydan daralır, yeni ictimai xidmətlər yaradılır. “ASAN xidmət” iki il ərzində artıq yeddi milyon insana xidmət göstərib. Bu yeddi milyon insan bu iki il ərzində “ASAN xidmət”də korrupsiyanın nə olduğunu görməyib. Ancaq əvvəlki dövrlərdə hansı qapıya gedirdilərsə, onlardan qanuni arayışa, icazəyə və s. görə nə isə tələb olunurdu. İnstitusional tədbirlər çox səmərəlidir. Bununla bərabər, korrupsiyaya qarşı cəza tədbirləri də tətbiq ediləcək, edilir. Burada heç kimin imtiyazı ola bilməz. Heç kim toxunulmaz deyil. Son hadisələr Azərbaycanda bir daha onu göstərdi. Əgər bəzi yüksək vəzifəli şəxslər qanunu pozurlarsa, öz vəzifə borclarını yerinə yetirə bilmirlərsə onlar mütləq cəzalandırılacaq və cəzalandırılır. Xalq da, ictimaiyyət də bunu görür. Hamı bilsin, Azərbaycanda bir nəfər də olsun toxunulmaz adam yoxdur. Hamı qanun qarşısında bərabərdir.

Mən artıq qeyd etdim ki, bu il yerli icra orqanları daha çox iş yerlərinin yaradılması, investisiyanın cəlb edilməsi ilə məşğul olmalıdırlar. Əldə edilmiş nailiyyətlərlə bağlı Prezidentə, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə müntəzəm olaraq məlumat verməlidirlər. Dövlət məmurları xalqla bir yerdə olmalıdır. Mən həmişə demişəm, hər bir dövlət məmuru, o cümlədən də Prezident xalqın xidmətçisidir. Xalq bizə etibar edib və biz də bu etibarı, inamı hər gün doğrultmalıyıq.

Dövlət məmurları və onların ailə üzvləri özlərini təvazökar aparmalıdırlar. Xalqla bir yerdə olmalıdırlar, yekəxanalıq göstərməməlidirlər. Hesab etməməlidirlər ki, onların hansısa xüsusi statusu var. Onların statusu var - insanlara xidmət etmək, insanların problemlərini həll etmək, onlara qayğı göstərmək. İnsanları incitməməlidirlər, əksinə, qayğı, diqqət göstərməlidirlər və kömək etməlidirlər. Dediyim bütün bu amillər onların fəaliyyətinə verilən qiymətdə əsas rol oynayacaq.

Dövlət qurumları. Burada bəzi çıxışlarda səsləndi - indi Azərbaycanda yerli istehsal nə qədər inkişaf edir, o cümlədən mebel istehsalı. Ancaq bizim dövlət idarələrində yerli mebeldən istifadə edirlərmi? Yox. Hər bir kiçik məmur istəyir ki, onun kabinetində xarici mebel olsun. Nə üçün? Bu, nə ədabazlıqdır. Bizdə gözəl mebel istehsal olunur. Təkcə bu, “Embawood” şirkəti deyil. Bizdə bəlkə də mebel istehsal edən onlarla şirkət var. Amma di gəl ki, bizim yüksək və kiçik vəzifəli dövlət məmurlarımız onu bəyənmirlər. Özü də onun keyfiyyəti heç bir başqa mebeldən fərqlənmir. Amma deyir ki, yox, bu, Azərbaycan malıdır, mən bunu özümə rəva bilmirəm. Mənim üçün gərək İtaliya, Rumıniya mebeli olsun. Buna son qoyulmalıdır! Bütün dövlət məmurlarının kabinetlərində bundan sonra yerli mebellər olmalıdır. Bütün təftiş edən orqanlar – Hesablama Palatası, Maliyyə Nazirliyi və digər orqanlar nəzarət etməlidirlər.

Təkcə mebeldən söhbət getmir. Digər mal, materiallar alınanda da nədənsə bizdə xarici mallara üstünlük verilir. Mənə bu yaxınlarda hətta hökumət müşavirəsində ayaqqabı gətirib göstərdilər ki, görün, Azərbaycanda nə gözəl ayaqqabı istehsal olunur. Ancaq bizim bəzi hərbi qurumlar bunu bəyənmir, əsgər üçün xaricdən ayaqqabı alır. Nə üçün? Ona görə, bax, bu sahə çox ciddi nəzarət altında olmalıdır. Beləliklə, biz israfçılığa yol verməyəcəyik, xərclər azalacaq, valyuta xaricə getməyəcək, yerli istehsal güclənəcək. Ona görə mənim göstərişim hamıya aiddir. Bundan sonra belə də olmalıdır. İndi o vəziyyət deyil ki, kimsə özü üçün xüsusi bir avtomobil alsın, özü də dövlət hesabına. Bizim Naxçıvanda avtomobil zavodumuz var, dövlət qurumları oradan alsınlar. Yaxşı da maşınlardır. Heç xarici maşından o qədər də fərqlənmir. Çox gözəl. Daha çox alsınlar. Yəni, hökumət bu sahəyə çox ciddi diqqət verməlidir. Harada ki, pozuntular var dərhal mənə məlumat verilməlidir və ölçülər götürüləcək.

Sahibkarlar ölkə iqtisadiyyatına daha çox vəsait qoysunlar. Mən bilirəm, indi Azərbaycan sahibkarları xaricə də investisiya qoyurlar. Mən özüm də həmişə bunun tərəfdarı olmuşam, istəyirdim ki, bizim firmalar dünya bazarlarına çıxsınlar, onları tanısınlar. İndi söhbət düşmüşkən deyim ki, mən həmişə, hətta xarici səfərlərdə Azərbaycan sahibkarlarını təbliğ edirəm, istəyirəm onlar xaricdə fəaliyyət göstərsinlər. Ancaq indiki şəraitdə sahibkarların əsas vəsaiti Azərbaycana qoyulmalıdır. Sahibkarlar, əlbəttə, məsuliyyətli olmalıdırlar, vergiləri tam ödəməlidirlər. Bunu etmək üçün vergi uçotu düzgün aparılmalıdır. Çünki bəzi hallarda sahibkarın yanına gəlib deyirlər ki, sən filan qədər verməlisən. Yəni, dövlətə verməlisən, mən bunu nəzərdə tuturam. Bəzən yəqin ki, başqa hallar da var. Amma bu da sahibkarları narahat edir. Çünki sahibkar əldə etdiyi gəlirə görə vergi verməlidir. Ona görə burada uçot ən vacib məsələdir. Sahibkarlar şəffaf fəaliyyət göstərməlidirlər və kənd təsərrüfatına, emal sənayesinə, sənaye materiallarının istehsalına vəsait qoymalıdırlar.

Mən dəfələrlə demişəm, elə işləməliyik ki, sanki bizdə neft-qaz resursları yoxdur. Əslində, indi neftin qiyməti belə vəziyyətə gətirib çıxarıb ki, elə bil doğrudan da belədir. Sözün düzü, biz hesablayırdıq ki, postneft dövrü Azərbaycanda 30-cu, 40-cı illərdən sonra başlayacaq. Çünki bizim bütün proqnozlarımız onu göstərir ki, hələ onilliklər bundan sonra Azərbaycanda neftin hasilatı təxminən sabit qalacaqdır. İki-üç ildən sonra reallaşacaq “Cənub” qaz dəhlizinin faydası da, əlbəttə ki, müəyyən dərəcədə 40-cı ildən sonra neftin tənəzzülünün qarşısını alacaq. Çünki biz bazara böyük qazla çıxacağıq.

Ancaq neftin qiyməti dörd dəfə aşağı düşdü və biz artıq bu gün postneft dövründə yaşayırıq. Biz qısa zaman çərçivəsində bu işləri görürük ki, insanlar bunu hiss etməsinlər. Ona görə bundan sonra islahat, şəffaflıq, məsuliyyət, qeyri-neft sektorunun inkişafı, ixracyönümlü məhsulların istehsalı, idxaldan asılılığın azaldılması - bütün bu amillər bizim dayanıqlı inkişafımızı təmin edəcək. Mən əminəm ki, Azərbaycan 2016-cı ildə və bundan sonrakı illərdə də uğurla inkişaf edəcəkdir. Biz müstəqillik yolu ilə, inkişaf yolu ilə gedirik. Bu yolda sizə və bütün Azərbaycan xalqına uğurlar arzulayıram.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.