Azərbaycan Ermənistana qarşı böyük təzminat davasını nə vaxt açacaq? - GƏLİŞMƏ

18-12-2020, 08:48           
Azərbaycan Ermənistana qarşı böyük təzminat davasını nə vaxt açacaq? - GƏLİŞMƏ
44 günlük Vətən müharibəmizin başa çatmasından 37 gün ötür. Keçən bu müddət ərzində möhtəşəm qələbəmiz ətrafında çoxsaylı müzakirələr gedir ki, onlardan biri də işğalçı Ermənistanın Azərbaycana vurduğu zərərlə bağlıdır. Bu ziyanın hesablanması yönündə hansı işlərin getdiyi barədə bir çox suallara, fikirlərə, ehtimallara rast gəlirik. Bu prosesin bir qədər ləng getməsindən narahat olanlar da kifayət qədərdir.

Son olaraq, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma tədbirləri ilə əlaqədar Şuşa şəhərində qiymətləndirmə və inventarlaşdırma işlərinə başlanılması bu məsələni daha çox aktuallaşdırıb. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, “Azərsu” ASC-nin, Avtomobil Yolları Dövlət Agentliyinin, “Azərişıq” ASC-nin, “Azərenerji” ASC-nin, “Bakı Abadlıq Xidməti” MMC-nin nümayəndələri də daxil olmaqla ilkin olaraq 60 nəfərə qədər heyətdən ibarət və 6 əsas istiqamət üzrə fəaliyyət göstərəcək işçi qrupuna müxtəlif sahələri təmsil edən qurumların mütəxəssisləri cəlb edilərək müvafiq tapşırıqlar verilib. Bu məqsədlə Azərbaycanın mədəni paytaxtı və bütün Qafqazın incisi hesab olunan Şuşa şəhərində infrastruktur obyektlərinin, torpaq sahələrinin və digər daşınmaz əmlakın mövcud vəziyyətinin ilkin qiymətləndirilməsi və inventarlaşdırılması istiqamətində işlərin aparılması nəzərdə tutulur.

Bu istiqamətdə ümumi proseslərin necə getdiyi yönündə hələ ki məlumatsızlıq hökm sürür. Hesablama üçün xaricdən mütəxəssislər gətiriləcəyi deyilirdi, amma onların gəlib-gəlmədiyi məlum deyil. Eyni zamanda Ermənistanın süründürülməsi, vurduğu zərərə görə təzminat ödəməyə məhkum edilmək üçün işlərin nə zaman beynəlxalq məhkəmələrə təqdim olunacağı barədə də fikir söyləmək bir qədər çətindir.

Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev Azərbaycan tərəfin beynəlxalq məhkəmələrə müraciətinin ləngiməsini bir sıra səbəblərlə bağlı olduğunu düşünür: “İşğaldan azad olunmuş torpaqlarımıza dəyən ziyanın hesablanması və bu ziyanın ödənilməsi ilə bağlı müvafiq beynəlxalq məhkəmələrə və təşkilatlara müraciət olunması vacib bir işdir. Çox güman ki, yaxın müddətdə bu proses hərəkətə başlayacaq. Amma düşünürəm ki, öncə Azərbaycan həmin ərazilərdəki daşınan və daşınmaz əmlakların işğal olunana qədər və indiki halının müqayisələndirilməsini və inventarlaşdırılmasını tezləşdirməlidir. Burada sənəd və faktlar kifayət qədər ciddi və həqiqəti tam əks etdirən vəziyyətdə olmalıdır. Bu işi isə birinci etapda Azərbaycan özü etməlidir. Bildiyim qədər bir çox strukturlara, o cümlədən Fövqəladə Hallar Nazirliyinə bu iş artıq tapşırılıb və işlər başlayıb. Sonrakı etapda beynəlxalq ekspertlər eyni vəziyyəti araşdırmalıdır. Hazırlanacaq sənədlər, qiymətləndirmələr isə onların əlində ilkin istinad sənədi kimi qəbul olunacaq. Bütün bunlardan sonra yekun qiymətləndirmə rəylərlə birlikdə beynəlxalq məhkəməyə təqdim olunmalıdır. Məhkəmənin özü də bu sənədlərlə bağlı dəqiqləşdirmə prosesini həyata keçirə bilər. Yəni Azərbaycanın beynəlxalq məhkəməyə müraciətinin bir qədər ləngiməsi məhz bu işlərin görülməsi ilə bağlı ola bilər. Amma istənilən halda inanıram ki, kifayət qədər tutarlı faktlar və sənədlərlə birlikdə Azərbaycan dəymiş ziyana görə təzminat davasına tezliklə başlayacaq və bu davanı udmaq üçün olacaq bütün maneələrə rəğmən əlindən gələni edəcək”.

Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə: “Bu istiqamətdə proseslər gedir və müvafiq qruplar yaradılıb. Beynəlxalq təşkilatları bu prosesə dəvət etməklə gələcəkdə onların beynəlxalq məhkəmələrdə şahid qismində iştiraklarını təmin edə bilərik və onların təqdim etdikləri sənədlərlə cinayətləri isbat etmələri də mümkün ola bilər. Proses başlayıb və bu proses uzun müddət davam edəcək. Gözləmirəm ki, yaxın müddətdə, yəni bir neçə aya bu proses yekunlaşa bilsin. Çünki vurulan ziyan o qədər böyükdür ki, yaxın müddətdə hansısa bir nəticələrin açıqlanmasını gözləmirəm”.

Bu mövzu ilə bağlı deputat Vüqar Bayramov açıqlamalarla çıxış edib və yaxın tarixdə dövlətlərarası müharibələrin sonunda təzminat ödənilməsi hallarının olduğunu qeyd edib: “Birləşmiş Millətlər Təşkilatı (Qərar 687) 1990-cı ildə Küveytin işğalı üçün İraqı 52,4 milyard dollar təzminat ödəməyə məcbur etdi. Əlavə olaraq, çox kasıb ölkələrdə beynəlxalq məhkəmələr tərəfindən verilən qərarlara uyğun olaraq kompensasiya öhdəliklərinə qismən və ya tamamilə əməl edirlər. Ermənistanın isə kasıb ölkə olması onu işğal nəticəsində Azərbaycana vurduğu zərərin ödənilməsi məsuliyyətindən azad etmir”.

Bu istiqamətdə yaranan suallara cavab tapmaq, rəsmi mövqe almaq üçün aidiyyəti qurumlardan sayılan Xarici İşlər Nazirliyi ilə əlaqə saxlamağa çalışdıq. Azərbaycan XİN-dən zənglərimizə cavab verən tapılmadı...
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.