Bir daha FHN-non modul tipli hospitalı haqqında - Qubad İbadoğlu yazır....
18-12-2020, 20:42

FHN Tibb Mərkəzinin Zığda yerləşən modul tipli hospitalı 2277 çarpayılıqdır. Bu hospital Azərbaycanda koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan ən böyük xəstəxanalardan biridir. Orda baş verən heç bir hadisəni gizlətmək mümkün deyil. Hətta mən ABŞ-da yaşayan dostlardan onların qohumlarının təcili yardım həkimlərinin vasitəçiliyi 500 manat pulun müqabilində Zığda hospitala yerləşdirildiyini eşitmişəm. Bu başqa xəstəxanaların müəyyən pul müqabilində xəstə qəbul etmədiyini demək deyil. Eyni zamanda bunu edənlər təcili yardım stansiyalarının vasitəçi həkimləridir.
Teref.az xəbər verir ki, bunu iqtisadçı ekspert Qubad İbadoğlu deyir. daha sonra Qubad İbadoğlu deyir:
Eyni zamanda deyirlər ki, FHN hospitalında ölüm əmsalı daha yuxarıdır. Ola bilər ki, orda çarpayı sayı və ağır xəstələr çoxdur, ona görə də belə təsəvvür yaranır. Odur ki, TƏBİB buna da aydınlıq gətirilməlidir.
Bu deyilənlərlə FHN hospitalında çalışan vicdanlı həkimlər və tibb işçilərinin əməyini azaltmaq istəməzdir. Onların etdiklərini yüksək qiymətləndirirəm.
Danışırlar ki, dərman təchizatında problemlər vardır, dərmanlar dəllallar vasitəsilə dəfələrlə baha qiymətə satılır. Mətbuatda yazırlar ki, COVİD-19 testləri monopoliyadadır. Bunlar ümumi problemlərdir.
Bu deyilənləri heç də bütün xəstəxanalara şamil etmək olmaz. Aralarında vicdanla xalqına və xəstələrinə xidmət edən xəstəxanalarımız (Yeni Klinika, Gömrük Hospitalı, Atletlər evi və başqaları), həkimlərimiz, tibb bacılarımız da kifayət qədərdir. Amma birində olan neqativ hallar digərlərinin də üzərinə kölgə salır.
Bütün bunlara görə də sosial şəbəkələrdə xəstəxanalara getmək risklidir deyə təbliğat aparılır. Mən bunun qəti əleyhinəyəm. Hesab edirəm ki, problemin həlli xəstəxanalarda getməkdən kütləvi imtinada deyil, hospitallardakı vəziyyəti düzəltməkdədir. Səhiyyə sahəsində dövlət sifarişlərini gizlədib, ölkəyə gətirilən tibb avadanlıqlarının, dərman preparatlarının və ləvazimatlarının satışından milyonlarla dollar qazananları ifşa etməklə biz baş verən neqativ halların qarşını ala bilərik. Bu neqativ hallar sonda insanların həyatını itirməsinə gətirib çıxarır. Bu yolverilməzdir. Odur ki, bir daha TƏBİB-i, FHN, SN-i (əgər varsa), NK yanında Operativ Qərargahı və Baş Prokurorluğu birgə bəyanat verməyə çağırıram. Ola bilər ki, qəza olub, ölən və yaralanan yoxdur, bəlkə də qəza olmayıb, amma nəysə baş veribsə, mütləq əhali məlumatlandırılmalıdır. Eyni zamanda bununla bağlı əlaqədar orqanlar birgə məlumat yaymalıdır. Təəssüf ki, FHN əhali arasında ictimai etimadı aşağıdır. İctimai məlumatlandırma hər bir normal hökümətin xalq qarşısında birinci məsuliyyətidir. Müharibə bitdi, cənablar, mülki həyatda baş verənlərə dair dəqiq-dürüst məlumat verin!
P.S. Operativ qərargahın verdiyi məlumata görə, Azərbaycanda indiyə qədər 195 min 422 nəfərin yeni koronavirus infeksiyasına yoluxub, onlardan 2133-ü ölüb. Bugün 45 nəfər dünyasını dəyişib, əgər ölənlərin sayı bu templə davam edərsə 15 gündən sonra COVİD-19-dan ölənlərin rəsmi sayı müharibədə verdiyimiz şəhidlərin sayını ötəcək. Gəlin, itkilərimizi və xəstəliyin fəsadlarını əsas götürüb, virus problemini daha ciddiyyətə alaq və höküməti məsuliyyətli edək. Tələb edək ki, yaranmış narahatlığı aradan qaldırmaq üçün müntəzəm və operativ açıqlamalar versinlər.
Qubad İbadoğlu
Teref.az