İsa Həbibbəyli AMEA-dakı son dəyişikliklərdən DANIŞDI

11-01-2021, 09:48           
İsa Həbibbəyli AMEA-dakı son dəyişikliklərdən DANIŞDI
Akademik İsa Həbibbəyli AMEA-nın yanvarın 8-də keçirilən iclasında qəbul edilən qərarla birinci vitse-prezident vəzifəsindən azad edilməsinə münasibət bildirib.

İ.Həbibbəyli “Report”a açıqlamasında dünya akdemiyalarının böyük əksəriyyətində birinci vitse-prezident vəzifəsi üçün bir ştat müəyyən olunduğunu bildirib.

Onun sözlərinə görə, AMEA-da da birinci vitse-prezidentin bir nəfər müəyyən edilməsi dünya akdemiyalarında olan prosesə tamamilə uyğundur:

“Birinci vitse-prezident akdemiyanın prezidentindən sonra ikinci adamdır. Əsasən təşkilati, inzibati işləri həyata keçirir, akademiyanın prezidentinin tapşırıqlarını yerinə yetirir və onun fəaliyyətini digər vitse-prezidentlərlə əlaqələndirir. Bu baxımdan bir nəfərdən ibarət birinci vitse-prezident institutunun müəyyən olunması akademiyanın prezidentləri ilə vitse-prezident insitutlarının fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi baxımından fayda verəcək".

"Hesab edirəm ki, AMEA-nın birinci vitse-prezidenti vəzifəsinə akademik Dilqəm Tağıyevin təyin edilməsi düzgün qərardır və uyğun kadrdır. Onun həm geniş ali məktəb təcrübəsi var, həm vitse-prezident kimi çalışıb. Öz sahəsində də tanınmış alimdir. Ona görə tamamilə uyğundur. Digər tərəfdən də akademiyanın rəhbərinin ictimai elmləri, birinci vitse-prezidentin isə təbiət elmlərini təmsil etməsi, məncə, çoxşaxəli elmi fəaliyyət sahəsi olan akademiyanın idarə olunmasında əhəmiyyətli olacaq", - o əlavə edib.

Qeyd edək ki, qəbul edilən qərara uyğun olaraq akademiyada yalnız bir birinci vitse-prezident vəzifəsi təsis olunub. Akademiklər İsa Həbibbəyli və İbrahim Quliyev AMEA-nın birinci vitse-prezidenti vəzifəsindən azad edilib. Onlar AMEA-nın vitse-prezidenti vəzifəsinə seçiliblər.

AMEA-nın birinci vitse-prezidenti vəzifəsinə isə akademik Dilqəm Tağıyev seçilib.

D.Tağıyev daha əvvəl AMEA-nın vitse prezidenti vəzifəsini icra edib.

Beləliklə, AMEA-da yalnız bir birinci vitse-prezidenti vəzifəsi yaradılıb və vitse-prezidentlərin sayı artırılıb.

Hazırda AMEA-nın vitse-prezidentləri akademik İsa Həbibbəyli, akademik İbrahim Quliyev, akademik Nərgiz Paşayeva, akademik Tofiq Nağıyev, akademik İradə Hüseynova və akademik Rasim Əliquliyevdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru