İsrail Qarabağın yenidən qurulmasında iştirak edə bilər

20-01-2021, 05:06           
İsrail Qarabağın yenidən qurulmasında iştirak edə bilər
Müəllif: Reyçl Abraham

Bu məqalə çapa hazırlanarkən Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağda dayanıqlı sülhün bərqərar edilməsi məqsədilə Azərbaycanın dövlət başçısı İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşürdü. Prosesə 44 günlük müharibəyə son qoymuş atəşkəs müqaviləsinin imzalanması ilə başlanıb.

Azərbaycan parlamentinin deputatı, ölkənin ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin rəhbəri və ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev hesab edir ki, atəşkəsdən sonra zərurətə çevrilmiş Qarabağın yenidən qurulması prosesinə İsrail də töhfə verə, orada aparılacaq işlərdə İsrail də fəal iştirak edə bilər.

“Birincisi, biz Azərbaycanla İsrail arasındakı dostluq və əməkdaşlıq səviyyəsindən çox razıyıq. İki ölkə arasında enerji, kənd təsərrüfatı, texnologiya və hərbi sənaye sahələrində əməkdaşlıq son illər daha da genişlənib. Bu isə təsadüf deyil”, - deyə deputat qeyd edib: “Azərbaycan yəhudilərin rahat, sülh və təhlükəsiz şəraitdə, ayrı-seçkiliyə məruz qalmadan yaşadığı azsaylı ölkələrdəndir. Bəlkə də Azərbaycan bu mənada dünyada ilk yerdədir. Bilirəm ki, İsraildə yaşayan yəhudilər də azərbaycanlılara dərin hörmətlə yanaşır, bizim müsbət addımlarımızı, əməllərimizi yüksək qiymətləndirirlər. Odur ki, bu dostluq əlaqələri, bu əməkdaşlıq davam etməlidir”.

Azay Quliyev Dağlıq Qarabağ probleminin həllində Avropa ilə ABŞ-ın iştirakı ilə bağlı o qədər də nikbin fikirdə deyil: “Hesab edirəm ki, Avropa ölkələri və ABŞ ilk növbədə işğalı, təcavüzü, etnik təmizləməni dəstəkləyən dövlətlə bağlı qəti mövqedən çıxış etməli, hər fürsətdə bunun qəbuledilməz olduğunu bəyan etməlidirlər. Onlar Ermənistanı revanşist addımlardan, həmçinin azərbaycanlılara qarşı nifrət ritorikasından imtinaya, Azərbaycanın daxili işlərinə qarışmamağa çağırçalıdırlar. Fikrimcə, belə çağırışlar keçmiş işğalçıya ciddi mesaj olardı”.

Azərbaycanlı deputat hesab edir ki, ABŞ və Avropa keçmiş səhvlərinə baxmayaraq, yeni reallığı qəbul edə, Ermənistanla Azərbaycan arasında sülhün təşviqində hələ də müsbət rol oynaya bilər: “Yerevan isə bir məsələni anlamalıdır: onun gələcək inkişafının yeganə zəmanəti Azərbaycana qarşı əsassız ərazi iddiaları ilə deyil, birbaşa regional əməkdaşlıqla bağlıdır”.

Rusiyaya gəlincə, deputat Quliyev vurğulayıb ki, Moskva ilk dövrdən etibarən sülh razılaşmasının həyata keçirilməsinə cəlb olunub və Bakı ondan sazişin bütün bəndlərinin reallaşdırılmasını gözləyir: “Söhbət xüsusilə regiondan qeyri-qanuni silahlı birləşmələrin çıxarılmasından gedir. Bu qeyri-qanuni silahlı birləşmələr Azərbaycan üçün terror təhdidi yaradır. Odur ki, onlar sazişə uyğun olaraq, Azərbaycan ərazilərini tərk etməlidir. Təəssüf ki, hələ bunu görmürük. Əksinə, terrorçu qruplar rusiyalı sülhməramlıların fəaliyyətsizliyindən ilhamlanaraq, özlərində azərbaycanlı əsgərlərə hücum etmək cəsarəti tapırlar. Doğrudur, bu terrorçulara adekvat cavab verilir və onlar dərhal neytrallaşdırılırlar. Amma bu, məhz sülhməramlıların işidir. Biz rusiyalı sülhməramlıların regiona yerləşdirilməsinə qan tökülmənin qarşısının alınması, erməni yaraqlılarının Azərbaycan ərazilərini könüllü tərk etməsi üçün razılıq vermişik. Odur ki, sülhməramlılar öz öhdəliklərini düzgün yerinə yetirməlidir. Əlbəttə ki, bu vəziyyət bizi razı salmır. Hadisələrin belə cərəyan etməsi cəmiyyətimizin də narazılığına səbəb olur”.

A.Quliyev vurğulayıb ki, ərazi bütövlüyünü bərpa etdikdən sonra Azərbaycan üçün ən vacib məsələlərdən biri Qarabağda dağıdılmış infrastrukturun yenidən qurulmasıdır: “Bununla yanaşı, Dağlıq Qarabağda ermənilərlə azərbaycanlıların sülh şəraitində birgə yaşamasının təmini üçün də müvafiq addımlar atılmalıdır. Əgər hərbi əməliyyatlar davam edəcəksə, regionun iqtisadi nöqteyi-nəzərdən bərpasından danışmaq mümkün olmayacaq”.

Azərbaycanlı deputat Ermənistanın son 30 ildə Azərbaycan xalqına qarşı çox cinayət törətdiyini xatırladıb: “Onlar Xocalıda dinc azərbaycanlı mülki əhaliyə qarşı soyqırım törədib, işğal altındakı şəhər və kəndlərimizi dağıdıb, Azərbaycanın tarixi abidələrini ya məhv edib, ya da dəyişdirib, həmçinin Dağlıq Qarabağ regionunda və ona bitişik rayonlarda ekoloji terror həyata keçiriblər. Əlbəttə, bütün bunları unutmaq və günahkarları bağışlamaq asan deyil. Amma övladlarımızın, nəvələrimiz bizim yaşadıqlarımızı yaşamaması, daha yaxşı həyat keçirmələri üçün gələcəyə baxmalıyıq”.

Deputat Quliyev bu kontekstdə Azərbaycan prezidenti İlham Əliyevin fikirlərini yada salıb: “Dağlıq Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımız Azərbaycan Konstitusiyasında nəzərdə tutulmuş imkanlardan, hüquq və azadlıqlardan yararlana bilərlər”.

“Bu, o deməkdir ki, Azərbaycan dövləti regionda yaşamaq istəyən ermənilərin təhlükəsizliyinə, iqtisadi və sosial rifahına tam zəmanət verir. Bu, sülh şəraitində birgəyaşayış üçün xüsusi əhəmiyyət kəsb edən vacib siyasi iradənin olduğunu göstərir. Bir sözlə, Azərbaycan Konstitusiyasına hörmət etməyə, tabe olmağa hazır hər bir erməni bizimlə birgə yaşaya bilər. Əminəm ki, bu halda regioda dayanıqlı sülhü təmin etmək mümkün olacaq”, - deyə A.Quliyev vurğulayıb: “Avropada uzun müddət davam etmiş müharibələr, hərbi əməliyyatlar yalnız bir faktın dərk olunması ilə başa çatıb: sülh, birgəyaşayış və qonşulara hörmət qaçılmazdır. Avropa bu təcrübəsini Ermənistanla bölüşməli,onu qonşuları ilə normal münasibətlər qurmağa ilhamlandırmalıdır. Odur ki, Avropa ölkələri passiv olmamalıdır. Əvəzində, Fransa parlamenti birtərəfli və təxribat xarakterli bəyanatla çıxış edir. Belə hallar Cənub Qafqazdakı bu iki xalqın sülh şəraitində birgə yaşamasına mane olur”.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: JewishPress.com
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.