Ziya Məmmədova cinayət işi açıla bilər - 200 min adama qarşı dələduzluq

6-02-2016, 20:25           
Ziya Məmmədova cinayət işi açıla bilər - 200 min adama qarşı dələduzluq
Nəqliyyat Nazirliyi məhkəməyə verilə bilər. AzNews.az xəbər verir ki, buna səbəb bir müddət əvvəl əhaliyə satılan “Nəqliyyat kart”ıyla bağlı problemlərin yaranmasıdır. Belə ki, 2 il əvvəl Nəqliyyat Nazirliyi avtobuslarda Plastik kartla ödəniş edilməsi üçün yeni avadanlıqlar quraşdırmış, avadanlıqlarla ödəniş etmək üçün isə satışa “Nəqliyyat kart” adlı plastik kartlar çıxarmışdı. İlk olaraq 10 və 95 nömrəli marşrutlarda quraşdırılan bu aparatların tətbiqi plan üzrə 38 marşrut xəttində nəzərdə tutulurdu. Lakin bu, nəinki əlavə marşrutlara tətbiq olundu, əksinə bir müddət sonra adı çəkilən xətlərdə də kartla ödəniş mümkün olmadı. Hazırda vətəndaşların 2 manat verib aldıqları kart istifadəsiz qalıb. Məlumat üçün bildirək ki, 3 manata (2 manat kartın qiyməti, 1 manatsa gediş haqqı bonusu) təklif olunan bu kartlar qısa vaxtda təxminən 200 mindən artıq satılmışdı. Həmin vaxt qeyd olunmuşdu ki, alıcı istədiyi zaman kartın satış nöqtələrinə yaxınlaşa və 2 manat məbləği geri ala bilər. Amma hazırda kartın satışını həyata keçirmiş "Bank of Azərbaycan" bağlanıb, köşklərdə isə kartlar geri götürülmür. Məsələ ilə bağlı aidiyyəti qurumların heç biri suallara cavab vermir. Nəqliyyat Nazirliyinin Mətbuat xidməti bu məsələdə də susmağı, gizlənməyi üstün tutur. Belə olduqda vətəndaşlar hansı addımları atmalıdır? Mütəxəssislər hesab edir ki, indiki vəziyyətdə vətəndaşların Nəqliyyat Nazirliyi məhkəməyə verməkdən başqa yolu qalmayıb. Hüquqşünas Müzəffər Baxışov AzNews.az-a açıqlamasında bildirib ki, bu, vətəndaşların etibarından sui-istifadədir və vətəndaşlar məsələ ilə bağlı məhkəməyə müraciət edə bilər. Vəkilin sözlərinə görə, bu məsələ ilə bağlı cinayət işi də açılmalıdır: “Kart satılıb və heç bir nəticəsi olmayıbsa, hazırda o kartlardan istifadə olunmursa, bu, vətəndaşların mənafeyinə zərbə hesab olunur. Həm də dələduzluq yolu ilə onların pulları mənimsənilib. Bu səbəbdən kartların satışı ilə bağlı qərarı kim qəbul edibsə, ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və əmlak hüquqlarını əldə etmə” maddəsi ilə cinayət işi açıla bilər. Vurulan ziyan 7000 manatdan yuxarıdırsa sözügedən maddə ilə həmin şəxs 7 ildən 12 ilədək azadlıq məhrum edilə bilər. Həm də həmin şəxs barəsində CM-nin 308.1-ci maddəsi ilə ittiham verilməlidir. Çünki həmin vəzifəli şəxs vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş sayılır. Bu maddə ilə vəzifəli şəxs 1000 manatdan 2000 manatadək cərimə və ya 3 ilədək vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilmə və ya 2 ilədək islah işləri və ya 3 ilədək azadlıqdan məhrum etmə cəzasına məhkum edilə bilər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.