Azərbaycanlılarla ermənilər əsrlər boyu birgə yaşayıblar...
4-02-2021, 07:51

Komsomolskaya pravda, Rusiya
03.02.2021
Müəllif: Fuad Axundov (Azərbaycan Prezidentinin Administrasiyasının sektor müdiri)
Aleksey Ovçinnikovun Qarabağdan hazırladığı reportajın qəhrəmanlarından birinin dediklərində Ermənistandakı revanşistlər partiyasının düşmən təbliğatının fəsadları özünü göstərməkdədir. Belə təbliğatın məqsədi Qarabağ ermənilərini, həmçinin dünya birliyini iki xalqın bir yerdə yaşaya bilməyəcəyinə inandırmaqdır.
Reportajın bir hissəsinə nəzər salaq: “…Görürsən? - deyən taksi sürücüsü Azərbaycan əsgərlərinin erməni dilində yazılmış yol nişanını aşırıb tapdadıqlarını əks etdirən yeni videonu acıqlı şəkildə mənə göstərir. Başqa bir video da var. Orada əsgərlər məzar daşlarını sındırır. Bütün bunlar ermənilərdə heç də qonşularla barışmaq həvəsi yaratmır. Onların onsuz da qara olan qanını bir az da qaraldan şayiələr isə düşmənçiliyi bir az da artırır”.
Lakin 10 noyabrda üçtərəfli bəyanata imza atmış Azərbaycan ölkələrimiz qarşısında sülhə və münaqişəsiz, normal həyata yol açan bu sənədə əməl etmək əzmindədir. Doğrudur, bu, heç də asan məsələ deyil və prosesin gedişində nifrət, düşmənçilik təbliğatının qarşısının alınması çox vacibdir.
Bununla yanaşı, məsələnin tarixcəsini və sətiraltı mənasını da nəzərə almaq vacibdir. Bu baxımdan, adı çəkilməyən taksi sürücüsü ilə birlikdə hiddətlənən müəllif bir məqamı dəqiqləşdirməli idi: Azərbaycan hələ bir ay əvvəl həmin hadisədə günahkar olan hərbçiərin cəzalandırılacağını bəyan edib.
Təəssüf ki, belə hadisələr mümkündür və biz hətta müharibələrin çoxdan başa çatdığı Avropada belə, bu cür faktlara şahid oluruq. Vacib olan buna dövlətin və cəmiyyətin verdiyi reaksiyadır ki, bununla da bağlı Azərbaycanda hər şey qaydasındadır.
O ki qaldı “azərbaycanlı əsgərlərin erməni dilində yazılmış yol nişanını aşıraraq tapdaması”na, bir şeyi başa düşmək lazımdır: bu, erməni dilinə və xalqına olan nifrətdən irəli gəlmir. Bu hadisə otuz ilə yaxın erməni işğalı altında qalmış, dinc azərbaycanlı əhalisinin zorla qovulduğu və bu gün Azərbaycan Ordusunun döyüşərək, qanı bahasına qaytardığı torpaqlarda baş verib. Azərbaycan vətəndaşları, xüsusən də döyüşdə həyatını riskə ataraq, dostlarını itirərək torpaqlarını azad etmiş əsgərlər üçün erməni dilində yazılmış hər hansı lövhə işğalçılardan qalma əlamətdir. Hər şeyi öz adı ilə çağırmaq lazımdır. Axı həmin işğalçılar reportajda da qeyd olunduğu kimi, 30 il əvvəl buradan qovulmuş azərbaycanlıların kəndlərinin tarixi adlarının əks olunduğu lövhələri yıxıb. Axı həmin yaşayış məntəqəsi üçün hansısa yeni erməni adı yazılmış lövhələr həmin yıxılmış lövhələrin yerində quraşdırılıb. Aydındır ki, kim olursa olsun – azərbaycanlı, erməni, rus, fransız, vyetnamlı və ya elə Ovçinnikovun reportajındakı həmin taksi sürücüsünün özu – bu cür “yenilikçi” lövhələri əzizləyib tozunu silmir...
Ermənistanın işğal etdiyi Ağdamda hər şey, o cümlədən teatr, nadir Çörək Muzeyi, evlər, məktəblər, xəstəxanalar məhv edilib. Orada yalnız məscid salamat qalıb ki, onun da minarələri artilleriyaçılar və təyyarəçilər üçün istinad rolunu oynayıb. Üstəlik, məsciddə ermənilər inək və donuz saxlayıblar.
Şuşada isə İkinci Yekaterinanın elçisi ilə danışıqlar aparmış böyük şair, Qarabağ xanının vəziri olmuş Vaqifin məqbərəsi məhv edilib. Lakin bütün bunlara baxmayaraq, Azərbaycanda xalqlarımız arasında sülhün alternativinin olmadığına əmindirlər. İstər azərbaycanlılarla ermənilər, istərsə də “üçüncü ölkə” təmsilçiləri nifrət və dözümsüzlük təbliğatı aparanların öz xalqları qarşısında hansı cinayətləri törətdiyini çoxdan anlamalı idik.
Bu arada, coğrafi məsələlərə də aydınlıq gətirmək lazımdır. 1992-ci ilədək nəşr olunmuş xətirələrdə (nə Rusiya, nə də Sovet İttifaqı) “Şuşi” adlı şəhərə rast gələ bilməzsiniz. Bu şəhərin adı Şuşadır və başqa adı yoxdur. “Şuşi” adı şəhərin işğalından sonra süni uydurulub. Necə ki Füzulini “Varanda”, Laçını “Berdzor”, Zabux kəndin isə “Aqavno” adlandırıblar. Siyahını uzatmaq da olar.
Müharibənin xoşəgəlməz fəsadlarından biri barədə bəhs edən daha bir məqama da aydınlıq gəirmək lazımdır… Ermənistanın Sünik vilayəti! Bu ölkənin baş naziri Nikol Paşinyan “Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən bir millimetr belə, çəkilmədiklərini” dediyi halda bildirilir ki, “azərbaycanlılar bir neçə kənddə peydə olaraq, GPS məlumatlarına istinadən buranın öz əraziləri elan edirlər”. Bəli, bu gün həmin bölgədə sərhədlər dəqiqləşdirilir və bu, köhnə Sovet xəritələri və GPS məlumatları əsasında həyata keçirilir. Üstəlik, bu prosesin də moderatorları Rusiya təmsilçiləridir. Burada ermənilər üçün xoşagəlməz özəlliklər ola bilər, amma bu, başqa məsələdir.
Hələ 1992-1993-cü illərdə həmin Sünik vilayəti ilə həmsərhəd Azərbaycan rayonları Ermənistan tərəfindən işğal edilib. O zaman sərhəd de-fakto yüz kilometrdən artıq Azərbaycanın dərinliyinə çəkilib. Axı Ovçinnikovun həmsöhbəti də etiraf edir ki, onlar bu ərazidən qovulmuş azərbaycanlıların evlərinə yığışıblarmış. Başqa sözlə, onlar başqasının torpağında ev tikib, yol çəkib, bostan əkib və bu zaman buraların kimə məxsus olduğunu düşünməyiblər. İndi isə bu torpaqlar hərbi-siyasi yolla azad edilib və sərhədləri müəyyən etməyin vaxtı çatıb. Bəli bu, çətin və ağrılı məsələdir. Lakin ölkələrimizin beynəlxalq səviyyədə tanınan sərhədlərinin bərpasından başqa yol yoxdur. Sərhədin hər iki tərəfindəki insanlar anlamalıdırlar ki, sülhməramlıların burada mövcudluğu müvəqqətidir. Biz yanaşı yaşamağa, bir-birimizi düşmən görməməyə öyrəşməliyik. Ən əsası isə təxribatçı ritorikadan imtina olunmalıdır.
Azərbaycanlılarla ermənilər nəinki Ermənistan və Azərbaycanda, həmçinin qonşu Gürcüstan, Rusiya, İran, Türkiyə və digər ölkələrdə əsrlər boyu birgə yaşayıb və bundan sonra da yaşamağa davam edəcək. Onların uyğunsuzluğu barədə danışanlar indiyədək bağlanmış və bu gün də bağlanan milyonlarla qarışıq nikahları görmək istəmir.
(Rus dilindən tərcümə - WorldMedia.Az)
Mənbə: Komsomolskaya pravda