Azərbaycanlı milyonçu Aleksandr Dilbazi dövlət başçımıza MÜRACİƏT ETDİ - MƏTN
26-02-2021, 18:34

Azərbaycanın ilk milyonçularından, eyni zamanda bu ölkənin ilk iş adamlarından biri olan Dilbazi Aleksandr Raşidoviç müxtəlif ölkələrdə yaşayan Azərbaycan əsilli 150 sahibkarın adından Azərbaycan Prezidenti İlham Əliyevə rəsmi müraciət ünvanlayıb. Xarici ölkələrdə aktiv sahibkarlıq fəaliyyəti göstərən bu şəxslər Azərbaycanın azad olunan Qarabağ torpaqlarında texnoloji klasterin inkişafı və azad iqtisadi zonanın yaradılması üçün "MIZAN" ortaq fondu vasitəsilə 1 milyard ABŞ dolları həcmində investisiya yatırım etmək arzusundadırlar.
Qeyd edək ki, Azərbaycanda doğulan Dilbazi Aleksandr Raşidoviç 1991-1995-ci illərdə özəl bank, sığorta, inşaat, ticarət və logistika şirkətlərini əhatə edən "MIZAN" şirkətinə başçılıq edib.
Azərbaycanın ən gənc və ən uğurlu sahibkarlarından biri olan A. Dilbazi savad və çalışqanlığı sayəsində qısa müddətdə böyük uğurlar əldə edib, müxtəlif dövrlərdə yüksək vəzifələrdə çalışıb, Azərbaycanda bir sıra qanun layihələrinin müəllifi olub.
2001-ci ildə Dilbazinin başçılıq etdiyi "PROMTEK GROUP" şirkəti Rusiyanın enerji resurslarının təchizatı ilə məşğul olan 100 ən böyük şirkətlərin sırasına daxil olub.
Xeyriyyəçi, rəssam, bir sıra rəsm sərgilərinin və incəsənət, iqtisadiyyat, beynəlxalq əlaqələr sahəsində məqalələrin müəllifi olan Raşidoviç hazırda Moskvada yaşayır və Rusiya Federasiyasının vətəndaşıdır. Fəal ictimai xadim kimi tanınan Dilbazi, həmçinin, müxtəlif forumlarda iştirak edir. O, Yaxın Şərq, Türkiyə, İran kimi ölkələrdə aktiv biznes əlaqələrinə malikdir.
Teref.az BiG.AZ-a istinadən onun Azərbaycan Prezidenti İlham Əliyevə müraciətinin tam mətnini oxuculara təqdim edir:
Azərbaycanlı milyonçu Aleksandr Dilbazi dövlət başçımıza MÜRACİƏT ETDİ"24 fevral 2021-ci il
Hörmətli Azərbaycan Prezidenti, cənab İlham Heydər oğlu Əliyev, Azərbaycan Milli Məclisinin hörmətli deputatları, hörmətli Azərbaycan vətəndaşları!
Mən, Azərbaycanın Qazax şəhərində doğulan Aleksandr Dilbazi, Azərbaycanın azad olunan Qarabağ torpaqlarında texnoloji klasterin inkişafı və azad iqtisadi zonanın yaradılması üçün "MIZAN" ortaq fondu vasitəsilə 1 milyard ABŞ dolları həcmində investisiya yatırım etmək istəyən, dünyanın müxtəlif ölkələrində yaşayıb aktiv sahibkarlıq fəaliyyəti göstərən 150 sahibkarın adından sizə müraciət edirəm.
Biz, dünyanın müxtəlif ölkələrində bizneslə məşğul olan keçmiş Azərbaycan vətəndaşları, işğal altında olan Azərbaycan ərazilərinin azad edilməsi xəbərini qürur və sevinclə qarşıladıq. Başqa ölkələrin vətəndaşları olaraq, hərbi münaqişələrdə iştirak etmək hüququmuz yoxdur, bu səbəbdən də biz baş verən hadisələri yalnız kənardan müşahidə etmək məcburiyyətində qaldıq. Lakin sülhün bərqərar olunmasından, Azərbaycan Prezidentinin və Azərbaycan xalqının qətiyyətli qələbəsindən sonra artıq tarixi Vətənimizdə baş verən hadisələrdən kənarda qala bilmərik.
Cənab Prezident, Azərbaycan ərazilərini azad edərkən etdiyinizə bənzər işi görməyi Azərbaycan tarixində yalnız bir nəfər bacarıb. Bu, 1993-cü ildə dövlətin faktiki olaraq dağılmasına az qalmış Azərbaycan xalqını birləşdirməyi bacaran atanız Heydər Əliyev olub. Müsahibəniz zamanı azərbaycanlıların ümummilli lideri olan atanızın vəsiyyətini yerinə yetirdiyinizi bildirmisiniz.
Bu gün dünyada sahib olduğunuz nüfuz bizə Azərbaycana milyardlarla dollarlıq investisiya cəlb etməyə əsas verir, lakin ilk addımı nümunə olaraq Azərbaycandan olan mühacirlər etməlidirlər.
Sizin razılığınız olsa, Milli Məclisin açıq iclasında layihəmi deputatlara və Azərbaycan vətəndaşlarına təqdim etməyə hazıram. Ölkə Prezidentinin, deputatların və Azərbaycan vətəndaşlarının təsdiqini aldıqdan sonra bu fondun həmtəsisçiləri olmaq istəyən 150 azərbaycanlı sahibkarın siyahısını təqdim edəcəyəm. Bu fond xeyriyyə fondu deyil, kommersiya fondu olacaq. Dünyanın müxtəlif ölkələrindən olan azərbaycanlı sahibkarların əldə etdikləri bu investisiyalar zəhmətlə, alın təriylə qazanılıb və yatırılan hər dollar həm Azərbaycan dövləti və vətəndaşları, həm də investorlar üçün faydalı olmalıdır.
Ümid edirəm, təklifimiz Sizi, cənab Prezident, Milli Məclisi və Azərbaycan vətəndaşlarını maraqlandıracaq.
Hörmətlə,
Aleksandr Dilbazi"