Güvən mənə, inanım sənə, dövlətim...

27-02-2021, 18:39           
Güvən mənə, inanım sənə, dövlətim...
15 ilin söhbəti olar. Bir səhər Bakıda yol polisi məni saxladı. Üzündən zəhrimar yağan çavuş kobud şəkildə sənəd istədi. Dedim sənədimi verərəm, amma, sən allah, əvvəl üzündə bir az təbəssüm olsun, səhər-səhər gül, qanımı qaraltma. Məni anlamadı. Daha sərt şəkildə üstümə çəmkirdi. Dedim: “Mən sənin simanda Azərbaycan dövlətini görürəm, çiynindəki poqonun sənin dövlət adamı statusundur, niyə dövlətim məni görəndə mütləq qorxunc görkəm almalıdır? Dövlətin qorxu üzündən savayı bir sevgi sifəti də olmalıdır axı! Nə olar polis – Azərbaycan dövləti öz vətəndaşını gülərüzlə, məhəbbətlə danışdırsa? Mən dövlətimi mənə hörmət edən halıyla görmək istəyirəm!”
Və sair bu sayaq sözlər…
Uzun bir monoloqdan, çək-çevirdən sonra istəyimə nail oldum. Çavuşun üzündən zəhər çəkildi. Gülümsədi. Güləndə sənədlərimi verib hansı qaydanı pozduğumu soruşdum. Əlini çiynimə vurub gülə-gülə “Heç birini, buyur, get” dedi.
Həmin gün polislə – dövlətlə qarşılıqlı etimadımız yarandı: mənim istəyimlə onun üzündəki zəhrimar təbəssümlə əvəzləndi, o da qaydaları pozmadığımı etiraf elədi.
44 günlük müharibədəki uğura dövlətlə vətəndaşın tandemi səbəb oldu. Bu 44 gün 30 müstəqillik ilinin tamından fərqli idi – bənzərini xatırlamıram.
Yenidən etimadsızlıq boşluğuna düşmüşük…
Qarabağdan nigaranıq. Amma dövlət vətəndaşa bilgi vermir.
Güvənmir? “Qarabağ Azərbaycandır!” şüarına 10 milyon qalxıb dövlətə arxa durmadımı?
Vətəndaşının inamını qazana bilməyən, ona güvənməyən dövlət dayanıqlı, güclü sayıla bilməz!
Dövlət vətəndaşına arxalanmalı, onunla açıq dialoqda olmalıdır; ona hərəkət, fəaliyyət sərbəstliyi verməli, azadlıqda yaşamaq vərdişi aşılamalıdır. Və ən əsası bundan çəkinməməli, qorxmamalıdır!
Güclü dövlət, azad cəmiyyət və firavan həyat yalnız dövlətlə vətəndaşın qarşılıqlı etimadı yarananda, onlar bir-birinə güvəndiyi zaman qurulacaq.
Güvən mənə, inanım sənə, dövlətim!
P.S. Bəs, 200 ildir müharibə görməyən, vətəndaşıyla dövləti qarşılıqlı etimad məsələsini 100 ildir çözmüş İsveçin halı necədir? "GÜVƏN MƏNƏ, İNANIM SƏNƏ" məqaləsində bir nümunə kimi bundan da bəhs etmişəm. Bax: https://vahidqazi.com/2021/02/25/guvən-mənə-inanim-sənə/
Vahid Qazi
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.