Bakının iki mərkəzi küçəsi bu gündən bağlanır
13-02-2016, 10:11
Bu il iyun ayında keçiriləcək “Formula-1” yarışı ilə bağlı hazırlıq işləri davam etdirilir. Paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində təmir-tikinti işləri qismən aparılır.
“Bakı Şəhər Halqası”ndan APA-ya verilən məlumata görə, Neftçilər prospektinin Azneft dairəsinin “Four Seasons” otelinə baxan tərəfində asfalt qatının dəyişdirilməsi ilə əlaqədar aparılan təmir işləri səbəbindən bu gün səhər saat 06:00-dan etibarən Niyazi küçəsinin bu dairədən İstiqlaliyyət küçəsinədək olan hissəsində nəqliyyatın hərəkəti tamamilə dayandırılacaq.
Qeyd edək ki, bu gün həm Neftçilər prospekti, həm də İstiqlaliyyət küçəsi avtomobillərin hərəkətinə açıq olacaq. Niyazi küçəsində tətbiq olunan qadağa fevralın 14-ü - bazar günü səhər saatlarında aradan qaldırılacaq.
Fevralın 14-ü səhər saatlarından etibarən isə İstiqlaliyyət küçəsinin Niyazi küçəsi və Azərbaycan prospekti ilə olan kəsişmələri arasında qalan hissəsində nəqliyyatın hərəkətinə icazə verilməyəcək. Burada qoyulmuş məhdudiyyət fevralın 15-i səhər saatlarınadək davam edəcək.