Minsk qrupu söz haqqını itirib: - “Təklifləri arxadan atılan daş effekti...”
14-04-2021, 18:58

ATƏT Minsk qrupunun həmsədrləri (Rusiya Federasiyasından İqor Popov, Fransadan Stefan Viskonti və ABŞ-dan Endrü Şofer) bəyanatla çıxış ediblər. Həmsədrlər atəşkəs rejiminin qorunub saxlanılmasını məmnunluqla qeyd edirlər və tərəflər arasında 10 noyabr 2020-ci il tarixində əldə edilən razılaşmanın icrasını yaxından izləyirlər. Həmsədrlər tərəflərə qalan problemli məsələlərin həlli və davamlı sülhə kömək edən qarşılıqlı etimad mühitinin yaradılması üçün əlavə səylərin göstərilməli olduğunu xatırladıblar.
Bunlara, xüsusilə: münaqişə bölgələrinin effektiv şəkildə minalardan təmizlənməsi üçün lazım olan bütün məlumatların mübadiləsi ilə bağlı məsələlər, dini və mədəni irsin saxlanılması və qorunması və münaqişədən təsirlənən icmalar arasında birbaşa təmasların qurulması, həmçinin insanlar arasında etimadın möhkəmləndirilməsi üçün digər tədbirlər daxildir.
Minsk qrupunun yeni bəyanatını “Sherg.az”a şərh edən millət vəkili Sevil Mikayılova bildirib ki, Azərbaycan öz ərazi bütövlüyünü hərbi-siyasi yolla bərpa etdikdən sonra artıq Dağlıq Qarabağ münaqişəsi tarixə çevrilib. ATƏT-in canfəşanlıq göstərərək, yenidən fəallaşmaq istəyi müəyyən mənada sual yaradır:
“30 il müddətində effektiv iş ortaya qoya bilməyən ATƏT-in Minsk Qrupu bundan sonrakı fəaliyyətinə hansı obraz yaratmaq fikrindədir?
44 günlük müharibə dövründə ATƏT-in bəzi həmsədr ölkələrinin nümayiş etdirdikləri qərəz ümumilikdə bu təşkilata etibarı sarsıdıb, təşkilatın nüfüzunu heçə endirib. Öz fəalliyyəti dövründə daha çox “tur-səfərləri” ilə seyirçı mövqeyində dayanan ATƏT MQ artıq söz demək haqqını çoxdan itirib.
Münaqişə həll olunandan sonra yenidən meydana çıxıb təkliflər səsləndirmək arxadan atılan daş effekti yaradır. Postmüharibə dövründə ATƏT-in bölgədə fəallıq göstərmək istəyi səmərəsizdir, çünki əvvəlkı fəaliyyəti bu niyyətin heç bir faydasının olmayacağı söyləməyə əsas verir”.
Deputat qeyd edib ki, ATƏT-in həmsədrləri boş bəyanatları bir kənara qoyub, nəticəyə yönəlik addımlar atsalar, daha yaxşı olar:
“Özlərini hələ də faydalı hesab edirlərsə, minalanmış ərazilərlə bağlı dəqiq məlumatların Ermənistandan alınmasını təmin etsinlər.
Bundan əlavə, bu vaxta qədər dini və mədəni irsin qorunub saxlanması üçün heç bir iş görməyən ATƏT MQ-nin bundan sonra bu yöndə iş aparması gözəl səslənsə də, səmimiyyəti şübhə yaradır.
Öz missiyasının genişləndirilməsi ilə bağlı istəkləri isə real iş görmək yox, sadəcə mənasız danışıqları uzatmaq niyyətindən doğur”.