“Svanları qar uçqunu adı ilə azərbaycanlıların bölgəsinə köçürdülər ki...” - Moskvanın 90-cı illərdəki qarşıdurma planı
17-05-2021, 15:35

Dmanisi şəhərinin “9 aprel” küçəsi 23-də yerləşən “Ömər” marketə kütləvi hücum olub.
Cebhe.info xəbər verir ki, bu barədə 24News.ge-yə mağaza sahibi açıqlama verib. Mayın 16-da saat 17:00 radələrində bir qrup svan (gürcü) əsilli şəxslər mağazanın önünə gələrək, qarşısında duran gəncləri və mağaza sahiblərini döyməyə çalışıblar.
Mağaza sahibləri qeyd ediblər ki, onlar azərbaycanlılara, müsəlmanlara Dmanisidə yer olmadığı ilə bağlı ifadələr də işlədiblər. Xəbər portala verilən məlumata əsasən, kütləvi hücum zamanı bir neçə nəfər ciddi xəsarətlər alıb.
Mayın 17-də Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) Dmanisidə kütləvi hücumla bağlı açıqlama yayıb. Daxili İşlər Nazirliyi tərəfləri polisin qanuni tələblərinə əməl etməyə və mübahisənin süni şəkildə etniklərarası qarşıdurmaya çevrilməməsi üçün sakitliyə çağırıb.
Cebhe.info-ya açıqlamasında "Borçalı" Cəmiyyətinin Zəlimxan Məmmədli bildirib ki, bu məsələdə ermənilərin maraqları ola bilər.
“Qrup halında olan bir qrup gənc bizim azərbaycanlının mağazasına hücum edib. Təhqir ediblər, döyüblər, vurublar, etnik kimliyə görə aşağılayıcı ifadələr işlədiblər.
Bu məsələ araşdırılmalıdır. Biz bunu məsuliyyət yükünü itirmiş bir qrup insanın təxribatı olaraq görürük. Ehtimallar var ki, məsələdə müəyyən siyasi hədəflənmələr, müəyyən qrupların maraqları ola bilər. Ermənilərin, Kremlin, İranın və ya müəyyən qüvvələr Gürcüstan-Azərbaycan münasibətlərinin pisə doğru dəyişməsində maraqlı ola bilər. Bunun araşdırılması istəyirik”.
O bildirib ki, Azərbaycan hakimiyyəti də ölkədən kənarda yaşayan soydaşlarımıza yönəlik siyasətdə fundamental yeniliklər etməlidir:
“İnanmaq istəyək ki, məqsədyönümlü etnik kimliyə qarşı yönəlmiş bir hadisə deyil, amma “çomağımızı” da yerə qoymayaq. Bu, artıq təhqiqat orqanlarının işidir”.
Cəmiyyət sədri bu gün başverən aksiyada Gürcüstan hökümətinin soydaşlarımızın fikirlərini ifadə etmələrinə imkan yaratmalı olduğunu deyib.
“Bu gün Dmanisidə etiraz aksiyası olmalıdır. Bu, soydaşlarımızın təbii haqqıdır. Həm beynəlxalq hüquqda, həm Gürcüstan hüququnda tanınır. Gürcüstan hakimiyyəti məsələyə ehtiyatlı yanaşmalıdır ki, insanların aksiyalarda fikir ifadə edə bilmək imkanları məhdudlaşdırılmasın. Biz soyuqqanlı davranaraq, müvafiq qurumların bu işlə ciddi şəkildə məşğul olmasını istəyirik. Kütlənin ixtiyarına buraxsaq, kütlə aqressivdir, qan da istəyər, sonradan başqa təxribatlar ola bilər. Bundan nə Gürcüstan, nə də Azərbaycan qazana bilər. Bundan ancaq bölgədəki düşmənlər qazana bilər”.
Zəlimxan Məmmədli svanların Dmanisiyə və soydaşlarımızın olduğu yerlərə sonradan köçürüldüyünü bildirib:
“1990-cı illərdə Svanetidən qar uçqunu adı ilə köçkünlər oldu. Onlar həm Dumanisiyə, həm də soydaşlarımızın yaşadığı ayrı-ayrı bölgələrinə köçürüldülər. Bu da çox aydın olaraq məhz etnik qarşıdurma yaratmağa hesablanmışdı, birbaşa Moskvanın planı idi. Svanlarla bizim kifayət qədər əlaqələrimiz olub. Onları bizə qarşı körükləyən qüvvələrin başında yenə Moskva durur. Dmanisidə demək olar ki, svan- azərbaycanlı qarşıdurması yoxdur . Bizdə olan məlumata görə, həmin gənclər svanlar və ermənilər olub”.