Deputat testin ləğvinə qarşı - Nazirə maraqlı təkliflər
23-02-2016, 12:21
"Qəbul imtahanlarında tətbiq edilən test üsulunun sovet sistemi ilə müqayisədə mütərəqqi olduğu kimsədə şübhə doğurmur. Qəbul imtahanlarında subyektiv amil demək olar ki, yoxdur”.
Bunu AzVision.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Musa Qasımlı deyib.
Millət vəkili test üsulunun təkmilləşdirilməsinə ehtiyac olduğunu bildirib: “Bunu təhsilimizin keyfiyyətinin yaxşılaşdırılması və ölkəmizin gələcəyi tələb edir. Bu barədə öz düşüncələrimi bir neçə dəfə söyləmişəm. Müvafiq iş bir günün, bir ilin işi deyil, səbr və zəhmət tələb edən uzunmüddətli prosesdir, tələskənlik yolverilməzdir. Görülən işlər test üsulunun bütün tərəflərini əhatə etməlidir. Dünya ölkələrinin bir-birindən fərqli olan çoxlu təcrübə toplanıb. Bəzi ölkələrdə orta məktəblərdən buraxılış və universitetlərə qəbul üçün vahid imtahan tətbiq edilir. Yəni, şagird orta məktəbi bitirən zaman yekun imtahanı verir və topladığı balın miqdarına görə, müvafiq ali məktəbləri seçir. Universitetlər də əvvəlcədən müəyyənləşdirdikləri balın müvafiq həddinə uyğun olaraq seçim edə bilirlər, qəbula gələnlərin digər bacarıqlarını və uğurlarını da (olimpiadalarda və idman yarışlarında iştirak və s.) nəzərə alırlar. Digər tərəfdən test suallarının təkmilləşdirilməsinə ehtiyac olduğu qənaətindəyəm”.
Deputatın sözlərinə görə, indiki test sualları şagirdlərin nitq və yazı bacarıqlarını, məntiqi təfəkkürünü inkişaf və tam əks etdirmir. Ona görə də qəbul olunan, tələbə olan və hətta ali təhsil haqqında diplom alan şəxslərin bir çoxunun yazı yazmaqda, fikrini ifadə etməkdə çətinlik çəkdiyinin, dövlət dilimiz olan Azərbaycan dilinin ədəbi qaydalarını bilmədiyinin şahidi oluruq.
“Bu problem köklü olaraq həll edilməlidir. Bəzi ölkələrdə olduğu kimi, qəbul imtahalarının bir neçə mərhələdən ibarət (yazılı, şifahi və test) keçirilməsi də faydalı ola bilər.
Ölkəmizdə ali məktəblərə daxil ola bilməyən gənclərin xarici ölkələrdə universitetlərə imtahansız qəbul edilməsinin, hələ formalaşmamış bu insanların yad təsirlərin altına düşməsinin çoxlu problemlər yaratdığı da bizi düşündürməlidir. Onların bir çoxu yaxşı oxuya bilmir, dörd il əvəzində bəzən 5-7 il təhsil alırlar. Ölkəmiz və xalqımız haqqında mənfi rəy yaradırlar. Valideynləri isə ölkəmizdə qazandıqları pullarla təhsil haqlarını ödəyir və beləliklə, azərbaycanlı ailələr müvafiq universitetlər üçün donora çevrilirlər. Yaranmış şəraitin ölkəmiz, ailələr və həmin gənclər üçün sadalamaq istəmədəyim çoxlu mənfilikləri vardır.
Fikrimcə, belə şəxslərin ölkəmizdə ali təhsil almalarına şərait yaratmaq barədə də düşünmək lazımdır. Ona görə də test üsulu sahəsində islahatların həyata keçirdilməsinin zəruri olduğu qənaətindəyəm. Təhsil ekspertlərinin dərin müzakirələrinin keçirilməsinə ehtiyac var. Bu sahədə aparılan islahatların başlıca hədəfi təhsilimizin keyfiyyətinin yaxşılaşdırılması və ölkəmizin mükəmməl kadrlarla təmin edilməsi olmalıdır. Tikilmiş ən yaxşı məktəb binalaranın siniflərindən əzbərçi deyil, savadlı və bacarıqlı gənclər çıxmalı və ölkəyə fayda verməlidirlər".