Dərbənddəki terror haqda sensasion fakt: - partlayıcı yüklü maşınla Azərbaycana gəlirmiş...
23-02-2016, 17:54
Dərbənddə, Azərbaycan-Rusiya sərhədi yaxınlığındakı patrul postunda fevralın 15-də partlayıcı yüklü avtomobillə törədilmiş partlayışın istintaqında sensasion fakt üzə çıxıb. Virtualaz.org xəbər verir ki, həmin partlayışı törədən 25 yaşlı Maqomedali Murliyevin əslində idarə etdiyi avtomobillə Azərbaycana keçmək istədiyi üzə çıxıb.
Xəbər verildiyi kimi həmin gün “VAZ 2109” markalı avtomobil Dərbənd yaxınlığındakı yol-patrul postunda partladılıb. Nəticədə iki polis əməkdaşı və iki mülki şəxs həlak olub, bir neçə nəfər yaralanıb. Partlayış nəticəsində Rusiya-Azərbaycan avtomobil yolunda nəqliyyatın hərəkəti dayanıb. Daha sonra partlayışı Dağıstanın cənubuna fəaliyyət göstərən, İŞİD terror təşkilatına biət etmiş yaraqlı qruplaşmasının törətdiyi açıqlanıb.
Dağıstan hüquq-mühafizə orqanlarından yerli KİV-lərə verilən məlumata əsasən istintaq müəyyən edib ki, əslində Murliyevin avtomobilin minalanmasından xəbəri olmayıb. Onun daxil olduğu qruplaşmanın üzvləri avtomobilə Murliyevdən xəlvət partlayıcı yerləşdiriblər.
Bildirilir ki, son vaxtlara qədər Murliyev daxil olduğu qruplaşmanın üzvləri ilə birlikdə meşələrdə gizlənirdi. Ancaq atışmalardan birində yaralanıb və tibbi yardıma ehtiyacı yaranıb. Tərəfdaşları Murliyevə vəd ediblər ki, onun Azərbaycana qaçmasına şərait yaradacaqlar. Və həmin gün onu Azərbaycana keçmək adı altında “VAZ 2109” avtomobilində yola salıblar. Murliyevin maşında bomba yerləşdirilməsindən xəbəri olmayıb. Avtomobil patrul postuna yaxınlaşanda partlayıcı məsafədən işə salınıb.
Maqomedali Murliyevin qardaşı Feliks Murliyev deyib ki, qardaşı meşələrdə gizlənməkdən yorulmuşdu və ya hüquq-mühafizə orqanlarına təslim olmağı, ya Suriyaya getməyi düşünürdü.
Terror aktının təşkilatçılarından biri, 23 yaşlı Admir Talıbovun atası Eljan isə deyib ki, oğlunun partlayış törətmək üçün avtomobil aldığını eşidib, ancaq buna inanmayıb.