Rəsmi saytların bloklanmasının arxasındakı ilginc səbəblər
24-02-2016, 09:52
Osman Gündüz: “Profilaktika reallığı əks etdirən açıqlama deyil, hücum ola bilər”
Fevralın 22-də səhər gov.az internet domeninin bloklanması ilə bağlı rəsmi versiya “texniki profilaktika” adlandırılıb. İki gündür mübhəmi çözülməyən bu hadisə barədə isə müxtəlif rəylər var. Maraqlıdır ki, sonuncu dəfə hökumət saytlarının bloklanması 2012-ci il yanvarın 16-da baş verib.
Buna görə məsuliyyəti AzerianCyberArmy haker qruplaşması öz üzərinə götürmüşdü. Həmin vaxt özlərini “islamçı veb-mühəndislər” kimi təqdim edən hakerlər hakimiyyəti ABŞ, Qərb və İsraillə əməkdaşlıqda ittiham edərək Azərbaycanda ”ərəb baharı"nın təkrarlanacağı ilə hədələmişdilər. O zaman İT mütəxəssisləri müəyyən etmişdilər ki, hücum İran ərazisindən İP-ünvandan edilib.
İş belə gətirib ki, gov.az-ın indi bloklanması da prezident İlham Əliyevin fevralın 23-də İrana rəsmi səfəri ərəfəsində baş verib.
Bundan öncə rəsmi İran radiosu Azərbaycanı şiə müsəlmanların amansız təqib olunmasında ittiham edib. Amma 22 fevralda baş verən hadisə barədə öncədən xəbərdarlıq edilməməsi ciddi şübhələr yaradır. Çünki adəti üzrə profilaktik tədbirlər haqda daha öncədən xəbər yayılır. Qeyd edək ki, prezidentin 2004-cü il 5 noyabr tarixli fərmanına əsasən, ölkənin dövlət saytları “onların təhlükəsizliyinin səmərəli müdafiəsi məqsədilə” Dövlət Obyektlərinin Xüsusi Mühafizə Xidmətinin xüsusi serverində yerləşdirilib. Bu, Azərbaycanın dövlət saytlarına erməni hakerlərin kiber hücumlarından sonra edilib.
Bununla yanaşı, Azərbaycan məkanında diqqəti çəkən daha bir nüans televiziya efir məkanında kompleks profilaktika işlərinin aparılmasıdır. Adəti üzrə həmin tədbirlər ayın üçüncü həftəsində, bazar ertəsi günü baş tutur. Kompleks profilaktika işləri ilə əlaqədar televiziya və radio yayımı saat 06:00-dan 15:00-dək dayandırılır.
Arayış üçün qeyd edək ki, profilaktika işləri iki kateqoriyaya bölünür: adi və kompleks.
Kompleks profilaktika qida mənbələrindən başlayaraq antenalara qədər bütün avadanlığın texniki vəziyyətinin yoxlanılmasını nəzərdə tutur. Prosedur texniki problemlərin olmaması üçün zəruridir, çünki teleradio yayımı avadanlığı 7/24 rejimində fasiləsiz işləyir.
Adi profilaktika hər iki aydan bir şəxsi teleradio kanallarının istəyi ilə keçirilir.
Efir sahəsində profilaktika işlərinin cədvəli hər ilin sonunda tərtib edilir və Azərbaycanın bütün teleradio şirkətləri ilə razılaşdırılır.
Bütün hallarda ortada ciddi anormallıq var. Heç bir xəbərdarlıq edilmədən ölkənin gov.az internet domeni bloklanır, bunu “texniki problem” olaraq qiymətləndirirlər. Bundan başqa, texnikanın son sürət inkişaf etdiyi dönəmdə ölkə telekanallarının hər ay bir neçə saat profilaktik tədbirlər üçün yayımı dayandırması da diqqətçəkən nüansdır.
Multimedia Mərkəzinin rəhbəri Osman Gündüz də hesab edir ki, baş vermiş son hadisə öz masştabına görə olduqca ciddi sayılır. Müsahibimizin fikrincə, Azərbaycanın informasiya məkanı üçün ciddi, həyəcan doğurucu olay hesab etmək mümkündür: “Bir neçə ay əvvəl Azərbaycanda internet müəyyən müddət yoxa çıxandan sonra rəsmi qurumların internet resursları əlçatan olmadı. Bu, sadəcə, əlçatan olmamaq deyil. Müasir dünya elə vəziyyətdədir ki, informasiya daha çox əhəmiyyət kəsb edir, nəinki onu yayan resurs. Bu, neftlə bağlı da ola bilər. Neftin özündən daha çox onunla bağlı informasiya aləmi yıxa bilər. Müharibə baş verən ölkə üçün rəsmi informasiya əlçatan olmayanda başqa hadisələr də baş verə bilər”.
O.Gündüz hesab edir ki, bu, milli təhlükəsizlik məsələsidir. İnformasiya təhlükəsizliyi də bunun əsas, tərkib hissəsidir. Müsahibimizin dediyinə görə, resursun özündənsə onun informasiyası mühüm əhəmiyyət kəsb edir: “Məsələ bu yöndən dəyərləndirilməlidir. Dəyərləndirmədən çıxan nəticə odur ki, ictimaiyyət ciddi açıqlama gözləyir. Profilaktika reallığı əks etdirən açıqlama deyil. Çünki profilaktika qabaqcadan planlaşdırılır, elan olunur. Resursların yerləşdiyi serverdə yenilənmə aparıla bilər, nələrinsə dayanıqlılığı yoxlanıla bilər. Bu, normaldır. Amma sözügedən prosesin müddəti maksimum 3-5 dəqiqədir. Yoxlama müddətində isə bütün komanda ayaqda olur və fəsadların nələrdən ibarət olduğunu gözləyir”.
Müsahibimizin fikrincə, son dövrlər atılan addımlar dövlət qurumlarının informasiya təhlükəsizliyinin qorunması üçün yetərli idi: “Artıq dövlət qurumları internet resursları Azərbaycan ərazisində olan serverdə yerləşdirilib. Bəlli qaydalar müəyyən olundu, bəlli standartlara cavab verdi. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Komitəsi yarandı. Bu cür hadisə, görülən müsbət işlərin fonunda baş verən axsaqlıq insanı təəccübləndirir. Anlamırsan ki, ölkədə hətta bir-iki saatlıq da olsa rəsmi informasiyanın əlçatan olmaması necə mümkün ola bilər. Amma bu hadisənin profilaktik tədbirlərlə bağlı olmaması da mümkündür. Hücumla da bağlı ola bilərdi. Müəyyən tədbirlər də görülüb. Ola bilər ki, orda hansısa yenilənmə ilə bağlı düzgün hesablama aparılmayıb”. musavat.com