Həbsdəki generallara 48-ci maddə təhlükəsi
24-02-2016, 10:09
2015-ci il oktyabrın 17-də həyata keçirilən xüsusi əməliyyat Milli Təhlükəsizlik Nazirliyinin (MTN) qurum olaraq buraxılması ilə sonuclandı. MTN-də başlanan qəfil yoxlamalar qurum rəhbərliyinə daxil olan generallarının ifşası ilə davam etdirildi. Eldar Mahmudov nazir kreslosunu itirdi, idarə və şöbələrin general, polkovnik və mayor rütbələri daşıyan əksər əməkdaşları istintaqa cəlb olundular.
Məlum əməliyyatdan 2 ay sonra prezident İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin yaradılması haqda fərman imzalamaqla, faktiki olaraq, MTN-in qurum olaraq ləğvinə imza atdı.
Bu gün “MTN işi” üzrə istintaqa 5 general cəlb olunub. Onlardan 4-ü həbsdədir, 1-i isə ev dustaqlığındadır. Ümumilikdə isə 20 MTN-çi həbsdədir. Generalların və digər rütbəlilərin həbsi onların rütbələrinin alınmasına, paqonlarının sökülməsinə əsas verirmi?
Hüquqşünas Əliməmməd Nuriyev “Yeni Müsavat”a deyib ki, hər bir hərbi qulluqçuya və hərbi vəzifəliyə onun qulluq vəziyyətindən, hərbi və ya xüsusi hazırlığından, hərbi xidmət müddətindən asılı olaraq müvafiq hərbi rütbə verilir. Azərbaycanda ali zabit hərbi rütbələri ali zabit vəzifələrində çalışan hərbi qulluqçulara müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Hərbi qulluqçulara və hərbi vəzifəlilərə digər hərbi rütbələrin verilməsi bir qayda olaraq, növbəlilik qaydasında “Hərbi xidmətkeçmə haqda” Əsasnamənin və Azərbaycan Silahlı Qüvvələrinin İntizam Nizamnaməsinin tələblərinə uyğun həyata keçirilir. Qoşun növləri və xüsusi qoşun generallarının hərbi rütbələrinə mənsub olduqları qoşunların adları, tibb xidməti, ədliyyə zabitlərinin və generallarının hərbi rütbələrinə mənsub olduqları xidmətlərin adları əlavə edilir. Ehtiyatda olan vətəndaşların hərbi rütbələrinə “ehtiyatda olan” sözləri, istefada olan vətəndaşların hərbi rütbələrinə isə “istefada olan” sözləri əlavə edilir. Azərbaycanın Silahlı Qüvvələrində bu rütbələr var:
Quru Qoşunlarında gizir, baş gizir, kiçik leytenant, leytenant, baş leytenant, kapitan, mayor, polkovnik-leytenant, polkovnik, general-mayor, general-leytenant, general-polkovnik rütbələri".
Ə.Nuriyev qeyd edib ki, ali hərbi rütbələr, xüsusilə general rütbəsindən məhrumetmə məhkəmə qərarı əsasında icra oluna bilər: “Cinayət Məcəlləsinin 48-ci maddəsinə görə, hərbi qulluqçular və hərbi vəzifəlilər ağır, xüsusilə ağır cinayətlərə görə məhkum olunduqda məhkəmənin təqdimatı əsasında və ya Azərbaycan vətəndaşlığını itirdikdə onlara verilən hərbi rütbələrdən məhrum edilə bilər və ya əsgər rütbəsinə endirilə bilərlər”.
Ə.Nuriyev bildirib ki, şəxs xüsusi hərbi rütbələrə, məsələn, general rütbəsinə malikdirsə, onların rütbədən azad edilməsi ilə bağlı məhkəmə hökmü əsasında rütbəni verən orqana təqdimat verilir. Məhkəmə qərarı ilə şəxs barəsində ağır, xüsusilə ağır cinayətlə bağlı hökm çıxarılırsa, təqdimat Azərbaycan prezidentinə verilir.
Ə.Nuriyevin sözlərinə görə, belə hallarda verilən təqdimatda şəxslərin konkret rütbədən azad edilməsi qeyd edilir: “Azərbaycanın mövcud qanunvericiliyində ali hərbi rütbə sayılan general rütbəsini ancaq prezident verə bilər. Məhkəmə qərarı əsasında hazırlanan təqdimat prezidentə göndərilir”.
Ə.Nuriyevin sözlərinə görə, əvvəllər Konstitusiya Məhkəməsinin qərarına əsasən bir qayda olaraq ali hərbi rütbədən məhrumedilmə məhkəmənin qərarı ilə icra edilib. Hüquqşünas qeyd edib ki, prezident şəxsin ali hərbi rütbəsinin geri alınması ilə bağlı qərar verə bilər.