Neft Şirkətinin nizamnaməsində dəyişiklik –Şirkət prezidentinə əlavə səlahiyyət verildi (Fərman)

27-02-2016, 00:11           

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli 844 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsi”ndə dəyişiklik edilib.

Strateq.az xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası Prezidenti Fərman verib.

Fərmana əsasən “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1283-IVQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar aşağıdakı qərar verilib:

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli 844 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 1, maddə 36; 2004, № 9, maddə 681; 2005, № 2, maddə 73, № 12, maddə 1109; 2006, № 7, maddə 590, № 9, maddə 736; 2007, № 3, maddə 219, № 12, maddə 1244; 2009, № 7, maddə 529, № 10, maddə 777; 2010, № 4, maddə 298, № 7, maddə 610; 2011, № 9, maddə 789, № 11, maddə 1011; 2014, № 2, maddə 119, № 12, maddələr 1582, 1584) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1. 4.1-ci bəndə “Şirkətin” sözündən sonra “Nizamnaməsi, Nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi,” sözləri əlavə edilsin.

2. 5.4-cü bənd üzrə:

2.1. yeddinci abzasa “rəhbərlik edir” sözlərindən sonra “, habelə Şirkətin Şurası haqqında Əsasnaməni təsdiq edir” sözləri əlavə edilsin;

2.2. doqquzuncu abzasa “qaydada” sözündən sonra “və bu Nizamnamənin 5.9-cu bəndinin doqquzuncu abzasının tələbləri nəzərə alınmaqla” sözləri əlavə edilsin;

2.3. on üçüncü abzas on dördüncü abzas hesab edilsin və aşağıdakı məzmunda on üçüncü abzas əlavə olunsun:

“aidiyyəti şəxslə dəyəri Şirkətin aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edir;”.

3. 5.7-ci bənd aşağıdakı redaksiyada verilsin:

“5.7. Şirkətin Şurası kollegial idarəetmə orqanıdır. Şirkətin Şurasının tərkibinə Şirkətin prezidenti, vitse-prezidentləri və Şirkətin prezidenti tərəfindən müəyyən olunan digər vəzifəli şəxsləri daxildir. Şirkətin Şurasının iclaslarına Şirkətin prezidenti sədrlik edir.”.

4. 5.9-cu bənd üzrə:

4.1. birinci abzasda “oluna bilər” sözləri “olunur və onlar barədə müvafiq qərarlar qəbul edilir” sözləri ilə əvəz edilsin;

4.2. doqquzuncu abzas onuncu abzas hesab edilsin və aşağıdakı məzmunda doqquzuncu abzas əlavə edilsin:

“Şirkətin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Şirkətin aktivlərinin 5 faiz və daha çox hissəsini təşkil edən əqdin bağlanması;”.

5. Aşağıdakı məzmunda 6.3-cü bənd əlavə edilsin:

“6.3. Şirkətin Şurasının üzvləri, habelə komitələrinin və Şirkətin strukturuna daxil olan qurumların rəhbərləri özlərinin birbaşa və ya dolayısı ilə iştirak etdiyi hüquqi şəxslərin, habelə qohumlarının (ərinin (arvadının), valideynlərinin, o cümlədən ərinin (arvadının) valideynlərinin, babalarının və nənələrinin, övladlarının, övladlığa götürənlərinin və ya götürülənlərinin, qardaşlarının və bacılarının) bağlanılan əqdə münasibətdə aidiyyəti şəxs qismində çıxış etmələri, həmçinin həmin əqdlə əlaqədar öz maraqlarının xüsusiyyətləri (onun yaranması, həcmi və s.) barədə məlumatı Şirkətin Şurasına yazılı şəkildə təqdim etməlidirlər.”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.