Dollarla olan kreditlər manata çevrilsin - TƏKLİF
27-02-2016, 00:40
“Müştərilər dolların sabahkı məzənnəsində nigaran qalmayacaq”.
Milli valyutamızın məzənnəsi korreksiyaya uğrayıb ki, dövlət büdcəsi bundan qazanıb. Sirr deyil ki, kreditlərin böyük hissəsi dollarla verilib. Zənnimcə, bu gün qaldırılması zəruri olan məsələlərdən biri dollarla olan kreditlərlə svop əməliyyatı həyata keçirməkdir. Söhbət ondan gedir ki, banklar müəyyən manat kütləsinə çıxış əldə etməlidir. Bununla, dollarla olan kreditlər manata çevrilə bilər. Beləliklə, müştərilər dolların sabahkı məzənnəsində nigaran qalmayacaq, özlərini sığortalayacaqlar. Əminəm ki, hökumətin USD/AZN məzənnəsi ilə bağlı konkret fikri var və bu svop əməliyyat böyük problem yaratmaz. Əksinə, bank sektoruna inamı artırar.
teref.az xəbər verir ki, bu barədə “Unibank” ASC-nin İdarə Heyətinin sədri Faiq Hüseynov “APA-Economics”ə müsahibəsində deyib.
“Əgər sizi bizim problemli kreditlərimizin həcmi maraqlandırırsa, sirr deyil ki, praktiki olaraq bütün banklarda bu göstərici ikirəqəmlidir (faiz ifadəsində). Şübhəsiz ki, burada obyektiv və subyektiv səbəblər var. Xatırlayıram ki, birinci və ikinci devalvasiya dalğası olan zaman biz müştəriləri banklara dəvət etdik, onlarla söhbətləşdik, kreditlərini restrukturizasiya etdik. Lakin müştəri anlamalıdır ki, onun yerinə kimsə ödəniş etməyəcək, borcu bağışlamayacaq. Söhbət iki subyekt arasındakı kommersiya münasibətlərindən gedir.
Əlbəttə, bir qrup adam var idi ki, borcun kompensasiyası barədə düşünürdü. Nəticədə vaxt uzanırdı, kredit problemli olurdu. Bu, insanların psixologiyasıdır, onu anlamaq olar, lakin qəbul etmək olmaz.
Borclananlar anlamalıdırlar ki, bu gün onun kredit tarixçəsi izlənilir. Əgər bu gün sən hansısa banka qarşı xuliqanlıq etdinsə və "qara siyahı"ya düşdünsə, bu damğa tez silinməyəcək. Maliyyə savadlılığı bəzən kifayət etmir, maliyyə intizamı da önəmlidir”, - F.Hüseynov bildirib.
O, həmçinin qeyd edib ki, üçüncü devalvasiya üçün heç bir əsas görmür.
“Bu, bankir olaraq mənim şəxsi mülahizəmdir. Axı bir səbəb olmalıdır, düzdürmü? Mən bunu görmürəm. Növbə real sektorda olduqca operativ və ciddi işlərin görülməsindədir...”