Genefondumuzu məhv edən cəzasızlıq: - “Heç kimə güzəşt olunmamalıdır”

2-08-2021, 16:00           
Genefondumuzu məhv edən cəzasızlıq: -
Bu gün dünyada baş verən proseslər qlobal ərzaq təhlükəsizliyi ilə bağlı problemlər yaradır.

Əsasən iqlim dəyişikliyi, əhalinin sürətli artımı, torpaqların şoranlaşması və çirklənməsi kimi amillər bu istiqamətdə problemlər yaradan əsas səbəblərdir. Əhalinin ərzaq məhsullarına tələbatının artdığı bir vaxtda yerli istehsalın daha da artması ilə yanaşı, keyfiyyətli ərzaq təminatı da əsas şərtlərdən biridir. Kənd təsərrüfatı məhsullarının yetişdirilməsində tələb olunan miqdarda gübrə və kimyəvi maddələrin tətbiqi ilə torpağın yersiz çirklənməsinin də qarşısı alınması vacib amildir.

Hazırda ölkəmizdə istehsal edilən bir sıra məhsulların məhz standartlara cavab verməməsi həm ərzaq təhlükəsizliyinin təminatında problemlər yaradır, həm də məhz bu səbəbdən xaricə ixrac edə bilmirik. Bu isə həmin keyfiyyətsiz məhsulların yerli əhaliyə satılması deməkdir. Keyfiyyətsiz məhsul isə ya fermerin bilərəkdən kimyəvi maddələrdən miqdarından artıq istifadəsi, ya da ənənəvi əkin sistemini bilməməsindən irəli gəlir.

Kənd təsərrüfatı üzrə ekspert Qadir Bayramlı Cebhe.info-ya uzun illərdir ki, bu sahədə problemin olduğunu bildirdi:

“AQTA yaradılandan sonra ümidlər artdı ki, bu sahədə ciddi dönüş olacaq. Ancaq hələ ki, bu sahədə ciddi dönüşə nail ola bilməmişik. Bu istiqamətdə ciddi, effektiv işlərin görülməsinə ehtiyac var. Azərbaycanda kənd təsərrüfatında həm aqrotexniki qaydalara əməl ediləndə, həm də kimyəvi tərkibli maddələrdən düzgün istifadə olunduqda ərzağın keyfiyyəti yüksək olur. Bu, həm yerli bazar üçün əhəmiyyətli məsələdir, həm də ixrac məhsullarının təmiz olması tələb olunur. Xüsusilə də AB ölkələri bu məsələdə çox ciddidirlər. Onlar məhsulları laboratoriyalarında qısa müddətdə yoxlayırlar və hətta qablaşdırmaya qədər çox diqqət edirlər ki, standartlara uyğun olsun. Onların öz standartları var və inkişaf etməkdə olan ölkələr bu standarta əməl edə bilmədikləri üçün o bazara girə bilmirlər.

Bizim ölkəmiz də istisna deyil. Ölkədə yetişdirilən kənd təsərrüfatı məhsullarının keyfiyyətinin yüksəldilməsinə ehtiyac var. Bu sahədə dövlət nəzarəti olmalı, bölgələrdəki qurumlar ciddi şəkildə işləməlidir. Ancaq bu da bir faktdır ki, bazarlarımıza keyfiyyəti yüksək olmayan məhsullar daxil olur. Bu, məsələnin birinci tərəfidir. Biz həmin məhsulları AB ölkələri kimi qısa müddətdə laboratoriyada yoxlamırıq. Həmin məhsullar bazara daxil olur, pul qazanırlar. Deyirlər ki, yerli bazarda tələbatı ödəmək üçün məhsul var. Ancaq bu, bizə yetərli deyil. İnsanların sağlamlığı baxımından təhlükəli ölçüyə çata bilir. Ona görə də çox itiqamətli fəaliyyət lazımdır”.

Ekspert bildirib ki, ilk növbədə ölkəyə gətirilən məhsulların keyfiyyətinə ciddi nəzarət edilməlidir:

“Bəzən mağazalarımızda vaxtı keçmiş məhsullar da satılır. Küçələrdə pərakəndə şəkildə gigiyenik qaydalara əməl edilmədən satış həyata keçirilir. Ancaq bu istiqamətdə problemləri həll etmək üçün dövlət səviyyəsində bütün bölgələri əhatə edən bir proqram lazımdır. İkincisi, Azərbaycanda bu sahədə ən ciddi məsələ kimyəvi maddələrin bitkilərin becərilməsinə, bəzən heyvani yemlərə də tətbiq edilməsi ilə bağlıdır. Bunlara əməl eləmək lazımdır. Xüsusilə də balıqçılıqda çox keyfiyyətsiz yemlərdən istifadə edilir. Balıq çox həssas məhsuldur və qısa müddətdə xarab olur. Əgər o çox keyfiyyətsiz, uyğun olmayan yemlərlə yemlənirsə, bazara çıxarılan balıqlara, ondan da insanlara sirayət edir.

Ona görə də bu məsələlərə kompleks şəkildə yanaşmaq lazımdır və nəzarət artırılmalıdır. Digər tərəfdən, maarifləndirmə işləri gücləndirilməlidir. Xüsusilə də keyfiyyətsiz məhsul satana qarşı ciddi cəzalar tətbiq edilməlidir. Bu, bilavasitə xalqımızın genefondunun qorunması ilə bağlı məsələlərdir. Ərzaq məhsullarının istehsalı üçün imkanlarımız genişdir, ancaq bunu lazımi şəkildə dəyərləndirmək lazımdır. Bu, həm sağlamlıq, həm də ekoloji təmiz məhsulların ixracı baxımından əhəmiyyətlidir”.

Ekspertin fikrincə, həm yerlərdə fermerlərin məlumatsızlığı var, həm də dövlət orqanlarının nəzarəti lazımi səviyyədə deyil, yəni nəzarət şəffaf olmur:

“Burada artıq heç kimə güzəşt olunmamalıdır. Ölkələrin əksəriyyyətində cəzalar çox ciddidir. Biz də həmin örnəklərdən istifadə etməliyik ki, bazara çıxan məhsullar təmiz olsun. Xüsusilə də idxal, gömrük məsələsində də problem var. Necə olur ki, ölkəyə keyfiyyətsiz məhsullar daxil ola bilir? Cənub-Şərqi Asiya ölkələrindən çox ucuz qiymətə balıq gətirirlər, həmin ölkələrdə maya dəyəri sentlə ölçülür. Azərbaycana gəldikdə yerli xalqa bir neçə manata satılır və keyfiyyətsiz olması ilə bağlı fikirlər var. Bunları diqqətə almaq lazımdır. Dövlət nəzarəti, maarifləndirmə, cəzaların tətbiqi eyni zamanda işləməlidir ki, effektiv nəticə ala bilək”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.