Sertifikasiya rüsvayçılığı…

14-08-2021, 00:03           
Sertifikasiya rüsvayçılığı…
…Və ya biz qocalmaqdan niyə qorxuruq?..

Bizi millət olaraq qınayırlar ki, qocalığa gün ağlayan millətdirlər. Nə bilim, ömür boyu pul yığır, “kubik” alır, hasar hörür, kəfənpulu düzəldirlər. Düzdü ingilisin, almanın qocası altmış yaşdan sonra dünya turuna çıxır və gəzir. Ancaq bizdə məsələ, tərsinədir. Ona görə qınansaq da qocalığa gün ağlamağa çalışırıq. Amma indi sıravi adamlar üçün bu mümkün deyil. Bunu niyə yazdım? Gənc həmkarım Arife Eliyevanın 62 yaşlı anası səhiyyə sahəsi üzrə, tibb bacısı kimi sertifikasiya imtahanından kəsilib. Əslində qadının səhhəti də problemlidir. Məmuniyyətlə təqaüdə çıxar. Di gəl, yaşı təqaüdə düşmür. Indi iş verilməsin, təqaüdə çıxarılmasın, belə lap açıq soruşuram, bu adam ölənəcən nə yeyib, nə içməlidir, hörmətli hökumət?!.
Əslində sertifikasiya yaxşı şeydir, hətta əladır. Amma onu məsələn bu qadının olayında Səhiyyə Nazirliyi nə qədər ədalətli keçirir? Və ümumiyyətlə, hansı benyəlxalq standartdan danışırıq, bizim o standarta uyğun məmurumuz və ya vətəndaşımız nə qədərdir?

Qardaşlar, bölgədə iki metr boyu, yüz kilo çəkisi olan, sertfikasiya pasportunu itirdiyi üçün ağlayan, otuz yaşlı cahil cavanlarımız var ki, texnoloji anlayışları yoxdur. Siz və biz gərəkdir ki, öncə o avrostandartda adam yetişdirək, onları savadlı edək ki, məsələn 62 yaşda sertfikasiyaya hazır olsunlar. Eyni zamanda alınmasa, keçə bilməsə təqaüdə yollayaq. Ancaq bizdə durun biabırçıdır, qaydalar uyumsuzdur. Və bu qədər uyumsuz situasiyada qoca adamlara əzab verməyin adı nədir a kişilər?!. Bir də siz bilirsinizmi, məmləkət belə qocalarla doludur. Təklif edirəm, dirəyin divara, güllələyin, məsələ bitsin. Onların da, sizin də, bizim də canımız qurtarsın. Bu günəcən sosial ödənişdən balanslarına yığılan pulları da nə təhərsə fırlayıb, oğurlayın büdcədən. Biz özümüzə niyə bu qədər amansızıq? Allah bizim bu lənət hikkə və nəfsimizi nə zaman qısır esəcək, bəlli deyil?!.
Ona görə də məmləkətdə hamı yaşı qırxı keçdimi, qorxur. Ölməkdən yox, qocalmaqdan qorxur. Çünki qocalmaq ölməkdən betər şeydir Azərbaycanda.
Sertifikasiya ondan da yava şeydi. Bu qocaları sertifikasiya oyunundan uzaq turun.Çox naxoş mənzərədir. Taqaüd verin otursunlar evdə.

Jalə Mütəllimova












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.