Bir müsahibənin izi ilə. (Düşünmək üçün)

15-08-2021, 18:02           
Bir müsahibənin izi ilə. (Düşünmək üçün)
Prezident İlham Əliyevin müsahibəsini diqqətlə izlədim, kifayət qədər ciddi mesajlar var. Rusiya ilə bağlı maksimal neqativ nə demək mümkün idisə dedi, Türkiyə ilə bağlı nə pozitiv mesajlar lazım idisə onları söylədi, Xankəndi və ətrafında yaşayan erməni əsilli azərbaycanlıların inteqrasiyasından danışdı, regional əməkdaşlığın vacibliyini vurğuladı, işğaldan azad edilən torpaqların bərpasından söz açdı - bunları məqbul saymaq olar.
Bəyənmədiyim məqamlar haqqında - Prezident doğru mesajlar versə də, vizioner danışmadı, köklü məsələlərə toxunmadı. Çıxışın tamamına yaxını xoş arzu və istəklərdən ibarət idi, amma bu məqsədlərə çatmaq üçün hansı yolla getməliyik - bu haqda, demək olar ki, heç nə yox idi:
1) Erməni əsilli azərbaycanlıkarın ölkəyə inteqrasiyası necə olacaq? Bunun yolları nədir?! Məsələn, Xankəndində yaşayan əhali 2004-cü ildən özünə Mer seçir, bu günə qədər olan seçkilər qondarma qurumun təşkilatçılığı ilə olub - bunu bildik, legitim saymırıq, amma sabah Xankəndinə tam nəzarət Azərbaycanın əlində olandan sonra orada yaşayan əhaliyə deyəcəyik ki, bitdi Mer institu?! Seçki olmayacaq?! Məncə, əksinə, Mer institutunu Azərbaycan qanunları çərçivəsinə salmaqla bir çox siyasi məsələni də həll etməliyik. Ermənilər hələ də "status" demir? Xub, Mer də statusdur, özünüudarə institutudur, bundan artıq orada yaşayan erməni əsilli azərbaycanlılara nə verməliyik ki?! Heç nə, ona görə də bu məsələ indidən Konstitutsion olaraq həll edilməlidir,
2) Yaxşı, erməni əsilli azərbaycanlılara bu şansı veririksə, ölkənin tamamına belə yanaşma tədbiq edilməlidir, deməli Böyük Şəhər Bələdiyyələri və Mer seçkiləri ilə bağlı institutlar ölkə ərazisində yaradılmalıdır, bunun üçün də Konstitutsiya dəyişikliyi labüddür,
3) Bəs Mərkəzi hökumətlə yerliözünüidarə instutları arasında münasibət necə olmalıdır?! Bunun da yolu var - Prezidentin iqtisadi rayonlarla bağlı son fərmanı inkişaf etdirilir, 14 yeni inzibati ərazi vahidi yaradılır, hər birində geniş konstitutsion səlahiyyətləri olan Prezidendin şəxsi nümayəndəsi təyin edilir. Məsələn, Prezidentin Qarabağ inzibati regionu üzrə şəxsi nümayəndəsi Xankəndində yerləşir, dövlət və hökumət qurumlarının koordinasiyasını aparır, Xankəndində həm də Mer seçilir, seçilmiş Mer şəhər təsərrüfatı, nəqliyyat, zibil daşlnması, kommunal xidmətlərlə məşğul olur, Prezidentin şəxsi nümayəndəsi isə Mərkəzi hökumətin fəaliyyətini təmin edir. Seçilmişlərlə təyin olunmuşlar qanunlar çərçivəsində birgə çalışmağı öyrənirlər. Bu yanaşma yaradılacaq digər iri inzibati ərazi vahidlərində (məsələn, Şərqi Zəngəzur və s.) şəhər və rayon mərkəzlərində tədbiq edilir - Bakı, Gəncə, Şəki, Lənkəran, Quba, Şuşa, Qubadlı və s. özünə Mer seçir, amma həmin şəhərlərin daxil olduğu iri inzibati ərazi vahidinə təyin edilmiş Prezidentin şəxsi nümayəndəsi də olur. Beləliklə, məsuliyyət və səlahiyyət bölgüsü, yeni inzibati ərazi vahidləri üçün yenə Konstitutsiya dəyişiklikləri, referendum əsas şərtdir.
Prezidentdın, şəxsən mən, daha vizioner, konseptual bir çıxış, yanaşma gözləyirəm. Ölkənin yeni, daha qəliz, amma effektiv idarəetmə sisteminə ehtiyacı var.
Qlobal olaraq məsuliyyət və salahiyyət bölgüsü qanunla elə dəqiq işlənməlidir ki, bu həm iqtisadi, həm sosial, həm işğaldan azad olan torpaqlar, həm də müvəqqəti olaraq Kremlin nəzarətində olan digər torpaqlarımızla bağlı problemləri kökündən həll etməyə səbıb olsun. Yarımçıqlıq daha sürdürəbilir deyil, qəti, ardıcıl və effektiv addımlar zamanıdır...
Natiq Cəfərli
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.