Çöküş növbəsi, VOLEYBOLDA...

17-08-2021, 07:47           
Çöküş növbəsi, VOLEYBOLDA...
Voleybol Federasiyasını vitse-prezident Faiq Qarayev ölkəni tərk etmək xəbəri “silkələdi”...
“Eyni şeyi hər dəfə danışmaq istəmirəm. Bu günkü vəziyyəti yaxşı bilirsiniz. Maliyyə yox dərəcəsinsədir, klublar bağlanıb. Rəhbərliklə söhbətimizdə, bu barədə ürək ağrısı ilə danışmışam. Ölkədə voleybol çox sevilir. İstər SSRİ dönəmində, istərsə də müstəqillikdə, uğurumuz çox olub. Azərbaycan çempionatı dünya reytinqində yüksəkdə dayanırdı. Qadın komandalarımız dünya və Avropa çempionatlarının finallarında oynayıb. “Rabitə” klublar arasında dünya çempionu olub. Cağırış kubokunda finalda 2 Azərbaycan komandası üz-üzə gəlib. Bu gün isə, durum acınacaqlıdır. Buna biganə qala bilməzdim. Nazirlərlə görüşdüm, cənab Prezidentə də məlumat verdim. Klub rəhbərləri ilə görüş heç bir nəticə verməyib. Rəhbərlik ancaq bir kişi və bir qadın klub saxlamağa razılıq verib. Cavid Qurbanovla da görüşmüşəm. Bir kişi və bir qadın klubu ilə nə edə bilərik? Mən voleybola həyatımı vermişəm. İndi vəziyyəti görəndə, çox pis oluram. Belə işləyə bilmərəm, federasiyadan gedirəm. Yerim siyasət deyil, idman zalıdır. Yenə gənc məşqçilər yetişdirməli, məsləhətçi işləməliyəm. Klub olmayandan sonra oyunçular, məşçilər nə etsinlər, harada çalışsınlar? Onlar da dolanmalıdır, yaşamalıdır, yetişməlidir. Bu işi düzgün qurmaq lazımdır ki, davamlı olsun. İdman – sosial, milli məsələdir. Buna hamı can yandırmalıdır. Voleybola yenə maraq yaratmalıdırlar. Ümumiyyətlə, söhbət bütün idman növlərindən gedir. Yuxarıdan göstəriş verilməli, bir-neçə illik proqram hazırlanmalıdır. Mənim adım-sanım var. İki klubla necə işləyim?”
Bu fikirləri Azərbaycan voleybol federasiyasının birinci vitse-prezidenti Faiq Qarayev media ilə görüşdə deyib. İllərlə Azərbaycan və dünya ulduzu olan onlarla voleybolçu yetişdirən biri, milli ruhu, əqidəsi və vətənpərvər olan biri deyir bunu, Faiq Qarayev. Düzü neçə gündür davamlı oxuyuram. Və düzü inana bilmirəm. Düzü bir azda pərt qalır adam. Çünki ailəcə bu idman növünü sevirik. Hətta bir övladım voleybolla peşəkar məşğul olmaq istəyir milli komandalarımızdan birində oynamağa namizədlərdən sayılır. Belə bir zamanda bu bəyanat adama lap sillə kimi dəyir. Həm övladın, həm ölkən üçün narahat olursan. Axı idaman həm gələcəkdir, həm siyasət. Bir də bir ölkə olaraq qurub yaratdığımız ən dəyərli olan şeyləri çox rahatlıq və asanlıqla əlimizin dalı ilə heç bir təəssüf hissi keçirmədən dağıda bilirik. Daha doğrusu buna vərdiş edirik. Bu çox pis əlamətdir. Bir çox mənəvi məsələlərdə sonun başlanğıcıdır.
Düzü sirr deyil və son Avropa çemtionatı da göstərdi ki, Azərbaycan idmanı və federasiyaları hansı vəziyyətdədir. Faiq Qarayevin bəyanatı göstərdi ki, vəziyyət hər gün bir az ciddiləşir. İdmançı siyasətçi olmasa da idman siyasətdir Faiq müəllim. Və Azərbaycanda zərrə-zərrə qazanılanları kimlərsə bircə halda məhv edə bilir, şəxsən daha çox qazanmaq üçün. Düzü çətindir, ağırdır, dözülməzdir. Və düzü idman sahəsi mütəxəssisi olmasam da dövlətimə bu sahə ilə bağlı bir təklifim var. İdman və federasiyalar məmurların ümidinə buraxılmasın. İdman dövlətə aid olsun. İdmana ayrılan büdcələr federasiyaların özünə verilsin. Məmurlar federasiya prezidenti olmaq hüququndan mən edilsinlər. İdman siyasətdir, bəli, amma qara pulların yuyulması və ya məmurun kefi ilə davrana biləcəyi bir sektor deyil. Biz bu siyasəti düzgün əllərlə, düzgün qurmalıyıq ki, dünyadakı idman arenalarında üzümüz ağ olsun. İdman həm də sivil insanların sağlam həyat tərzidir. Seçimə görə zövqdür. İndi artıq ölkədə məhşur bir voleybol arnasını belə qalmadı, üstəlik, Faiq Qarayev boyda voleybol mütəxəssisi yaşının ən məhsuldar dönəmində ölkədən gedişini bəyan elədi, daha nə qalır ki, daha kim qalır ki?! Və ən dəhşətlisi də o ki, gedənlərin yerini dolduran mütəxəssislər hələ ki, yoxun altındadır. Və zamanında Heydər Əliyevin sevdiyi oyun, indiki ölkə başçısının hər zaman dəstəyini görən idman növü və baş məşqçi də artıq gedirsə, deməyə artıq söz qalmır. Hamı gedir, qalanların kimdir AZƏRBAYCAN?!..
Jalə Mütəllimova
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.