“Qarşımızda məğlub olmuş düşmən deyil, onu silahlandıran, müdafiə edən müttəfiqi dayanıb”
18-08-2021, 07:19

Azərbaycan dövlət başçısı İlham Əliyevin SNN Türk-ə verdiyi müsahibəni həm müharibədən əvvəl, müharibə dövrü və postmüharibə zamanına bir baxış-təhlilin, həm də bu istiqamətdə atılacaq perspektiv siyasi və hərbi addımların konturlarını əks etdirən mövqenin göstəricisi kimi dəyərləndirmək olar. Əlbəttə, yaxın keçmişin təhlili tarixi baxımdan nə qədər diqqətəlayiqdirsə, Azərbaycan cəmiyyətini daha çox postmüharibə dövrü, bu günün narahatlıq doğuran vəziyyəti, yaxın gələcəyin necə olacağı maraqlandırır.
Müharibədə qazanılan qələbənin verdiyi ruh bu gün də dərin psixoloji, siyasi, hərbi sarsıntı keçirən düşmən üzərində növbəti qələbəni qazanmağın çətin olmayacağına inam yaradıb. Amma, hələ də böhran içində olan düşmən tərəfdə davam edən proseslər göstərir ki, onların yenə də güvəndikləri, arxalandıqları qüvvə bizim üçün əsas mane olaraq qalır. Bu, Azərbaycan ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələridir. Azərbaycan prezidentinin sərrast şəkildə ifadə etdiyi “Rusiya Azərbaycanın qonşusu və Ermənistanın yaxın müttəfiqidir” sözləri, məsələnin mahiyyətini bütün dünya üçün bir daha sübut etdi ki, hakim rolunda çıxış edən qüvvə tərəf tutur və onun sülhməramlı adı ilə fəaliyyəti də birtərəflidir. Fakt kimi də ortaya Rusiyanın Ermənistanı yenidən silahlandırması qoyuldu. “Bizim gözləntimiz odur ki, Rusiya Ermənistanı silahlandırmasın. Biz bu məsələni Rusiya tərəfinə çatdırmışıq. Ermənistanı silahlandırmaq heç bir məntiqə sığmır”. Bu sözlər qarşı tərəfə diplomatik, mədəni və ehtiyatla deyilmiş ciddi iraddır.
Məhz, bu cür tərəf tutmanın nəticəsidir ki, postmüharibə dövrü ərzində 10 noyabr bəyanatının ən əhəmiyyətli maddələri yerinə yetirilmir. Bu, təhlükəsizlik baxımından ilk növbədə erməni silahlı birləşmələrinin çıxarılması maddəsidir ki, hələ də icra olunmur. RF XİN rəhbəri Sergey Lavrov 28 iyunda BMT -nin qaçqınlarla iş üzrə Ali Komissarı ilə “Dağlıq Qarabağ qaçqınlarının qaytarılması” məsələsini müzakirə edir, amma yenə birtərəfli qaydada – erməni qaçqınlarının qayıdışı əsas xətt kimi aparılır.
Deməli, Rusiyanı bu maddələrin yerinə yetirilməsinə təhrik etmək lazımdır. Rusiya heç vaxt öz xoşu ilə bu vacib məsələləri həll etməyəcək. Azərbaycan cəmiyyətini narahat edən də Qarabağın hələ də işğalda qalan hissəsinin nə vaxt azad ediləcəyidir. Rusiya Xankəndinə Azərbaycanın nəzarət etməsini istəmir, qəbul etmir, mane olur. Və yalnız Xankəndinə deyil, Laçın rayon mərkəzinə və Kəlbəcər istiqamətində olan Laçın rayonunun kəndlərinə nəzarət edə bilmirik. Məğlub etdiyimiz ölkə heç vaxt bizim dövlət sərhədimizi tanımayacaq və sülh müqaviləsi imzalamayacaq. Biz düşmənin pozitiv addımını gözləsək əsrlər keçəcək. Biz sərhədlərimizi özümüz müəyyən edib mühəndis sərhəd qurğularını yaratmalıyıq.
Ən əsası isə Laçın dəhlizi istiqamətində dövlət sərhədinə nəzarəti bərpa etməliyik. Bu məsələni daha çox qabartmalı, siyasi gündəmə gətirməliyik, nəinki qeyri-müəyyənliklə müşayət olunan Zəngəzur dəhlizini. Bizə heç öz ərazimizdə, konkret olaraq Tərtər-Kəlbəcər yolu ilə, Ağdam-Şuşa yolu ilə hərəkət edə bilmirik, sülhməramlılar təhlükəsizliyimizi təmin etmirlər, o zaman Ermənistan ərazisində hərəkət etməyimizə Rusiya tezliklə şərait yardacaqmı? Hətta, öz mənafeyi naminə bunu etsə belə bizim Xankəndinə nəzarətimiz bərpa olacaqmı? Xankəndinə nə qədər insanın, nə qədər texnikanın giriş-çıxış etməsini bilməyimiz, o yerlərdə nə qədər erməni yaşamasını dəqiq öyrənməyimiz hələ problemi həll edəcəyimizə şərait yaratmır. Problemin həlli o maşınların, insanların giriş-çıxışına birbaşa nəzarət etməmizdən keçir ki, onun da həlli Laçın dəhliuzi istiqamətindəki dövlət sərhədinə nəzarətimizlə bağlıdır.
Postmüharibə dövrünün problemləri hər gün dərinləşir. Bizim keçmiş Dağlıq Qarabağa nəzarətimiz olmadıqca, azad edilmiş torpaqlarda məskunlaşmamız da problem olaraq uzun müddət davam edəcək.
Qarşımızda məğlub olmuş düşmən deyil, artıq onu silahlandıran və müdafiə edən müttəfiqi – Rusiya dayanıb. Narahatçılığımız bundandır. Rusiya sürətlə Ermənistanı silahlandırır. Kimə qarçı? Təbii Azərbaycana. Rusiya vaxt udmaq üçün çox bəhanələr gətirəcək. Yeri gələndə Talibanı, Dumaya seçkiləri, Zelenskinin ABŞ-a səfərini də bəhanə gətirib bizim Xankəndiyə nəzarətimizi illərlə yubadacaq və növbəti beşillik müddəti Qarabağda qalması üçün qarantiyaya alacaq. Bu tanıdığımız Rusiyadır.
Postmüharibə dövrü qələbə ilə yanaşı problemlər də gətirib, onun həllinin zamanı uzandıqca problemin gərginliyə keçməsi sürətlənəcək. Talibanın bu sürətlə ölkəyə nəzarət edəcəyini Bayden gözləmədiyi kimi dünyada hələ nələr baş verəcəyi və düşmənimizin bundan necə yararlanacağı da gözlənilməzliklər sırasında ola bilər.
İlham İsmayıl