Milli Şura Minsk Qrupunu çağırır: erməniyə status istəyənlərlə əl-ələ...
25-08-2021, 08:56

Milli Şura (MŞ) ötən həftə bəyan edib ki, Minsk Qrupunun (MQ) bərpası dövlət maraqlarımıza cavab verir. “Yeni Müsavat”ın xəbərinə görə, MŞ bunu Rusiyanın Qarabağ məsələsində dominantlığına son qoymaqla izah edir. Milli Şura liderlərinin fikrincə, Minsk Qrupunun qayıdışı ilə Rusiyanın təsirləri azala bilər.
Lakin onların bu iddiaları indilikdə əsaslı hesab edilə bilməz. Ən azı o səbəbdən ki, 30 il ərzində heç bir irəliləyiş əldə etməyən Minsk Qrupunu müharibədən sonra yenidən dəvət etməyin mənası yoxdur. Üstəlik, 44 günlük müharibə qurtarandan sonra tam anti-Azərbaycan mövqeyi ilə seçilir, bir ovuc erməniyə yenidən status verilməsini gündəmə gətirir. Yəni Minsk Qrupunun heç bir konstruktiv təklifi yoxdur. Eyni zamanda həmsədrlər Bakıda olanda Prezident İlham Əliyev onlara söylədi ki, sizi heç kəs çağırmayıb, öz təşəbbüsünüzlə gəlmisiniz, sözünüz varsa buyurun. Bununla da münaqişənin həllində heç bir rolu olmayan və 30 il Azərbaycanı aldadan Minsk Qrupuna “yaxşı yol” deyildi.
Sitat: “Buraya gəlmək sizin ideyanız idi. Bunu bir daha kameralar qarşısında deyə bilərəm. Mən Minsk Qrupunu səfərə dəvət etməmişəm. Lakin mənə məlumat verəndə ki, Minsk qrupu gəlmək istəyir, dedim gəlsinlər, etiraz etmirəm. Bəlkə onların mənə sözləri var. Əgər siz bunu kamera qarşısında söyləmək istəyirsinizsə, buyurun. Əgər istəmirsinizsə, mən onlara deyim getsinlər. Necə istəsəniz. Buyurun, sizi dinləyirəm”.
Bu çıxış həmsədrləri qovmaqdan betər idi. Doğrudan da Minsk Qrupunun bundan sonra nə işlə məşğul olacağı maraqlıdır. Hər halda, rəsmi Bakının həmsədrlərin vasitəçilik missiyasına ehtiyacı qalmayıb. Ermənistan tərəfinin Minsk Qrupunun fəallaşması ilə bağlı mövqeyi fərqli ola bilər. Amma üçtərəfli bəyanat imzalanıbsa, işğala son qoyulubsa, Azərbaycan həmsədrlərdən nə gözləməlidir? Ümumiyyətlə, biz nə vaxt yaramaz Minsk Qrupundan qurtulacağıq?
Məsələn, ABŞ-ın Ermənistandakı səfiri Lin Treysi son olaraq deyib ki, “Dağlıq Qarabağın status məsələsi həll olunmadan münaqişə nizamlana bilməz”. O, ABŞ-ın Minsk Qrupunun həmsədri kimi səylərini davam etdirəcəyini deyib. “Biz Minsk Qrupunun həmsədri kimi vəziyyətin gərginləşməsinə qarşı addımlar atmağa, insidentləri önləməyə çalışacağıq ki, müharibəsonrası hədəfləri yerinə yetirə bilək”, - deyə səfir qeyd edib. Rəsmi Bakı birmənalı olaraq MQ ilə bu istiqamətdə danışıqların davam etdirilməsinin əleyhinədir. Bəs niyə Milli Şura Azərbaycanın əleyhinə olan MQ fəaliyyətinin bərpa edilməsini istəyir? Ermənilərə status istəyən Minsk Qrupu kimi Milli Şura da eyni mövqedədir, yoxsa bununla özlərini Qərbə xoş göstərmək istəyirlər? Minsk Qrupunun fəaliyyətinin bərpası doğrudanmı dövlət maraqlarımıza uyğundur?
AĞ Partiya başqanı Tural Abbaslı Minsk Qrupunun fəaliyyətinin bərpasına ehtiyac görmür. T.Abbaslının “Yeni Müsavat”a bildirdiyinə görə, onların 30 il fəaliyyətsizliyini görmüşük: “Və 44 günlük müharibə və sonrakı dönəm göstərdi ki, Fransa və ABŞ Ermənistanın yanındadır. Amma indi Rusiya-Türkiyə var. Burada rus ermənilərin, türk bizim yanımızdadır. Əgər Minsk Qrupu bərpa olunsa, onda erməni tərəfdarlarının sayı artacaq. Ona görə Fransanı bu prosesə dəvət etmək ən azı siyasi savadsızlıqdır.” T.Abbaslı hesab edir ki, Rusiya Qarabağ məsələsində özünə lazım olan mövqeləri tutub: “Yəni sülhməramlıları yerləşdirib, üçtərəfli bəyanat imzalanıb, regionda təsiri artıb. İndi Moskva maraqlıdır ki, Minsk Qrupu fəaliyyətə başlasın və status məsələsini gündəmə gətirsin. Biz onların işini bərpa etsək, onda status dərhal aktuallaşacaq və Rusiyanın əlinə oynamış olacaq. Odur ki, belə bir təşəbbüslə çıxış etmək siyasi savadsızlıqdır. Bizə Minsk Qrupu lazım deyil. Azərbaycan Türkiyə ilə birgə problemləri yoluna qoymalıdır. İndiyə qədər həmsədrlərin münaqişənin həllində Azərbaycanın maraqlarını təmin edəcək mövqeyi olmayıb. Müharibə bitib, indi də status söhbətini dilə gətirirlər, bunu deyənləri niyə dəvət etməliyik?”
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev bildirdi ki, Milli Şuranın mövqeyində təəccüblü heç nə yoxdur. Onun sözlərinə görə, MŞ müharibədən əvvəl də deyirdi ki, hakimiyyət dəyişəcək, demokratik Qərb Ermənistana təsir edəcək və onlar əraziləri boşaldacaq: “Minsk Qrupu ilə bağlı dedikləri də bu mövqenin davamıdır. Yəni onlar nicatı Qərbdə görür. Amma həmsədrlərlə bağlı məsələ bitib. Çünki tərəf tuturlar, ermənilərə status verilməsindən danışırlar. Azərbaycanın rəsmi səviyyədə siyasəti ondan ibarətdir ki, heç bir status ola bilməz. Ona görə Minsk Qrupuna ehtiyac yoxdur. Həmin Fransadır ki, Ermənistanı açıq dəstəkləyir, həmin Avropa Birliyidir ki, onlara maliyyə ayırır, həmin ABŞ ermənilərə yardım edir. O halda Minsk Qrupu niyə qayıtmalıdır? Əgər 30 ildə heç bir iş görməyiblərsə, bundan sonra nə edəcəklər? Biz Türkiyə ilə birgə addım atmalıyıq və sülhməramlıların zamanı gələndə bölgədən çıxmasına nail olmalıyıq”.
Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Nəsimi Şərəfxanlı bildirdi ki, Qarabağ münaqişəsinin həlli ilə bağlı Minsk Qrupunun və digər beynəlxalq təşkilatların 30 illik uğursuz təcrübəsi var: “Zaman və gedişat torpaqların azad olunmasının, ərazi bütövlüyünün bərpasının yalnız Azərbaycanın gücünə bağlı olduğunu göstərdi. Bu gün Azərbaycan dövlət sərhədini bərpa edib. İndiki situasiyada nəinki Minsk Qrupuna, ümumiyyətlə, vasitəçiyə gərək yoxdur. Bakı və İrəvan bütün problemləri öz arasında həll edə bilər və fikrimcə, düzgün yol da budur. Yenidən prosesi əvvəlki dalana gətirmək Azərbaycanın nəzarətində olmayan kiçik bir hissədə qanunsuz erməni silahlı birləşmələrinin ömrünü uzatmağa xidmət edir”.
“Yeni Müsavat”