Vazkeçilməz qocalar - Hakimiyyətdəki “sonuncu qoca mogikanlar”...

26-08-2021, 08:51           
Vazkeçilməz qocalar -
Son illər hökumətdə aparılan islahatlar, bir sıra dövlət qurumlarının ləğv edilməsi, yenilərinin ayaradılması kadr siyasətində də özünü göstərib. Hazırda “köhnə komanda”dan qalan məmurların sayı barmaqla sayılacaq qədərdən də azdır.

“Köhnə komanda” dedikdə, söhbət təbii ki, mərhum Prezident Heydər Əliyevin sərəncamları ilə vəzifə alan yüksək çinli məmur heyətindən gedir. 2003-cü ildə İlham Əliyev prezident seçildikdən sonra bir sıra mühüm postlarda dəyişikliklər etsə də, indiyədək vəzifədə qalmağı bacaran nazir və komitə sədrlərimiz də var. AFN hakimiyyətin “sonuncu mogikanları”nı təqdim edir:

Dövlət İmtahan Mərkəzinin (keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) sədri Məleykə Abbaszadə bu qurumda nə az, nə çox 27 ildir fəaliyyət göstərir. 1994-cü ilin avqustundan 2000-ci ilin oktyabrına kimi TQDK sədrinin müavini işləyən xanım Abbaszadə həmin tarixdən indiyədək ali imtahan qurumunun rəhbəridir. M.Abbaszadə ixtisasca riyaziyyatçıdır. 1970-ci ildə Bakı şəhərində orta məktəbi bitirib M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin həmin ildə yaradılmış hesablama riyaziyyatı və kibernetika fakültəsinə daxil olub. 1975-ci ildə universiteti bitirib, Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutuna baş laborant vəzifəsinə təyin edilib.
1953-cü ildə anadan olub.

Kəmaləddin Heydərov tarixə tək uzunömürlü məmur kimi deyil, həm də ilk fövqəladə hallar naziri kimi düşüb. Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci il 16 dekabr tarixli Sərəncamı ilə yaradılmış Fövqəladə Hallar Nazirliyinə rəhbər təyin edilənədək K.Heydərov Dövlət Gömrük Komitəsinin sədri işləyib. Bu vəzifəyə isə onu 1999-cu ilin yanvarında H.Əliyev təyin edib. Azərbaycan Dövlət Universitetinin geoloji-kəşfiyyat fakültəsini, Azərbaycan Universitetinin hüquq fakültəsini bitirib. Əmək fəaliyyətinə 1978-ci ildə "Xəzərdənizneftqaz" kəşfiyyatı idarəsində başlayıb, texnik və geoloq vəzifələrində çalışıb.
1961-ci ildə anadan olub.

Baş nazirin birinci müavini Yaqub Eyyubov bu vəzifəyə 2003-cü ilin noyabrında gətirilib. Prezident İlham Əliyevin imzaladığı ilk təyinat sərəncamlarından biri məhz onunla bağlıdır. Buna qədər isə o, Baş nazirin müavini işləyib. 1999-cu ildə H.Əliyevin sərəncamı ilə bu vəzifəyə təyinat alan Y.Eyyubov ixtisasca inşaat mühəndisidir. Əmək fəalliyyətinə 1964-cü ildə leyt.Şmidt adına zavodda tornaçı kimi başlayıb.
1945-ci ildə anadan olub.

Ədliyyə naziri Fikrət Məmmədov 2000-ci ildən bəri Azərbaycanda ədliyyə sahəsində dövlət siyasətinə və tənzimlənməsinə nəzarəti həyata keçirir. İxtisasca hüquqşünasdır. 1977-ci ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakültəsini, 1988-ci ildə Bakı APM-nı (Dövlət İdarəçilik Akademiyası) bitirib. Əmək fəaliyyətinə 1977-ci ildə rayon prokurorunun köməkçisi kimi başlayıb.
1955-ci ildə anadan olub.

Mərkəzi Bankın sədri Elman Rüstəmov 1995-ci ildən bu vəzifədədir. Həmin ilin yanvarında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin Sədri vəzifəsinə təyin edilib. Daha sonra 2000, 2005, 2010, 2015 və 2020-ci illərdə Prezidentin təqdimatı ilə Milli Məclisdə növbəti 5 il müddətinə bu vəzifəyə təsdiqlənib. 1973-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu "Xalq təsərrüfatının planlaşdırılması" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.
Əmək fəaliyyətinə 1973-cü ildə Azərbaycan SSR Dövlət Plan Komitəsi yanında Elmi-tədqiqat İqtisadiyyat İnstitutunun iqtisadçısı vəzifəsində başlayıb.
1952-ci ildə anadan olub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.