Prezident və xanımı Forumun açılışında
10-03-2016, 12:20
Bu gün Bakıda “Çoxqütblü dünyaya doğru” mövzusunda lV Qlobal Bakı Forumu öz işinə başlayıb.
Forumun açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, ölkənin birinci xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edirlər.
Trend-in məlumatına görə, iki gün davam edəcək tədbirdə qlobal etimadsızlıq və təhlükəsizlik (İŞİD və terrorizm; Suriya, Ukrayna münaqişələri); regional dinamiklik və təhlükələr (İran, Xəzər regionu, Suriya və daha geniş Avropa); iqtisadi amillərin əhəmiyyəti və qeyri-bərabərliyi, Qərbin zəifləməsi və qlobal iqtisadi çətinliklərin ciddi nəticələri; iqlim dəyişikliyi və enerji siyasəti: neft istehsal edən ölkələrin rolu; multikulturalizm, dinlərarası dialoq və qarşılıqlı inteqrasiya kimi mühüm istiqamətlər üzrə müzakirələr aparılacaq.
“Müasir dövrün qlobal çağırışı” adlı açılış sessiyasında bir sıra digər dövlət və hökumət rəhbərləri çıxış edəcək, habelə video-müraciətlər nümayiş etdiriləcək.
Plenar sessiyada və panel iclaslarında dövlət və hökumət başçıları, tanınmış ictimai-siyasi xadimlər, nüfuzlu ekspertlərin iştirakı ilə gündəlikdə nəzərdə tutulmuş mövzular ətrafında müzakirələr və fikir mübadiləsi aparılacaq.
Forumun işində 7 fəaliyyətdə olan prezident, 1 vitse-prezident, 27 sabiq prezident, 23 sabiq baş nazir və çoxlu sayda fəaliyyətdə olan və keçmiş rəsmi şəxs, həmçinin nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri və yüksək vəzifəli nümayəndələri, tanınmış siyasətçilər, ekspertlər iştirak edirlər.
lV Qlobal Bakı Forumunda dünyada iqtisadi, siyasi və humanitar proseslər, qlobal təhlükəsizlik, etnik, dini və siyasi zəmində baş verən münaqişələr, insan hüquqları, gənclər, miqrasiya, multikulturalizm, inteqrasiya və digər mühüm məsələlər müzakirə ediləcək, mövcud problemlərin həlli yolları araşdırılacaq.
Qeyd edək ki, “Çoxqütblü dünyaya doğru” mövzusunda Qlobal Bakı Forumu siyasi, iqtisadi və humanitar sahələrdə dövrümüzün aktual məsələlərinin, dünyada baş verən mühüm hadisələr və cərəyan edən proseslərin müzakirə olunduğu mühüm platformadır. Bundan əvvəl keçirilmiş üç forum (I, II və III Qlobal Açıq Cəmiyyətlər Forumu 2013-cü, 2014-cü və 2015-ci illərdə Bakı şəhərində keçirilmişdir) mövzuların genişliyi və aktuallığı, yüksək səviyyəli təmsilçilik və tədbirdə iştirak edən nümayəndələrin fəallığı baxımından dünya ictimaiyyətinin və beynəlxalq medianın diqqətini çəkib.