Baydenin arxasında başqaları durur... - Amerikanı əslində kim idarə edir… - TƏHLİL
19-10-2021, 08:16

Cozef Bayden ən populyar olmayan Amerika prezidentlərindən biri olaraq qalır. Onun yürütdüyü siyasət başa düşülmür və hər hansı bir səhv və ya ağzından çıxan yanlış söz medianın diqqətindən yayınmır. Ancaq ABŞ-da birinci şəxsin gücü istənilən halda çox məhduddur. Konqres, tanınmış demokratlar və respublikaçılar mühüm rol oynayır. Güclü lobbi qrupları da pərdəarxasında Ağ Evin qərarlarına təsir edə bilər. “RİA Novosti” Vaşinqtonun kölgə idarəçiliyini araşdırmağa çalışıb. Moderator.az həmin məqaləni oxucularına təqdim edir.
Əldən gedən populyarlıq
Baydenin hərəkətləri indi amerikalıların yalnız üçdə biri tərəfindən bəyənilir və əhalinin yarısı onun işini mənfi qiymətləndirir - bunlar Kvinnipek Universitetinin apardığı araşdırmanın nəticələridir. Miqrasiya böhranı, Əfqanıstandakı uğursuzluq, iqtisadiyyatdakı problemlər də sözünü dedi.
Baydenin populyarlığı o dərəcədə zəifləyib ki, hətta sələfi Donald Tramp da Ağ Ev uğrunda yenidən mübarizə aparmaq istəyini ifadə edərək üç il irəli baxır. O, hazırkı dövlət başçısını sadəcə, bacarıqsız hesab edir. Ümumiyyətlə, Baydenə tez-tez yaşı (78 yaş) və sağlamlıq vəziyyətini xatırladır, unutqanlığı və zəifliyini irad tuturlar. Əslində ölkəni vitse-prezident Kamala Harrisin idarə edəcəyi ilə bağlı davamlı şayiələr dolaşırdı.
Əvvəllər dövlətin ikinci şəxsinin əsas vəzifəsi Senatda sədrliyə və mübahisəli qanunların taleyini həll etməyə bərabər tutulardı. Ancaq XX əsrin ikinci yarısından etibarən vitse-prezidentlər tam hüquqlu siyasi oyunçulara çevrildi. Harri Trumen öz müavinini Milli Təhlükəsizlik Şurasına daxil etmişdi, Duayt Eyzenhauer ortağını təxminən 70 günlük bir dünya turuna göndərmiş və bu müddət ərzində o, Yaxın Şərq və Asiya ölkələrinin bir çox liderləri ilə ünsiyyət qurmağı bacarmışdı. Cimmi Karterin dövründə vitse-prezident olmuş Uolter Mondeyl kəşfiyyat nümayəndələri ilə şəxsi brifinqlərə qatılmış və Sovet İttifaqı ilə uzunmüddətli qarşıdurmaya yönəlmiş “yeni nüvə strategiyası”nın hazırlanmasına kömək etmişdi.

ABŞ, Vaşinqtondakı Kapitoliya günbəzi
Ata Corc Buş Ronald Reyqan administrasiyasında iki müddət vitse-prezident vəzifəsində çalışdıqdan sonra ölkəyə rəhbərlik etdi. Corc Buşun müavini millət vəkili Dik Çeyni isə ümumiyyətlə, “boz kardinal” sayılırdı. O, Əfqanıstana qoşun göndərilməsini və İraqdakı müharibəni dəstəkləyirdi, 11 sentyabr terror hücumundan sonra təhlükəsizlik sistemini yaratmış, terrorda şübhəlilərə işgəncə verilməsini təsdiqləmişdi. Hakimiyyət istəyinə və qəddarlığa meyliliyinə görə ona Dart Veyder (“Ulduz müharibələri”nin qara libaslı personajı - red.) ləqəbi verilmişdi.
Bayden özü Barak Obamanın dövründə müavin olaraq Hillari Klintonu qıcıqlandıran dövlət katibi vəzifələrini yerinə yetirirdi. İraq kampaniyasına və Ukrayna böhranına nəzarət edərək yalnız diplomatik kanallardan deyil, həm də şəxsi əlaqələrindən də istifadə edirdi. Donald Trampla birlikdə işləyən Mayk Pens isə həm daxili, həm də xaricdəki siyasətçiləri sakitləşdirən sülhməramlı rolunda olub .
Ümidləri doğrultmayan ortaq
Kamala Harris seçkiqabağı yarış zamanı patronundan demək olar ki, daha nüfuzlu sayılırdı. Demokratlar uğurlu tandemi proqnozlaşdırırdılar. Tramp da daxil olmaqla, respublikaçılar onun Baydenin yerinə ölkəni idarə edəcəyini söyləyirdilər. Ancaq əksinə oldu: Ağ Ev bəzən vitse-prezidentin problemlərini həll etməli olur.
Harris siyasi uğurla öyünə bilməz, nadir hallarda ictimaiyyət qarşısına çıxır və mətbuatın verdiyi məlumata görə, heç bir şəkildə öz qərargahında normal iş qura bilmir - işçilər sadəcə, oradan qaçırlar. “Orada insanlarla tullantı kimi davranırlar”, - deyə anonim bir mənbə “Politico”ya bildirib.
Verilən vəzifələrin öhdəsindən gəlmək də uğursuzluqla nəticələnir. Prezident Kamalaya Latın Amerikasından gələn nəzarətdən çıxmış qaçqın axını ilə bağlı vəziyyəti yoluna qoymağı, koronavirusa qarşı peyvəndlənməni sürətləndirməyi və amerikalıların seçki hüququnu qorumağı tapşırdı - seçki qanunu pozuntuları iddiaları partiyalararası çəkişmələri daha da artırdı. Ancaq miqrasiya böhranının həlli hələ ki, Harrisin gücü xaricindədir, peyvənd kampaniyası isə yerində sayır. Seçicilərin hüquqlarının genişləndirilməsi ilə bağlı qanun layihəsi isə respublikaçılar tərəfindən bloklandı.

ABŞ-ın vitse-prezidenti Kamala Harris Vaşinqtonda
Vitse-prezidentin populyarlığı göz önündə əriyir. Amerikalıların 50 faizi ona güvənirdi, indi isə 40 faizdən bir az çoxdur. Amerika mətbuatının yazdığına görə, Ağ Ev də ondan narazıdır.
Amerika siyasətinin nüfuzlu insanları
ABŞ-da Bayden və Harrisdən sonra üçüncü şəxs Nümayəndələr Palatasının sədri, 81 yaşlı Nensi Pelosi hesab olunur. O həm yüksək siyasi bəyanatlar, həm də radikal hərəkətləri ilə məşhurdur. Konqresdə “madam spiker” və ya “Trampa meydan oxuyan qadın” adlandırılan Pelosi ölkədə ABŞ prezidentinə qarşı üçüncü impiçment prosedurunu başlatmışdı. Hazırda o, Baydenin təşəbbüslərini fəal şəkildə dəstəkləyir.
“Pelosi çox nüfuzlu bir xanımdır. Ancaq təkcə onu qiymətləndirmək lazım deyil. Hər iki partiyada digər vacib simalar da var: elita, tanınmış senatorlar”, - deyə Y.M.Primakov adına Rusiya Elmlər Akademiyası nəzdində Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun Şimali Amerika Araşdırmaları Mərkəzinin rəhbəri Viktoriya Juravlyova izah edir.
Respublikaçılar arasında Senatda azlıqların lideri Mitç Makkonell, demokratlarda isə çoxluqların lideri Çak Şumer fərqlənir. Həmçinin müxtəlif vaxtlarda prezidentliyə namizəd olan və demokratların sol qanadını təmsil edən və mətbuatda aktiv görünən senatorlardan Berni Sanders və Aleksandriya Okasio-Kortes, respublikaçılar Marko Rubio, Ted Kruz, Rend Pol, Lindsi Qrem və bir çox başqaları var.
Onlar televiziyada çıxış edərək, partiyalarının əleyhinə getməkdən qorxmadan ictimai rəyə təsir etməyə, yeni fikirlər irəli sürməyə çalışırlar. Bu yaxınlarda Qərb mətbuatı belə bir xəbər yaydı: “Konqres və konkret olaraq senator Kruz “Şimal axını-2”yə qarşı sanksiyalar istəyir”. Ağ Ev bununla razılaşmır. Buna cavab olaraq Kruz yeddi Amerika səfirinin təsdiqlənməsinə mane olur. Və bu, Birləşmiş Ştatların beynəlxalq aləmdəki nüfuzuna xələl gətirir.
Juravlyova ayrı-ayrı şəxslərin Amerika siyasətinə təsirinin o qədər də böyük olmadığını söyləyir. ABŞ-da həm daxili, həm də xarici qərarlar kollektiv olaraq qəbul edilir. Prezident administrasiyası və konqres bu işdə iştirak edir.

Senator Ted Kruz Vaşinqtonda
“Liderin partiyasının dəstəyinə ehtiyacı var. Növbəti seçkilərdə qalib gəlməsinə kömək edəcək qanun layihələrini irəli sürmək onun maraqlarına uyğundur. Ted Kruz aktiv bir respublikaçıdır, tez-tez mediada görünür. Ancaq senator kimi üzdə olmaq, partiyanın, konqresin və xüsusilə də prezidentin qərarlarına təsir etmək üçün öz elektoratının olması kifayət deyil. İnsanların sizin fikirlərinizlə razılaşması vacibdir”, - deyə amerikaşünas vurğulayır.
Gəldi və ləğv etdi
Lakin demokratlar və respublikaçıların bir araya gəlmələri getdikcə çətinləşir. Bundan əlavə, onlar lobbiçilərin təzyiqi altındadır. “Dövlət və özəl təşkilatların nümayəndələri onlara lazım olanları qanun layihəsinə daxil etməyi və ya nəyisə oradan çıxarmağı xahiş edirlər. Biznes Amerika siyasətində böyük rol oynayır. Məsələn, sağlamlıq problemlərini müzakirə edərkən, xəstəxana və həkimlərin maraqlarını təmsil edən əczaçılıq şirkətləri və təşkilatları əsas söz sahibidirlər”, - deyə Y.M.Primakov adına Rusiya Elmlər Akademiyası nəzdində Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun Şimali Amerika Araşdırmaları Mərkəzinin kiçik elmi işçisi Anastasiya Bunina izah edir.
Əgər konqresin palatalarından birində kompromisə gəlmək mümkün olursa, digər palata qanun layihəsini qəbul etməlidir. Burada özlərinin təzyiq rıçaqları var. Məsələn, millət vəkilləri sənədi təsdiqləməyib yenidən işlənməsi üçün geri göndərə və hətta “qutuya ata” bilərlər. “Fraksiya liderlərinin təşəbbüsləri nəzərdən keçirməli olduqları cədvəl var. Əgər sənəd onlara maraqlı deyilsə,onu,sadəcə,planlara daxil etməyəcəklər”, - deyə Bunina bildirir.
Prezident konqreslə əlaqələndirmədən qərarları müstəqil olaraq qəbul edə, icra əmrləri verə bilər. Ancaq iş orasındadır ki, növbəti dövlət başçısı bunu asanlıqla ləğv edəcəkdir. Trampla da vəziyyət belə olub. Prezidentliyinin ilk günündə Bayden sələfinin ən mübahisəli direktivlərini ləğv edən 17 fərman imzaladı. Qələmin bir toxunuşu ilə gedən siyasətçinin bütün irsi silinir, növbəti gələn isə artıq təkbaşına hərəkət etməkdən ehtiyatlanır. Demokratiya budur.
Tərcümə və təqdim etdi: Miraslan