Ermənistan kollapsda və boğulur - Rusiya və Avropa “reanimotoloq” rolunda

21-10-2021, 09:58           
Ermənistan kollapsda və boğulur - Rusiya və Avropa “reanimotoloq” rolunda
Yollar təcili açılmasa, İrəvan təklif edilən “Yol xəritəsi” ilə razılaşmasa, ölkə tam boşalacaq; erməni ekspertlərdən SOS!: “Ermənistandan belə kütləvi köç heç vaxt olmamışdı...”
Dünən Moskvada Azərbaycan, Rusiya və Ermənistan baş nazirləri müavinlərinin həmsədrliyi ilə ortaq komissiyanın növbəti iclası keçirilməli idi. 10 noyabr 2020 və 11 yanvar 2021-ci üç üçtərəfli sazişləri əsasında yaradılmış qurumun əsas hədəfi 44 günlük müharibədən sonra bölgədə bütün kommunikasiyaların, yolların və sərhədlərin açılmasına nail olmaqdır.

Dəfələrlə yazdığımız kimi, üçtərəfli komissiyanın işinin müsbət yekunu hamıdan çox Ermənistana lazımdır ki, düşdüyü dərin iqtisadi böhran bataqlığından çıxmaq şansı bulsun. Amma fikir verin ki, bir neçə gün öncə İrəvanda Rusiya əleyhinə keçirilən yürüşdə səsləndirilən əsas şüarlardan biri, nə qədər heyrətamiz də görünsə, kommunikasiyaların açılmasına qarşı olub.

*****

İndi bu anormal millətə daha hansı epiteti yapışdırasan? Həm acından ölürlər, səfalət içində imdad diləyirlər, həm də Azərbaycan və Türkiyə ilə sərhədlərin açılmasına qarşıdırlar. Amma 30 illik işğal dövründə bar-bar bağırırdılar ki, Bakı və Ankara Ermənistanı blokadada saxlayır. Hətta misilsiz sırtıqlıqla Azərbaycanı “azad artsax xalqına qarşı təcavüz”də suçlayırdılar. Gerçək təcavüzkar özləri ola-ola!

Sən demə, Azərbaycan və Türkiyə işğalçının başını tumarlamalı, onun iqtisadi inkişafına kömək eləməli imiş. Axı ermənilər bəşəriyyətə “böyük töhfələr” vermiş, “xristianlığı ilk qəbul eləmiş” unikal, “Qırmızı kitab”a düşən toplumdur.

Amma indi bu nadir, bütün millətləri özlərinə borclu bilən xalq, daha dəqiqi, vəhşi və anormal qəbilə və onun saxta dövləti bir ildir üzüqoylu qalıb. Ona uzadılan kömək əlini, atılan “xilas kəməri”ni isə tutmaq, köməkdarlara minnətdarlıq eləmək əvəzinə, yenə də tipik erməni həyasızlığı ilə köhnə və sərsəm iddialarla çıxış edir. Bunlar gerçəkdən, unikal məxluqlardır.

Zaman isə sürətlə gedir və Ermənistan adlı kvazi-dövləti bir az da quyunun dibinə aparır. Proseslərin gedişini pis-yaxşı analiz eləməyi bacaran tək-tük erməni ekspertlər də bunu görür və həyəcan təbili çalırlar. Hərçənd onlar da səbəb-nəticə əlaqəsini yanlış izah edir, əsas səbəbi aparıb Paşinyanın idarəçiliyinə bağlayırlar.

Halbuki Ermənistanın 1 nömrəli problemi ona kimin rəhbərlik eləməsi deyil, hələ də sağalmayan “erməni xəstəliyi”dir. Yad torpaqlarda xoşbəxtlik axtarmaq mərəzidir. Ermənilər öncə bu mərəzdən qurtulmalıdırlar, sonra hansısa fərsiz iqtidardan...

*****

“İlin 8 ayının məlumatları göstərir ki, ölkədən axın çox böyükdür. Adətən ildə 35-40 min adam gedirdi, indi 100 minə yaxındır”.

Bunu Ermənistan Milli Elmlər Akademiyasının akademiki, sosioloq Gevorq Poqosyan “Ermənistanın səsi” qəzetinə müsahibəsində deyib.

Paşinyan hakimiyyəti ləyaqətlə getmək şansını itirdi”

Sosioloqun fikrincə, istənilən hakimiyyətin ləyaqətlə getmək məqamı olur, amma Paşinyanın komandası üçün bu məqam çoxdan əldən verilib. “Və ona görə də ən pis ssenari qalır: hakimiyyəti getməyə məcbur edirlər. Mən indi tarixi paralellər gətirmək istəmirəm, amma tarixdə belə nümunələr az deyil. Hansı ki, nəinki bacarıqsız, eyni zamanda antimilli xarakter almış hakimiyyəti demokratik olmayan yollarla qovurlar. Bu bir ssenaridir. Digəri kütləvi mühacirətdir. Düzünü desəm, bu məni daha çox narahat edir. Artıq ilin 8 ayının məlumatları göstərir ki, ölkədən axın çox böyükdür. Adətən ildə 35-40 min adam gedirdi, indi 100 minə yaxındır. Yəni ermənilərin bir çoxu bu hakimiyyətə belə reaksiya verir. Onlar bu ölkədə özləri üçün gələcək görmürlər”, - Poqosyan bildirib.

Öz növbəsində “Hayastan” deputat blokunun üzvü Vaqe Akopyan hesab edir ki, bu gün Ermənistan iqtisadiyyatı kollaps vəziyyətindədir.

“Yeni Müsavat”ın məlumatına görə, bu barədə o, yerli mediaya açıqlamasında söyləyib. Akopyanın sözlərinə görə, ölkədə heç bir sərmayə yoxdur və ola da bilməz. “Çünki sərmayə qoymaq istəyən hər bir sahibkar üçün ən başlıcası təhlükəsizlik və sabitlikdir. Yarımmüharibə durumunda olan bir ölkəyə kim sərmayə yatırar? İndi hakimiyyət daxili dövriyyə hesabına bəzi müsbət göstəriciləri nümayiş etdirir. İnflyasiya baxımından da ciddi problem var. Başqa bir ciddi problem isə mühacirətdir. Rəsmi statistikaya görə, sentyabr ayına olan məlumata görə, 106 min insan Ermənistanı tərk edib. Bu, görünməmiş bir göstəricidir”, - deyə Akopyan qeyd edib.

****

Hələ harasıdır, köç sürəti getdikcə artacaq. Çünki müharibədən məğlub çıxan Ermənistan və onun toplumu özünü heç də məğlub kimi aparmır, müharibəyə qədərki sərsəm iddialarından əl çəkmir, hətta revanşist əhvaldadır. Təsadüfi deyil ki, bu ilin 20 iyununda parlament seçkilərində qalib gələn Nikol Paşinyanın komandası ötən həftə (17 oktyabr) keçirilən yerli seçkilərdə uduzub. Bu, erməni elektoratında revanşist ovqatın gücləndiyini göstərir.

Bu arada Rusiya iqtisadi inkişaf nazirinin müavini Volvaça istinadən məlumat yayılıb ki, yaxın zamanlarda Rusiya Ermənistan iqtisadiyyatına daha 1 milyard dollar sərmayə yatıracaq. Bir neçə ay öncə isə Avropa Birliyi Ermənistana 2.6 milyard avro (3 milyard dollardan artıq) investisiya ayıracağını vəd eləmişdi. Onun 18%-ni Fransa öz üzərinə götürüb.

Göründüyü kimi, Rusiya və Avropa Ermənistanın xilası üçün sanki yarışa girib və faktiki kapitulyant üçün “reanimotoloq” rolunu üzərilərinə götürüb. Ancaq quyuya su tökməklə orada su qalmaz, gərəkdir ki, su quyunun dibindən, özündən çıxsın.

Başqa sözlə, Ermənistanın tək xilas yolu təcili şəkildə iki əsas qonşu ilə - Azərbaycan və Türkiyə ilə anlaşmaqdır. Bunun da yolu və ya “Yol xəritəsi” çoxdan masa üzərindədir...

Siyasət şöbəsi,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.