İntihara aparan səbəblər: İnsanlar niyə ölmək istəyir? - AÇIQLAMA

23-10-2021, 17:05           
İntihara aparan səbəblər:
Dünən paytaxtın Yasamal rayonu, Talıblı küçəsində yaşayan 27 yaşlı Röya adlı xanım 27 əddə dərman həbi içərək intihar edib.

Xəstəxanaya yerləşdirən gənc qız həkimlərin səyinə baxmayaraq, vəfat edib.

Qeyd edək ki, son vaxtlar Azərbaycanda intihar hallarının sayı artıb. Hər həftə paytaxdan və bölgələrdən intihar xəbərləri gəlir. Bunlara ilkin səbəb kimi insanların psixoloji durumu, qarşılarına qoyulan müəyyən məhdudiyyətlər, maddi vəziyyət və digərləri göstərilir.

Məhz bu mövzuda dəfələrlə psixoloqların, sosioloqların çağırışları olsa da, hələ də intihar xəbərlərinə rast gəlirik.

Rəsmi statistikaya görə, ötən il Azərbaycanda 597, 2019-cu ildə isə 565 intihar hadisəsi baş verib.

İntihar edən şəxslər arasında gənclər və xüsusilə qadınlar kifayət qədərdir.

Maraqlıdır, insanları intihara sövq edən səbəblər nədir? İntihar çıxış yoludur?

Mövzu ilə bağlı Cebhe.info-ya danışan sosioloq Əhməd Qəşəmoğlu intiharı tətikləyən səbəbələrdən danışıb:

“İntihar məsələsi əvvəllər də olub. Amma son vaxtlar bu barədə tez-tez eşidirik. Ola bilsin ki, həqiqətən, intihar edənlər də çoxalıb, həm də informasiyanın yayılması məsələsi də var. Yəni, indi bir hadisə baş verəndə bütün ölkə bundan xəbər tutur.

Nə vaxt intihar baş verir?

Əslində, hər bir insanın özünün doğuluşdan daxili xisləti, özünəməxsus xarakteri var. Elə insanlar var ki, onlar intihara meyilli olur. Elə insanlar da var ki, onların psixologiyası intihara heç vaxt yol verməz. Amma insanın bu həddə gəlməsində başqa amillər də rol oynayır.

Bu amillərdən ən birincisi mühitdir. Buna cəmiyyətdə, insanın ətrafında baş verənlər öz təsirini göstərir.

İkincisi, insanın aldığı informasiyalar, üçüncüsü isə üstünlük verdiyi dəyərlərdir. İnsanda doğuşdan intihara meyillilik olsa belə, insanın elə bir həyat tərzi olar ki, həmin hissiyyat bloklanar. Yaxud da əksinə, mühit elə ola bilər ki, bir az da o potensialı aktivləşdirər. Ona görə də mühit, yəni ətrafımızda, ailəmizdə, dost-tanış arasında baş verənlər əsas rol oynayır. Eyni zamanda, mediada və sosial şəbəkələrdə gedən intihar haqqındakı informasiyalar müəyyən mənada həmin hissə toxuna bilir.

Üçüncü isə, insanın üstünlük verdiyi dəyərlərdir. Məsələn, Allaha inanan, dinə sığınan insanlar heç vaxt intihar etmirlər və bilirlər ki, Allahın verdiyi cana qəsd etməyə onların ixtiyarları yoxdur. Təəsssüf ki, indiki halda bu məsələlərdə bir qarışıqlıq var. İntihara səbəb olan ciddi bir məsələ də insanın cəmiyyətdə özünü təsdiq edib etməməsi məsləsidir. Sabaha inamsızlıq və cəmiyyətdə özünütəsdiq edə bilməmək intiharda çox mühüm rol oynayır”.

Sosioloq bu halların qarşısının alınması üçün çıxış yolları da göstərib:

“Çalışmalıyıq ki, gənclər, xüsusilə də qızlar özlərini öz işləri ilə və təhsilləri ilə özlərini təsdiq etsinlər. Bilməliyik ki, biz onlara şərait yaratmayanda, diqqət etməyəndə neqativ davranışlara zəmin yaratmış oluruq.

Bir də gənclərdə sabaha inam yaratmalıyıq. Bunu sovet dövləti çox məharətlə eləyirdi. Hamını 10-20 il sonranın daha da yaxşı olacağına inandıra bilirdi. İnsanlar da bu həvəslə sabaha can atırdılar. Bədii ədəbiyyat, filmlər burada mühüm rol oynayırdı.

Məni bu məslədə həyəcanlandıran bir fakt odur ki, bu mövzuları başlı-başına buraxmışıq. Xüsusi elmi-tədqiqat institutlarımız olmalıdır, bu məsələləri araşdırmalıdır, bununla bağlı tövsiyələrə uyğun media da, qanunvericilik orqanı da işini qura bilməlidir.

Amma mən bu ölkədə həmin elmi təmiantdan, elmi-tədqiqat mərkəzlərindən danışanda hamı diksinir. Elə bilirlər ki, bunu özüm üçün deyirəm. Bu gün cəmiyyət həssaslaşıb, dediyim ciddi işlər olmasa, daha da pis hadisələr baş verəcək. Təkcə intihar deyil, ətrafımızda o qədər xoşagəlməz hadisələr baş verir. Bütün bunların kökündə o dayanır ki, cəmiyyətdə gedən prosesləri özbaşına buraxmışıq, düzəlməsində də elmin köməyindən istifadə eləmirik”.

İntiharın çıxış yolu olmadığını deyən Əhməd Qəşəmoğlu qadınların intihar etməsinə daha çox hadisələrin səbəb olduğunu deyib.

Həmin səbəblərə toxunan sosioloq hesab edir ki, qadınlara təhsil alaraq cəmiyyətdə özlərini təsdiq etməyə daha çox imkan yaratmalıyıq:

“Cəmiyyətdə indi elə bir vəziyyət yaranıb ki, qadınlarımızın özünütəsdiq üçün imkanları azalıb. Qabaqlar qadınların oxuması üçün şərait indikindən daha yaxşı idi. Çünki universitetlərdə, kolleclərdə yataqxanalarda vardı, orada təhsil də daha ciddi idi.

Qızlar da bilirdi ki, oxuyub bitirdikdən sonra mütləq işlə təmin olunacaqlar. İş yerləri çox idi, univeristet və kollecə daxil olmayanlar orada işləyirdilər. İndi qadınlarımızın çoxu işsiz, təhsil almaq imkanları məhdud, kiməsə maddi cəhətdən möhtac, durumdadır.

Maddi tələblərini ödəmək üçün qarşısında duran yollar onu qorxudur. Digər tərəfdən də sabah onu nə gözləyir, onu duya bilmir. Qızlarımız bu mövzuda daha həssasdır. Kişilərimiz yenə bir fəaliyyət tapır, bir sahədə özünü təsdiq edə bilmədikdə digər sahədə özünü sınayır. Amma qadın bir az zərif məxluqdur. Özünü özünə təsdiq edə bilmir, dünyada niyə yaşadığının mənasını dərk edə bilmir.

Sabah haqqında da özünün gücü, qüdrəti, qərarlar qəbul etmək imkanı olmadığına görə ruhdan düşür. Ətrafında dələduz adamlar da qızlarımızı aldadırlar. Bu istiqamətdə, yəni mənəvi təbiyə məsələsində də problemlərimiz var. Bir çox qadınlarımızın kimlərəsə qarşı səmimi sevgi, ehtiram, inam münasibətləri olur, sonra bu münasibətlər qırılır və qadınlar da zərif məxluq olduqları üçün onlara qarşı bu yalançı, mənfi münasibətlər onları sındırır”.

Günay Şahmar












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.