Ursula von der Leyen: “Avropanın nüvə və təbii qaza ehtiyacı var”
23-10-2021, 19:23

Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula von der Leyen keçid prosesində Avropanın bərpa olunan enerji ilə yanaşı nüvə və təbii qaz kimi sabit mənbəyə ehtiyacı olduğunu bildirib.
Cebhe.info xəbər verir ki, Ursula von der Leyen Belçikanın paytaxtı Brüsseldə keçirilən Avropa İttifaqına üzv ölkələrin liderlərinin Zirvə Toplantısından sonra təşkil edilən mətbuat konfransında artan enerji qiymətləri ilə bağlı açıqlamalar verib.
O, Avropadakı istehlakçıların və müəssisələrin artan enerji qiymətlərindən narahat olduğunu ifadə edərək, enerji böhranının qlobal bir vəziyyət olduğunu deyib.
Ursula von der Leyen, yüksək enerji qiymətlərinə məruz qalan yoxsul istehlakçıların və müəssisələrin qısa müddətdə dəstəklənməli olduğuna diqqət çəkib və bunun üçün Aİ-yə üzv 20 ölkənin müxtəlif tədbirlər elan etdiyini bildirib.
Orta və uzun müddətdə enerjidə dayanıqlığı və müstəqilliyi artıracaq əlavə tədbirlər üzərində işləyəcəklərini vurğulayan Ursula von der Leyen, "Strateji təbii qaz ehtiyatının necə qurulacağı və ortaq təbii qaz satın alma imkanlarını araşdırmaq qərarına gəldik" deyib.
O, müxtəlif təbii qaz tədarükçülərinin əldə edilməsinə də diqqət çəkib:
"Qaz tədarükümüzü şaxələndirəcək və eyni zamanda qarşılıqlı əlaqə işlərini sürətləndirəcəyik. Qaz və elektrik bazarının və Emissiya Ticarət Sisteminin (ETS) fəaliyyətini qiymətləndirəcəyik".
Dekabrda Avropa İttifaqına üzv ölkələrin liderlərinin Zirvəsində işlərini təqdim edəcəklərini deyən Ursula von der Leyen, İttifaqın daha təmiz və bərpa olunan enerjiyə ehtiyacı olduğunu söyləyib.
O, son illərdə bərpa olunan mənbələrdən elektrik enerjisi istehsalı xərclərinin azaldığını, günəşdən elektrik enerjisinin istehsalının 10 il əvvəlkindən 10 dəfə ucuz olduğunu, küləyin isə 10 il əvvəlkindən 50 faiz uzun olduğunu bildirib.
Yenilənə bilən qaynaqların karbon buraxmadığını, yerli istehsal olduğunu və enerji müstəqilliyinə töhfə verdiyini xatırladan Ursula von der Leyen, "Keçid dövründə bərpa olunan enerji ilə yanaşı, nüvə kimi sabit bir mənbəyə və təbii qaza ehtiyacımız var" deyib. Həmçinin bərpa olunan və nüvənin yerli enerji qaynaqları olduğunu, Avropada istifadə edilən təbii qazın 90 faizinin idxal edildiyini xatırladıb.
Avropada istehlakçılar təbii qaz və elektrik enerjisinin qiymətindən şikayətlənirlər. Aİ Komissiyası, ötən həftə üzv ölkələrin enerji qiymətlərinin artmasına qarşı qanunlara uyğun olaraq həyata keçirə biləcəkləri tədbirləri özündə əks etdirən bir paket elan etmişdi.
Paketə elektrik və qaz ödənişlərinin qısa müddətdə təxirə salınması, ev təsərrüfatlarına birbaşa ödənişlərin edilməsi və enerji qiymətlərindəki artıma qarşı vergilərin azaldılması kimi seçimlər daxildir.
Sözügedən paket uzunmüddətli perspektivdə bərpa olunan investisiyaların artırılması, ölkələr tərəfindən təbii qazın birgə tədarükü və qaz ehtiyatlarının yaradılması imkanlarını əhatə edir. Qış aylarında Avropa ölkələrinin təbii qaz tələbatının daha da artacağı gözlənilir.
Fransa başda olmaqla 10-a yaxın ölkə nüvə stansiyalarının əhəmiyyətinə diqqət göstərir. Bu ölkələr atom elektrik stansiyalarının Aİ-nin davamlı və yaşıl maliyyə investisiya təsnifatına daxil edilməsini tələb edirlər.
Polşa və Macarıstan da daxil olmaqla bəzi ölkələr, Aİ-nin iqlimə uyğun bir transformasiyasına nail olmağı hədəfləyən Avropa Yaşıl Sövdələşmə qaydalarını enerji qiymətlərinin artmasında günahlandırır. Bəzi ölkələr, o cümlədən İspaniya, Yunanıstan və Bolqarıstan enerji qiymətlərinin dərhal aşağı salınması və bir şəkildə bazarlara müdaxilə üçün sərt tədbirlərin həyata keçirilməsini istəyir.
Almaniya, Niderland və Avstriya kimi ölkələr isə enerji qiymətlərindəki artımın müvəqqəti olduğunu, gələn il bazarların normallaşacağını və qiymətlərin azalacağını müdafiə edirlər.