Moskva və Tehranın azərbaycanlılara qarşı YENİ PLANI - İran Gürcüstanda islam inqilabı hazırlayr?
25-10-2021, 13:06

İranın son zamanlar Azərbaycan əleyhinə artan təxribatçı addımları rəsmi Tehranın Gürcüstandakı fəaliyyətini də diqqət mərkəzinə gətirib.
Belə ki, İran rejiminin Borçalı mahalında, Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı digər ərazilərində dini-ideoloji dayaqlarını gücləndirməsi haqqında məlumatlar artır.
Qeyd edilən problemlə bağlı bu yaxınlarda Azərbaycan mediasında məqalə də dərc olunub. Həmin materialda İranın Qum və Məşhəd şəhərindən gələn emissarların bölgədə siyasi şiəliyi, əslində şiəlik adı atında Xomeyniçiliyi təbliğ etdiyi bildirilir. Bu gün Borçalıda siyasi şiəliyin təbliği ilə bağlı dini moizələr oxunur, din öyrənmək istəyənlər Məşhədə və Quma aparlır, onların maddi ehtiyacları qarşılanır. Vaxtilə heç kimin ağlına gəlməyən məzhəb ayrılığı bu gün Borçalını ələ keçirib. Bu işi əsasən İranın Gürcüstandakı səfirliyi və emissarlar həyata keçirirlər. Məscidlərdə əsasən İrandan gələn dini ədəbiyyat paylanır. Yerli sakinlərin mətbuata verdiyi məlumata görə, İran qaranlıq fəaliyyəti ilə seçilən Mirtağı Əsədovu Borçalıda “yeni şeyx” seçib və bu gün ondan soydaşlarımızın üzərində təsir vasitəsi kimi istifadə edir.
Əsas hədəf isə bu bölgədə dini kanton yaratmaq və region ölkələrinə, xüsusilə Azərbaycana qarşı silah olaraq istifadə etməkdir. Bu gün İranın bölgədə “şeyx” təyin etdiyi Mirtağı Əsədovun ətrafına 500-dən çox soydaşımızı topladığı xəbər verilir. İran rejiminə bağlı bu qrupun əsas mərkəzi İmam Əli və İmam Hüseyn adına məscidlərdir. Bu isə Marneulidə mövcud olan cəmi 4 məscidin ikisinin İranın təsirində olması deməkdir. Mirtağı Əsədovu “şeyx” kimi qəbul edən tərəfdarları əsasən gənclərdən ibarətdir. Hər cümə günü İmam Əli və İmam Hüseyn məscidinə 500-dən artıq dindar toplaşır. Onlar Mirtağı Əsədovun ətrafındakı fəallardır. Yerli mənbələr danışır ki, İranın Gürcüstandakı səfiri də mütəmadi olaraq “İmam Əli” məscidində keçirilən dini mərasimlərə qatılır, dini moizələr oxuyaraq, siyasi təbliğat aparır. “Marneulidə əhalinin 70 faizi şiələrdir. İran bu amildən istifadə edərək, moizəçilərini əsasən bu rayona göndərir. Vaxtilə rayonda təhsilin keyfiyyəti aşağı düşdü, gənclərimizin savadsızlığı artdı, nəticədə din amili önə çıxdı. İran bu vəziyyətdən istifadə edərək, bölgəyə girdi. Gənclərimizi Quma, Məşhədə dini təhsil almağa apardı, böyük maliyyə vəsaitləri alaraq, burada dini təsir gücü əldə etdi”, - Marneuli rayonunun sakinləri belə deyir.
Mirtağı Əsədov da həmin vaxt İrana dini təhsil almağa gedənlərdəndir. Yerli mənbələrin məlumatına görə, əvvəlcə M.Əsədovun qardaşı İrana dini təhsil almağa gedib. “Əsədovun qardaşı Qumda dini təhsil alandan sonra orada qaldı, əvvəlcə qardaşını, sonra da rayondakı gəncləri ora oxumağa apardı. Bu gün Əsədovun qardaşı İranda elmlər namizədidir və böyük biznesi var. Marneulidə Mirtağı Əsədov və tərəfdarlarını da o maliyyələşdirir”, -əldə etdiyimiz məlumatda bildirilir. Ən təhlükəli məqamlardan biri isə Borçalıda İranın təsir dairəsinə daxil olan dindar soydaşlarımızın Azərbaycana qarşı düşmən mövqe sərgiləməsidir. Yerli sakinlər danışır ki, bu dindarlar üçün Azərbaycan məfhumu yoxa çıxıb, onlar İrana böyük simpatiya bəsləyirlər. M.Əsədovun nəzarətində olan “İmam Əli” və “İmam Hüseyn” məscidlərində Nardaran hadisələrinin yad olunduğu və Azərbaycan dövlətinə qarşı çağırışların edildiyi haqqında məlumatlar var. Proseslərin inkişafı İranın Borçalıda təsir dairəsinə saldığı soydaşlarımızdan Azərbaycana qarşı gələcək planlarda istifadə edə biləcəyini göstərir”,-məqalədə belə qeyd edilir.
Göründüyü kimi, İran yalnız Azərbaycanı deyil, həm də Gürcüstandak şiə müsəlmanların kompakt yaşadığı ərazini Cənubi Qafqazda mövqelərini gücləndirmək üçün hədəf seçib. İran açıq şəkildə islam inqilabı ideyalarını Gürcüstana fəal şəkildə ixrac etməyə çalışır. Borçalıdan gələn xəbərlər müsəlman əhali, xüsusilə də gənclər arasında İslam İnqilabı Doktrinasının (“Vilayəti-Fəqih”) təbliğatının aparıldığını təsdiqləyir. Təbii ki, mərkəzi hakimiyyəti dünyəvi, xristian gürcü dövlətçiliyinə əsaslanan Gürcüstanda islam inqilabının baş verməsi haqda danışmaq ilk baxışdan, qeyri-real səslənə bilər. Ancaq İran hakimiyyəti Azərbaycanda şiə məzhəbinin geniş yayılmasından bu bölgədə geosyasi təsirini artırmaq, kəşfiyyat fəaliyyətini gücləndirmək və mümkün olarsa islam inqilabı törətməklə özündən asılı dini dövlətin yaratmaq üçün istifadə edib. Gürcüstana gəlincə, burada İranın bölgəsində kvazi dövlət (yəni şərti ərazi) yaratmaq planı açıq görünür. Yəni İranın Gürcüstanı parçalamq planları açıq hiss olunur.
Bütün bunlar isə İranın ilk növbədə, Azərbaycana və Gürcüstana olan ərazi iddialarını həyata keçirməyə hesablanıb. İkincisi, İran həmin dini-təxribatçı qruplardan yalnız Azərbaycana qarşı deyil, həm də Cənubi Qafqazda ABŞ-ın və NATO-nun əsas müttəfiqi sayılan Gürcüstana qarşı təzyiq məqsədilə istifadə edə bilər.
Burada diqqəti çəkən məqamlardan biri isə İranın Fars körfəzindən Qara dənizə nəqliyyat və kommunikasiya dəhlizi yaratmaq planı ilə bağlıdır. İran-Ermənistan-Gürcüstan marşrutu üzrə reallaşdırılması təklif edilən bu layihənin Borçalı bölgəsindən keçməsi nəzərdə tutulur. Yəni İranın bu məsələdən Gürcüstandakı ideoloji və geosiyasi mövqelərini möhkəmlətmək vasitəsi kimi yararlanmaq niyyətində olduğu şübhə doğurmur. Lakin indiyə qədər Gürcüstan hakimiyyətinin İranın dini ekstremizminin qarşısını almaması özü ayrıca bir sualdır. Xatırladaq ki, Mixail Saakaşvilinin prezidentliyi dövründə Gürcüstan Qafqaz Müsəlmanları İdarəsinin tabeliyindən çıxıb. Həmin vaxt rəsmi Tiflisin ayrıca Gürcüstan Müsəlmanları İdarəsini yaratması ölkədə dini vəziyyətə özünün nəzarət etmək imkanlarını artırmaq məqsədi ilə izah edilirdi. Son hadisələr Gürcüstan Müsəlmanları İdarəsinin və ölkə hakimiyyətinin ölkədə dini missonerliyin qarşısını ala bilmədiyi qənaətini yaradır.
Gürcüstandakı situasiyanı Cebhe.info-ya şərh edən “Şərq-Qərb” Siyasi və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclunun sözlərinə görə, İran müsəlman əhalisi arasında missioner fəaliyyəti yalnız Gürcüstanda deyil, Rusiyada da aparır. Buna isə Rusiya hakimiyyəti özü şərait yaradıb. Görünür, Rusiya İranın dini təsirindən Azərbaycana və azərbaycanlılara qarşı istifadəyə çalışır:
“Ancaq Rusiya və İran mübahisəli təsir dairələrini öz aralarında siyasi qısqanclıqla müəyyən edirlər. Yəni təccüblü görünən İranın mübahisəli fəaliyyətinə Rusiyanın yaşıl işıq yandırmasıdır. Rusiyada azərbaycanlılar tərəfindən yaradılmış çoxsaylı dini saytlar və “YouTube” kanalları fəaliyyət göstərir. Görünür, bununla bağlı Rusiyanın və İranın ayrılıqda öz planları var. Amma hələlik ortaq maraq var. Bu marağın nədən ibarət olduğunu demək çətindir. İlk növbədə, yəqin düşünürlər ki, Türkiyənin Azərbaycana, Cənubi Qafqaza təsirini azalda bilərlər. Əslində, Türkiyənin Azərbaycana dair fəaliyyəti dini təsir deyil. Sadəcə olaraq, İranın əlindəki resurs bundan ibarətdir. Gürcüstanda məzhəb zəminində qarşıdurma və ya dini separatçılıq yaratmağa, hesab edirəm ki, bu, asan məsələ deyil.
Birinci ona görə ki, Gürcüstanda şiə əhalinin say göstəricisi yüksək deyil. Ayrı-ayrı bölgələrdə şiə əhali çoxluq təşkil edir. Digər tərəfdən, mən düşünmürəm ki, Gürcüstan dövləti bu prosesi nəzarətdə saxlamır. Üçüncüsü, azərbaycanlılar dini radikalizmə meyilli deyil. İstər Azərbaycanda, istər Gürcüstanda, yaxud Rusiyada olsun, bu belədir. Kiçik dini qruplar radikalizmə meyil edə bilər. Ancaq onu böyük güc halına gətirib hərəkətə keçirmək mümkün deyil. Gürcüstan Müsəlmalar İdarəsinin yaradılmasını yaxşı xatırlayıram. Vəziyyətin belə hal almasına səbəb yəqin ya Saakaşvili dönəmində hesablamanın yanlış aparılması olub, ya da sonradan “Gürcü arzusu” hakimiyyəti sonrakı mərhələdə dini prosesləri idarə edə bilməyib. Ümumiyyətlə, idarə etmək asan məsələ deyil”.
O bildirib ki, Gürcüstanın müsəlman icmaları ilə iş təcrübəsi yoxdur və heç vaxt olmayıb:
“Başqa dini dəyərləri daşıyan milli azlıqla işləmək başqa məsələdir. Mövzu ilə əhatəli işləmək fərqlidir. Burada digər səbəb Gürcüstanın prinsip etibarı ilə daha azad ölkə olmasıdır. Həm dini fəaliyyət, həm insan hüququları, etiqad azadlıqlığının artıq təşəkkül tapması baxımından digər ölkələrdən fərqlənir. Görünür, İran da bu amildən sui-istifadə edib. Amma Gürcüstan hökumətinin bu istiqamətdə fəaliyyəti ilə tamamilə tanış olmadığıma görə dəqiq fikir söyləmək də çətindir. Hesab edirəm ki, azadlıqların çox olması öz rolunu oynayıb. Burada bir məqama diqqət yetirmək lazımdır.
Saakaşvili prezidentliyinin son dönəmində İranla ciddi əlaqələr qururdu. Saakaşvili hökumətinin İranla iqtisadi əlaqələr qurması, investisiyaların Gürcüstan iqtisadiyyatına cəlbi istiqamətində proqramları var idi. Ona görə də Gürcüstan rəhbərliyi İranın azərbaycanlı əhalisi arasında dini fəaliyyətinə göz yummalı olub. Yəni buna müəyyən qədər loyallıq göstərilib. Həmçinin, Gürcüstanda ola bilsin, düşünüblər ki, azərbaycanlılar mili azlıqdır, onların dinə meyillənməsi ölkə üçün təhdid doğurmur. Bu işlərdə o qədər saxtakarlıq olub ki, birmənalı fikir söyləmək mümkün deyil. Buna baxmayaraq, hesab edirəm ki, heç kim qanun çərçivəsindən kənara çıxaraq siyasi sifarişlə həbs oluna bilməz”.
Politoloq bildirdi ki, İranın şiə amilindən istifadə edərək Gürcüstanda “kvazi dövlət” qurmaq planı inandırıcı görünmür. Çünki Gürcüstan strateji əhəmiyyəti olan bir ölkədir. Pentaqon rəhbəri Loyd Ostinin oktyanrın 18-19-da Tiflisə səfər edərək açıqlamalar verməsi Gürcüstanın NATO-nun, ABŞ-ın və Avropa Birliyinin diqqət mərkəzində olduğunu təsdiq edir. Belə olan halda İranın kiçik bir icmadan istifadə edərək kvazi dövlət qurması real görünmür:
“Ən azı hazırkı mərhələdə bu real deyil. O ki qaldı İranın Fars körfəzindən Qara dənizə və Balkanlara qədər logistika layihə təklifinə, bunun arxasında real güc, maliyyə mənbələri olmalıdır. Belə layihələr ilk növbədə, güclü dövlətlər tərəfindən dəstəklənər. İranın məruz qaldığı beynəlxalq sanskiayalar buna imkan vermir. Digər tərəfdən, İranın xarici siyasətindəki destruktivlik amili başqa dövlətləri ondan uzaqlaşdırır. İranla əməkdaşlıq edən edən ölkələrin hamısı Çin, Hindistan, Rusiya kimi avtoritar və totalitar rejimlərdir. İran yəqin düşünür ki, öz siyasətini divrsifikasiya eləsin, ya da heç bir dövlətlə münasibətləri sona qədər alınmadığından çox qəribə vəziyyətə düşüb. Hazırda İran öz ərazisindən keçən kommunikasiyaların, yolların inşasında, limanların qurulmasında üç ölkə ilə yaxından əməkdaşlıq edir. Bunlar Çin, Hindistan və Rusiyadır. Çin daha fəal görünür. İran iqtisadiyyatın və bu ölkə üzərindən kommunikasiyaların çəkilməsinə böyük investisiya yatırmağı planlaşdırır. Eyni zamanda, Çinlə yumşaq rəqabət aparan Hindistan da İrandakı layihərə maraq göstərir. Üçüncü tərəf isə Çinin bütün planlarına qısqanclıqla yanaşan Rusiyadır. Moskvanın Hindistanla münasibətləri də normal deyil. Belə bir vəziyyətdə İranın xarici siyasət planlarının nədən ibarət olduğunu anlamaq çətindir.
Hesab edirəm ki, sanksiyslardan sıxılan İran hazırda çabalayır və hər kəsdən yaralanmağa çalışır. Amma burada da maraqlar toqquşduğundan son nəticədə vəziyyət effektiv alınmır. Məsələn, bu yaxınlarda Hindistanın ən böyük liman operatoru İran gəmilərinə xidmətdən imtina etdi. Deməli, Hindistan-İran münasibətləri kənardan göründüyü qədər hamar deyil. Bunun da səbəbi öz xarici siyasətindəki əlaqələrini diversifikasiya etməsi idi. Bir tərəfdə Çinin, digər tərəfdə Hindistanın olması ziddiyyətli vəziyyət yaradıb. İranın dini ekspansiya siyasətini heç kim inkar etmir. İran öz ətrafında şiə zolağı yaratmaq konsepsiyasını həyata keçirir. Bu siyasət İraq, Suriya, Yəməndə tətbiq olunur, İran son vaxtlar İordaniyada fəallaşıb. Bu proses İran ətrafında həlqəni daraldacaq. Xüsusilə də rəsmi Tehranın nüvə proqramını fəal şəkildə davam etdirməsi İran ətrafında daha ciddi problemlər yaradacaq. Nəticədə, İranın strategiyaları, o cümlədən şiə zolağı yaratmaq ideyası uğursuzluğa düçar olacaq. Bu ehtimal çox yüksəkdir”.