“AST Telman”ın Rusiyaya ekstradisiya edilməməsinin pərdəarxası
26-10-2021, 08:52

Həmid Herisçi: “Bu günə qədər onu gətirə bilməyiblərsə, deməli, bunu həm də istəməyiblər”
“AST Telman”ın başı üstündə qara bulud sıxlaşır. Onunla bağlı Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin göstəriş verib. Bastrıkin Azərbaycan əsilli iş adamı Telman İsmayılovun Monteneqrodan ekstradisiyası üçün əlavə tədbirlərin görülməsini tələb edib. O, komitənin Hüquqi təminat və beynəlxalq əməkdaşlıq departamentinin tabeliyində olanlara xüsusi tapşırıq ünvanlayıb, Baş Prokurorluq və Rusiya Xarici İşlər Nazirliyi də ekstradisiyaya kömək etməlidir.
Komitə sədri vurğulayıb ki, İsmayılov ağır və xüsusilə ağır cinayətlərdə ittiham edildiyi üçün Rusiya qanunlarına əsasən cavab verməlidir:
“İstintaqın topladığı sübutlar iş adamının iki sahibkarın qətlində, adam oğurluğunda və qanunsuz silah alverində iştirakını təsdiqləyir”.
Bastrıkin qeyd edib ki, cinayət işində adı keçən şəxsə Monteneqroda siyasi sığınacaq verilməsi ilə bağlı xəbərlərdən çaşqındır, çünki söhbət adi cinayətlərdən getmir.
Telman İsmayılovun aqibəti necə olacaq? Onu Rusiya istintaqçıları ömürlük həbsə ata biləcəklərmi?
Tanınmış yazıçı Həmid Herisçi “Yeni Müsavat”a deyib ki, Rusiya siyasi elitasının Telman İsmayılovla bağlı mövqeyi birmənalı deyil. Bu baxımdan Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin verdiyi göstərişin icrası qeyri-mümkün görünür: “Bu işlərin pərdəarxasını bilmək üçün yəhudi əsilli müəllif Ostrovskinin avtobioqrafik xatirələrini oxumaq kifayətdir. Müəllif xatirələrində yazır ki, ”Mossad"ın işlək agenti 1500 nəfərdən çox deyil. Məsələ burasındadır ki, “Mossad”ın həddindən artıq könüllü köməkçiləri var. Bunlara “sayan”lar deyilir. “Sayan”lar yəhudi əsilli iş adamlarıdır. Onlar müəyyən tapşırıq aldıqdan sonra bütün imkanlarını “Mossad”ın ixtiyarına verməlidirlər. “AST Telman”ın da “Mossad”ın “sayan”larından biri olması ehtimalı çox yüksəkdir. Belə olmasaydı, o cür yüksəkliklərə gedib çıxa bilməzdi. Rusiya Müdafiə Nazirliyi Baş Qərargahının “Praqa” restoranını özəlləşdirmək imkanını ona tanımazdılar. “Praqa” restoranı ilə üzbəüz bütün SSRİ-də məşhur olan Hərbi Ticarət Univermağını özəlləşdirə bilməzdi. Üstəlik, SSRİ Müdafiə Nazirliyinin atom sığınacağı olan ərazini alıb orada Çerkizov bazarını təşkil edə bilməzdi".
Həmid Herisçi Telman İsmayılovun istintaqa cəlb edilməsində onun özünün suçlu olduğunu deyir: “Telman İsmayılov barıtı bir qədər artıq elədi. ”Praqa" restoranını özəlləşdirməməli idi. Rus hərbi elitası ilə üz-üzə gəlməməli idi. Hərbi elitaya bağlı əraziləri özəlləşdirməklə onların qəzəbinə gəldi. Rus baş ordu qərargahı ilə üz-üzə gəlməkdən yayınmalı idi. Orada pul qazanıb Türkiyədə “Mardan Palace”ni tikdi. Özünü həddindən artıq diqqət mərkəzinə çəkdi. Artıq tamah həmişə baş yarır. Bunlar hamısı lüzumsuz idi. Telman İsmayılovun Azərbaycan mənşəli olmasının bizimkilərə xeyri vardı. Amma eyni zamanda bu cür hərəkətləri ilə ziyan da vermiş oldu".
Həmid Herisçi deyir ki, Rusiya tərəfinin Telman İsmayılovun ekstradisiyası cəhdləri nəticəsiz olacaq: “Bu günə qədər Telman İsmayılovu gətirə bilməyiblərsə, deməli, bunu həm də istəməyiblər. Telman İsmayılovu Rusiyaya gətirmək istəsəydilər, gecə ilə helikopter göndərib əməliyyat keçirər, onu həbs edərdilər. Deməli, bunu istəməyiblər”.
Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”