“Toy karvanı”yla mesaj, yoxsa ifrat təmtəraq?

26-10-2021, 09:05           
“Toy karvanı”yla mesaj, yoxsa ifrat təmtəraq?
İlin-günün bu vaxtında, dövlətlərarası münasibətlərin zaman-zaman gərginləşdiyi, yumşaldığı bir dönəmdə Bakıda ərəb əlifbası ilə yazılmış şüarlarla, yabançı bayraqlarla bəzədilmiş toy karvanının peyda olması çox yersiz akt idi.

Üstəlik, ertəsi gün ortaya çıxdı ki, toy karvanında iştirak edən sürücülərin 16-sının hərəkətində avtoxuliqanlıq elementi var. Bir nəfər isə, ümumiyyətlə, axtarışda imiş.

İl yarımdır qlobal koronavirus pandemiyası üzündən minlərlə adam, o cümlədən cəmiyyətdə böyük nüfuza malik tanınmış insanlar övladlarına toy mərasimi təşkil edərkən təmtəraqdan, təntənədən imtina edir, özlərini bəlli bir çərçivənin içinə sığdırırlar.

Çünki ayrı-seçkilik etmək olmaz, hamı qayda-qanuna, karantin rejiminin müvəqqəti tələblərinə riayət etməlidir ki, pərən-pozanlıq olmasın, bu bəla tezliklə sovuşsun. Əgər hər dəfə bir zümrə, bir qrup özünü qanunlarun fövqündə sayacaqsa, bu, başqalarını da qəbul edilmiş qaydalardan yan keçməyə sövq edəcək. Nəticədə düzən pozulacaq, görülən tədbirlər effektiv olmayacaq.

Bu məsələnin bir tərəfi. Ancaq dünyəvi ölkənin paytaxtında göstərə-göstərə dini toy mərasimi təşkil etmək, üstəlik, bunu çoxsaylı avtomobillərin qatıldığı, bəzəkli karvanla müşayiət olunan şəkildə, avtoyürüş keçirirmiş kimi düzənləmək, özlüyündə həm reklam səciyyəsi daşıyır, həm də sekulyar dövlət anlayışına ziddir.

Bu, o deməkdir ki, biz, yuxarıdakı akta imza ataraq toy karvanı təşkil edənlər, 10 milyonluq ölkənin yerdə qalan vətəndaşlarından deyilik, onların yaşam tərzini, toy-nişan keçirmək üslubunu qəbul etmirik, mərasimlərimizi öz bildiyimiz kimi, başqa ölkələrə xas tərzdə keçirəcəyik.

Burada hər hansı bir qanun pozuntusu varmı? Axtarsaq, incələsək, əlbəttə, var.

Ən azı bu, dini təfriqəçilik salmaq, məzhəb bölücülüyünü qəbul etməyən insanların heysiyyatıyla oynamaq, ölkəmiz üçün yabançı ideologiyaları təbliğ etmək cəhdidir.



Ölkədə bir çox dini konfessiyalar var. Məgər xristianlar toy edərkən şəhərə ikonalarla bəzədilmiş toy karvanıyla, audiopleyerlərdən səslənən kilsə zənglərinin sədası altında şütüyün toy karvanlarıyla çıxırlar? Bəlkə yəhudilər öz toy mərasimləri zamanı şadlıq sarayına dini kimliklərini ətrafa nümayiş etdirə-etdirə gedirlər?

Heç kim elə etmir. İndiyədək ölkədə belə bir şey olmayıb. Yas yerlərindən fərqli olaraq, toy mərasimlərində dini mənsubiyyət açıq-aşkar şəkildə büruzə verilməyib.

Ümumiyyətlə götürsək, toy mərasimlərindən öncə bəy və gəlinin mindiyi avtomobilin şadlıq sarayına avtomobil karvanıyla gətirilməsi bir qədər geri vaxtların ənənəsidir. Dünyanın mədəni ölkələrində bu cür təmtəraqdan, demonstrasiyadan imtina ediblər. Artıq bu cür aşırı təmtəraq toy edən ailələrin varidatı, elit zümrəyə aid olması barədə siqnal da sayılmır. Çünki ortabab imkanı olan şəxslər də bir az artıq xərc çəkməklə ən bahalı limuzini və onu müşayiət edən “Gelandevagen” taqımı kirayə edə bilər. Necə ki, bir neçə il əvvəl belə edənlər vardı.

Adama deyərlər, bir saatlığa kirayəyə götürülmüş avtomobillərlə özünü kimə göstərirsən, kimə fors verirsən? Həyətində o qədər şəxsi avtomobil olan adamlar var, heç səsləri çıxmır.

Ancaq bu da başqa söhbətin mövzusudur. Bu gün söhbət bir qrup adamın daha çox acığa edilmiş hərəkətinə oxşayan, sanki dövlətə mesaj verirmiş kimi anlaşılası tədbirindən gedir. Bu qədər yad bayraqlı avtomobilin yürüşü “belədə biz də varıq, çoxuq, lazım gəlsə, meydana tökülərik” deməkdir.

Bax, burası olduqca yanlışdır. Hansısa səbəbdən bir xarici dövlətə rəğbət bəsləmək başqa şeydir, həlledici anda o dövlətin maşası, aləti olmağa hazır olduğunu göstərmək isə tamam başqa şeydir.

Belə adamlara hədləri bildirilməlidir ki, xəyali sevdalara düşməsinlər, anlasınlar ki, hansı ölkədə yaşayırlar və onun qayda-qanunları nədən ibarətdir.

İndi bəziləri bəlkə də avtoxuliqanlıqda suçlanaraq cəzalandırılan “karvançı”ların müdafiəsinə qalxacaq, “insan haqları”ndan, “özünüifadə hüququ”ndan dəm vuracaqlar, amma bu, malı mala qatmaq demək olar.

Hamımız bilirik ki, dini müstəvidə boy göstərmək, önə çıxmaq istəyənlər özbaşına qoyulsaydı, çoxdan ölkəmiz dini qarşıdurmaların, məzhəb savaşlarının poliqonuna çevrilmiş olardı.
Xalid KAZIMLI
musavat.com












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.