Qardaşların torpaqda şərikli “çörəyi” - Türkiyə təcrübəsi bizə nə verəcək?

27-10-2021, 09:45           
Qardaşların torpaqda şərikli “çörəyi” -
Azərbaycan kənd təsərrüfatının inkişafı sahəsində Türkiyə ilə əməkdaşlığı sürətlə genişləndirir. Hazırda Azərbaycan və Türkiyə işğaldan azad edilmiş Zəngilan rayonunda illərlə boş qalan torpaqları kənd təsərrüfatı üçün hazırlayır. Türkiyə mətbuatı xəbər verir ki, bölgənin ilk “Ağıllı kəndi” - Zəngilanın Ağalı kəndində müasir texnologiyalarla kənd kəsərrüfatı işlərinin həyata keçiriləcəyi park qurulur. Parkda əkin sahələri, istixanalar, heyvandarlıq təsərrüfatı və meyvə bağları olacaq. Parkın yaradılması bölgədə həyatın canlanmasına töhfə vermək və daha səmərəli kənd təsərrüfatı istehsalını həyata keçirmək məqsədini daşıyır.

Məlumatda qeyd olunur ki, Tekirdağ şəhərində yerləşən “Duran” Tarım şirkəti Azərbaycana kənd təsərrüfatı avadanlıqları göndərəcək. Şirkət Azərbaycana göndəriləcək 122 kənd təsərrüfatı alətinin istehsalını sürətləndirib.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin rəhbəri Firdovsi Fikrətzadənin “Yeni Müsavat”a dediyinə görə, Türkiyə ilə Azərbaycan arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq çoxsahəlidir: “Biz xüsusilə toxumçuluq sahəsində dərin əməkdaşlıq əlaqələri qurmuşuq. Toxumçuluğun inkişaf etdirilməsi üçün elmi-tədqiqat işlərinin təşkilində Türkiyə təcrübəsindən geniş yararlanırıq. İşğaldan azad olunan ərazilərimizdə kənd təsərrüfatının inkişafı sırf modern texnologiyalar əsasında həyata keçiriləcək. Bu sahədə Türkiyə Respublikası ilə əməkdaşlıq edirik, artıq qardaş ölkənin Kənd Təsərrüfatı Nazirliyi ilə xüsusi memorandum da imzalanıb. Türkiyəli nazir Zəngilana ayaq basan ilk xarici qonaq olub. Azad olunan ərazilərdə Türkiyə ilə əməkdaşlığımız iki istiqamətlidir. Birincisi, qardaş ölkə şirkətləri özləri bilavasitə kənd təsərrüfatı istehsalı, xüsusilə də kənd təsərrüfatı məhsullarının emalı prosesində iştirak edəcəklər. İkincisi isə biz türk şirkətlərinin istehsalı olan müasir texnologiya və avadanlıqlardan istifadə edəcəyik. Bundan əlavə, Zəngilan, Cəbrayılda yaradılacaq sənaye parkı, logistika mərkəzləri vasitəsilə Türkiyə ilə ticarət əlaqələrinin genişləndirilməsi nəzərdə tutulur. Bu prosesdə Zəngəzur dəhlizinin də mühüm rolu olacaq”.

Türkiyə kənd təsərrüfatı sahəsində nə qədər qabaqcıl təcrübəyə malikdir? F.Fikrətzadə bildirir ki, qardaş ölkənin aqrar sahədə əldə etdiyi uğurlar bütün dünyada qəbul olunur: “Hazırda dünyada qəbul olunmuş bir sıra kənd təsərrüfatının inkişaf modelləri var. İsrail, Hollandiya, İtaliya, Almaniya və sair. Türkiyə modeli məhz belə qəbul olunmuş, markalaşmış modellər sırasındadır. Məsələn, hər hansı bir müasir fermanı İsrail texnologiyası ilə də qura bilərsən, İtaliya, yaxud Türkiyə texnologiyası ilə də. Bu texnologiyalar beynəlxalq səviyyədə qabaqcıl, təcrübə əsaslı texnologiyalar kimi təsdiq olunub. Xüsusilə organik məhsulların istehsalı sahəsində Türkiyə sözsüz qəbul olunan ölkələrdən biridir. Biz Azərbaycanda organik məhsullar istehsal edən şirkətlərimizin Türkiyə şirkətləri vasitəsilə sertifikatlaşmasını təşkil edə bilərik. Bu halda, onların məhsullarını Avropa Birliyi, ABŞ və bütün dünyada qəbul edəcəklər. Çünki bu sahədəki Türkiyə texnologiyaları qəbul olunub. Biz azad olunmuş ərazilərimizdə Türkiyə texnologiyaları əsasında organik məhsulların istehsalını rahatlıqla qura və onları dünya bazarına çıxara bilərik”.

Qeyd edək ki, Türkiyədə kənd təsərrüfatı məhsullarının emalı, onlardan sənaye üsulu ilə müxtəlif məhsulların istehsalı yüksək inkişaf edib. İnkişaf etmiş bu sahələrin xammal tələbatını ödəmək üçün bir çox hallarda daxili istehsal yetərli olmadığına görə idxala ehtiyac yaranır.

Türkiyə son illərdə buğda istehlakında idxaldan asılılığı azaltmaq üçün ciddi addımlar atmaqdadır. Bu məqsədlə ölkənin iqlim şərtlərinə davamlı toxumların yaradılmasına irihəcmli vəsaitlər yatırılmaqdadır. Nəzərə alsaq ki, Azərbaycan da buğda təminatında idxaldan kəskin asılıdır, onda qardaş ölkənin aqrar istehsalçılarının bu məhsulun yetişdirilməsinə dair təcrübəsindən bəhrələnməkdə ciddi fayda olduğunu söyləyə bilərik. Xüsusilə işğaldan azad olunan ərazilərdə buğda istehsalının qurulması üçün əlverişli şərtlər mövcuddur. Sakinlərin ərazilərə köçürülməsinə hələ başlanmasa da, azad olunan torpaqların əkilib-becərilməsinə indidən start verilib. Təkcə Qubadlı rayonundan bu il 9 min hektar ərazidə taxıl əkiləcək. Bu, Sovet dövrü ilə müqayisədə təxminən 3 dəfə çoxdur. Həmin illərdə rayonda taxıl sahələri 3,4 hektar ərazini əhatə edirdi.


Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri İmran Cümşüdovun sözlərinə görə, Qubadlıda yenidən şəkər və yem çuğundurunun da əkilməsi nəzərdə tutulub: “Rayon işğaldan azad edildikdən sonra orada müəyyən işlər görülüb, mövcud bağlara qulluq edilib, hazırda isə payızlıq taxıl əkininə hazırlıq gedir. Ötən təsərrüfat ilində ilkin olaraq müəyyən araşdırmalar və qiymətləndirmələr aparılıb, torpaqların vəziyyəti qiymətləndirilib, taxılla yanaşı şəkər və yem çuğunduru əklilib. Bu il də bu işlərin görülməsi planlaşdırılır”.

Dünya SAKİT,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.