Azərbaycan təkcə müharibəni udmayıb, həm də... - HƏQİQƏTƏN DƏ...
27-10-2021, 09:45

“Füzuli hava limanının açılması çox böyük əhəmiyyətə malikdir. Biz Ermənistanla saziş ərəfəsində belə böyük layihəni həyata keçirdik və sübut etdik ki, bu ərazilərin gerçək sahibi bizik. Ermənilərə sübut etdik ki, məhz biz babalarımızdan miras qalan bu torpaqlarımızda ciddi işlər həyata keçiririk, siz isə 30 il ərzində ancaq dağıtmaqla məşğul olmusunuz. Çünki ermənilər torpaqların onların olmadığını hamıdan yaxşı bilirdilər. Bu, məsələnin mənəvi tərəfidir.
Konkret olaraq hava limanının əhəmiyyətinə gəldikdə, bu, ilk olaraq dünya ilə əlaqə baxımından vacibdir. Eyni zamanda iqtisadi baxımdan imkanların genişləndirilməsi, investoraların bu ərazilərə cəlb olunması, regionun inkişafı, Azərbaycana maya dəyərin qoyulması deməkdir”.
Bunu Reyting.az-a professor Rüstəm Məmmədov bu gün Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın Füzuli Beynəlxalq Hava Limanının açılışını həyata keçirmələrindən danışarkən deyib.
Professor xatırladıb ki, son 30 ildə regionda bunu heç kim etmirdi: “Bəli, İlham Əliyev bunu bacardı. Təkcə bacarmadı, həm də onun atdığı addımlar sayəsində Ermənistan güncə sıxılıb. Sözsüz ki, bu, alqışa layiqdir”.
Professorun sözlərinə görə, ölkəmizin dörddə biri 30 il ərzində ölkəmizdən kənarda qalmışdı: “Yəni işğal altında idi. İndi bu ərazilər təkcə işğaldan azad edilməyib, həm də onu inteqrasiya xəttinə qaytarmışıq. Vacib olanı budur. Mən bütövlükdə Qarabağ bölgəsini nəzərdə tuturam”.
Füzulidən Ağbəndə qədər gedəcək yolun təməlinin də qoyulduğuna diqqət yönəldən professor bildirib ki, bütün bunlar regionda inteqrasiya, infrastruktur və abadlaşmanın təməl daşının qoyulmasıdır: “Əlbəttə, Azərbaycan Türkiyə ilə geniş əlaqələr quracaq. İndi biz bu əlaqələr üçün marşrutlar hazırlayırıq. Bu addımlar həm də belə məna verir. Biz, əslində tarixi proseslərə şahidlik edirik, işlər bizim xeyrimizədir”.