“Məsələlər nöqtə-vergülünə qədər araşdırılacaq, bunda ən çox maraqlı olan dövlətimizdir” - QARAHEYBƏT MÜƏMMASI...

2-12-2021, 08:55           
“Məsələlər nöqtə-vergülünə qədər araşdırılacaq, bunda ən çox maraqlı olan dövlətimizdir” -
Noyabrın 30-da Qaraheybət poliqonunda Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus helikopterin qəzaya uğraması nəticəsində 14 peşəkar hərbçimizin həlak olması hər birimizi dərindən sarsıdıb.

Hələlik baş vermiş hadisə ilə bağlı araşdırmalar aparılır. Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev bildirib ki, helikopter tamamilə yeni helikopterdir. ""Qara qutu" tapılıb. “Qara qutu” Baş Prokurorluqdadır. Hazırda hadisənin səbəbi barədə dəqiq bir şey demək mümkün deyil. Dəqiq onu deyə bilərik ki, hər hansı kənar təsirdən söhbət gedə bilməz", general deyib.

“Noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin (DSX) Mİ-17 tipli helikopterinin təlim uçuşu yerinə yetirərkən qəzaya uğraması nəticəsində həlak olan hərbçilərimizin ailələrinə, yaxınlarına öz adımdan və Baş Prokurorluğun kollektivi adından başsağlığı verirəm, xəsarət alanlara şəfa diləyirəm”. Bu fikri isə Azərbaycan Respublikasının Baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib. K.Əliyev bildirib ki, bu faktla bağlı artıq cinayət işi başlanıb. Dövlətimizin başçısı İlham Əliyevin tapşırığı əsasında cinayət işi tam və hərtərəfli araşdırılacaq, bu hadisənin bütün səbəb və şəraiti istintaq zamanı öyrəniləcək. İstintaqın gedişi barədə Azərbaycan ictimaiyyəti ətraflı və mütəmadi məlumatlandırılacaq. Baş prokuror təəssüf hissi ilə qeyd edib ki, bəzi şəxslər tərəfindən bu hadisədən siyasi məqsədlər üçün sui-istifadə hallarına cəhdlər göstərilir, heç bir fakta söykənməyən əsassız şayiələr yayılır. “Bununla bağlı bildirirəm ki, bu kimi şəxslər barədə Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulan ən sərt tədbirlərin görülməsi təmin ediləcək. Bu faciədən siyasi məqsədlər üçün istifadə edilməsi yolverilməzdir”, - deyə baş prokuror əlavə edib.

DSX-ya məxsus hərbi helikopterin qəzaya uğraması ətrafındakı müzakirələrin geniş arialda aparılması təbiidir. Ən çox müzakirələrə səbəb olan məqam isə çox danışılan bu qədər hərbçinin olması ilə bağlıdır. Bunun normativ əsasları ilə bağlı müxtəlif yanaşmalar var. Təəssüf ki, hər dəfə olduğu kimi, bu dəfə də helikopter qəzası ilə bağlı hər hansı fakta istinad etmədən və istintaqın nəticəsini gözləmədən ehtimallar əsasında fikirlər yürüdülür. Cəmiyyətdə bilərək və ya bilməyərək çaşqınlıq yaradılmağa çalışılır. Hesab olunur ki, peşəkar media bu cür vəziyyətlərdə populist rəylər yayan, gerçəklikdən kənar danışan “eksperləri” iqnor etməlidir. Bu mənada əllərinə düşən fürsətdən Azərbaycan Silahlı Qüvvələrinin imicinə zərbə vurmaq cəhdləri açıq görünür.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin “Qaraheybət” təlim poliqonu üzərində qəzaya uğrayan Mi-17 helikopteri Rusiyanın Kazan vertolyot zavodunda və Ulan-Udedəki aviasiya zavodunda istehsal edilir. İndiyədək 3 mindən çox müxtəlif modifikasiyalı belə vertolyot istehsal edilib. Mi-17 Mi-8 vertolyotlarının modernizə edilmiş variantıdır...

Hazırda Mi-17 dünyanın 60-dan çox ölkəsində istifadə olunur. Qəzaya uğrayan vertolyotun DSX-nın sərhəd qoşunlarının silahlanmasına təxminən 10 ay əvvəl daxil edildiyi bildirilir, bu yaxınlarda isə qarantiya şərtlərinə uyğun olaraq istehsalçı zavodun mütəxəssisləri vertolyota əsaslı texniki baxış həyata keçiriblər. Bütün bu məlumatlar bir daha qəzanın başvermə səbəblərinin hərtərəfli araşdırılmasını zəruri edir. Eyni zamanda araşdırmaların sonunadək ictimai rəyi çaşdıran yanaşmalara da moratorium qoyulması, sadəcə, fayda verərdi.

Hərbi ekspert Ruslan İmamquliyev “Yeni Müsavat”a bildirdi ki, bu cür qəzalar dünya statistikasında - bizimlə həmsərhəd ölkələrə belə, baxsaq, istər Rusiyada, istər Türkiyədə, istərsə də İranda - tez-tez olur: “Azərbaycanda isə nadirən olduğu üçün hadisə çox sarsıdıcı oldu. Mi-17 helikopterinin təyinatına baxsaq, içərisində 24 nəfər daşına bilər. O deməkdir ki, normativlər aşılmayıb. Hava şəraiti ilə bağlı da uçuşdan əvvəl vəziyyət texniki olaraq qiymətləndirilir. Şərait uyğun gəlmirdisə uçuşa icazə verilməzdi. Pilot Vətən müharibələrində iştirak etmiş təcrübəli bir zabit olub. Qəzanın pilotlardan qaynaqlanacağını düşünmək çətindir”.

Helikopterin texniki göstəricilərinə gəldikdə, ekspert bildirdi ki, xüsusən də DSX-nın balansında mövcud olan bütün texnikalar yeni və müasir texnikalardır: “Bütün bunlara baxmayaraq, müvafiq qurumlar hadisəni təfərrüatlı şəkildə araşdıracaq. Ən azından DSX rəisinin də bildirdiyi kimi, kənardan heç bir müdaxilə olmayıbsa, digər ola biləcək səbəblərə baxılmalıdır. Artıq ”qara qutu" aşkarlanıb və müvafiq qurumlar onun üzərində zəruri incələmələr aparırlar. Mütləqdir ki, hadisənin səbəbləri aşkara çıxacaq. Bütün hallarda bu cür faciələrin gələcəkdə təkrarlanmaması üçün, səbəblər aşkarlanaraq qabaqlayıcı tədbirlər görülməlidir". R.İmamquliyev hadisə ətrafında spekulyasiyaları düzgün saymadı: “Ən azından o sahədən məlumatlı olmayan bir şəxs sadəcə nəticə üzərindən rəy bildirirsə, bu, faktiki olaraq cinayətdir. Çünki araşdırmalar aparılmadan heç bir ekspertin, yaxud sıradan bir şəxsin bu haqda rəy verə bilmə səlahiyyəti yoxdur. Məsələnin texniki səbəblərini araşdırmaq üçün helikopterin ”qara qutu"su öyrənilməlidir. Orada pilotun danışığından tutmuş, yer və hava arasındakı dialoqlar incələnməlidir. Həmçinin uçuş əsnasında hansısa texniki səbəb olubsa, o, müəyyən edilməlidir. Bunlar müəyyənləşdirilmədən kiminsə hadisə barədə rəy bildirməsi, birinci növbədə yalan bəyan etmə, insanları səhv yola istiqamətləndirmək adına cinayətdir, ikincisi də ölkəmizin imicinə zərbədir, atılmış yanlış addımdır".

Hərbi ekspert DSX-nın şəxsi heyətinin Vətən müharibəsi dövründə və ondan sonrakı dönəmdə tarix yazmasına da diqqət çəkdi: “Silahlı Qüvvələrimizdə, o cümlədən dövlət sərhədimizin delimitasiya və demarkasiya edilməsində DSX-nın xidməti, rolu müstəsnadır. Onlar həm Vətən müharibəsində böyük şücaət göstərdilər, hazırda da qəhrəmanlıqlarını davam etdirməkdədirlər. Belə bir ərəfədə DSX-nın əleyhinə hansısa açıqlamalar, bəyanatlar vermək xəyanətdir”. R.İmamquliyev də hadisəyə xarici müdaxiləni, kənar təsirləri istisna edir: “Əgər DSX rəisi bu şəkildə açıq və konkret olaraq fikir bildiribsə, bunun ziddinə olaraq hər hansı bir kənar müdaxilənin olduğunu söyləmək düzgün deyil. Həmçinin hadisənin şahidləri var. Bütün məsələlər tam analiz edilmədən, ortaya əsaslı dəlillər qoymadan başqa bir iddianı irəli sürmək xətadır”. Ekspert yüksək rütbəli zabitlərin bir hava gəmisində uçmasında da qeyri-adi nəsə görmür: “Təlimlərdə bu, birinci hal deyil. Yəni zabitlərin bir məntəqədən digərinə, təlim sahəsinə helikopterlə uçması normal qarşılanmalıdır. Həm də burada məsələ rütbə məsələsi deyil. Azərbaycan əsgəri rütbəsindən asılı olmayaraq, Azərbaycanımız üçün dəyərlidir. Biz onlara rütbələrinə görə baxmamalıyıq. Sadəcə olaraq, təlim planına uyqun olaraq bəlli rütbəli şəxslər bir araya gətirilib və bu, normal haldır”.

Hərbi ekspert Ədalət Verdiyev də bildirdi ki, baş vermiş qəza barədə danışmaq hamımız üçün çox çətindir: “Bu qəza ilə bağlı bəzi insanlarımızın yanaşmalarına gəldikdə, elələri var ki, bəlkə ömrü boyu nə helikopter qəzasını araşdırıb, nə helikopterin daxilində olub, hətta heç olmasa bir dəfə onu yaxından görməyib. Amma bəzən onların fikirləri sosial şəbəkələrdə daha sürətlə yayılır. Həddən artıq yüklənmə ilə bağlı deyilən fikirlər qətiyyətlə həqiqəti əks etdirmir. Çünki bu helikopterlər çoxfunksiyalıdır və onlar 24 nəfər heyət, 3 nəfər də heyət üzvünün, ümumilikdə 27 nəfərin daşınması üçün nəzərdə tutulub. Helikopterdə isə cəmi 16 nəfər olub”. Ə.Verdiyev qeyd etdi ki, kənar müdaxilə ilə bağlı iddialar qətiyyətlə həqiqətə uyğun deyil: “Çünki belə olan halda helikopterin detalları daha böyük əraziyə səpələnməli, detallar üzərində yanğın əlamətləri olmalı idi. Helikopter adətən havada partlayışla məhv olanda oradan kiminsə sağ qalma ehtimalı sıfıra bərabər olur. Bu halda isə biz iki zabitimizin sağ qaldığının şahidiyik.

Bəzi ziyalılarımız Qarakənd, Qaraheybət ifadələrini birgə işlətməklə insanlarımızın düşüncəsində “kənar müdaxilə”, “düşmən atəşi” kimi ehtimalları önə sürməyə çalışırlar. Sağ qalan iki pilot hazırda ifadə verir. Onlar efirə çıxıb kənar müdaxilənin olmadığını dedilər, bəs həmin indi bu cür iddialar səsləndirənlər özlərini necə hiss edəcəklər?

Burada bir neçə versiya mövcuddur. Pilot ehtiyatsızlığı ola bilər, bu, mümkündür, araşdırılır. Baxmayaraq ki, həmin pilotun çox təcrübəli biri olduğunu, Qarabağ döyüşlərində iştirak etdiyini bilirik, ancaq texniki nasazlıq da mümkündür. Bu helikopterlər 40 ildir istifadə olunur, kifayət qədər etibarlıdır. Eyni zamanda modernləşdirilib, Azərbaycanın ən son əldə etdiyi müasir raket sistemləri də məhz Mi-17 helikopterlərinə quraşdırılıb. Biz onlardan müharibə zamanı kifayət qədər intensiv şəkildə istifadə etmişik və bir dəfə də olsun qəza ilə rastlaşmamışıq. Ümumiyyətlə, Mi-17-lər qəza sayına görə kifayət qədər etibarlı aviasiya vasitələri hesab olunur".

Ə.Verdiyev bəzi yanlışların olduğunu da vurğuladı: “DSX-nın mətbuata açıqlamasından öncə qeyri-rəsmi məlumatlar bəzi insanlarmızın soyadı, ad, yaxud ata adı göstərilməsə də, mediaya sızmışdı. DSX bu məsələni mütləq nəzərə almalıdır. Həmin məlumatı kənara sızdıran mənbələr mütləq aşkarlanmalıdır. Çünki həmin dövlət, yaxud hərbi sirrlərimiz eyni kanal vasitəsilə düşmən tərəfə də ötürülə bilər, bunu mütləq nəzərə almalıyıq”. Hərbi ekspert dedi ki, bu, bizim üçün çox ağır hadisədir, hamımız dərin hüzn içərisindəyik: “Belə günlərdə şəhidlərimizin yaxınlarının bir gözü bizim yazdıqlarımızda olur. Axtarırlar ki, görək kim nə yazacaq, nə deyəcək. Belə olan halda biz bir az məsuliyyətli davranmalıyıq. Heç olmasa bu sahədən anlayışı olan insanların, pilotların, aviasiyada xidmət etmiş keçmiş heyətin, bu hadisələri araşdıran ekspertlərin fikirlərinə istinad etməlidirlər. Bizim işlətdiyimiz hər yanlış ifadə şəhid yaxınlarını bir daha narahat edə, onların yarasının qaysağını qopara bilər. Ona görə də hamımız bu məsələlərdə bir qədər məsuliyyətli olmalıyıq. Araşdırma gedir, ”qara qutu"lar tapılıb, iki nəfər hadisənin canlı şahidləri isə sağdır. Məsələlər nöqtə-vergülünə qədər araşdırılacaq. Bunda ən çox maraqlı olan dövlətimizdir. Dövlət də belə hadisələri sonadək araşdırmaqda, gələcəkdə eyni hadisənin təkrar olunmaması üçün onu yaradan səbəbləri tapmaqda maraqlıdır. Unutmalı deyilik ki, bir il əvvəl məhz həmin Silahlı Qüvvələrimiz, həmin pilotlarımız, həmin aviasiya vasitələrimiz Azərbaycan xalqının adını qalib xalqlar arasına yazdırdı. İndi biz onların faciəsi üzərindən özümüzə reytinq toplamağa çalışmalı deyilik".

İstənilən halda “Qaraheybət” qəzası ilə bağlı “qara qutu” suallara cavab verəcək. Dövlət başçısının nəzarəti altında olan məsələdə qaranlıq qalmayacaq, buna şübhəmiz yoxdur. Belə olan halda spekulyasiyalar, sadəcə, bəzi dairələr üçün sərfəli ola bilər.

Allahdan şəhidlərimizə rəhmət diləyir, şəhid ailələrinə səbr arzulayırıq. Millətimizin və dövlətimizin başı sağ olsun!
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.