III Dünya müharibəsi qapıda? - Hazırlıq belə gedir...

7-12-2021, 00:01           
III Dünya müharibəsi qapıda? -
ABŞ 2025-ci ilə qədər “B61-12” modifikasiyasında 480 yeni taktiki nüvə bombası istehsal edəcək.

Bu barədə Amerika Alimlər Federasiyası məlumat yayıb.

Bu rəqəm Çin, Fransa, İngiltərə, Pakistan, Hindistan, Şimali Koreya və İsrailin nüvə silahlarının arsenalını üstələyir.

Bombalar ABŞ Hərbi Hava Qüvvələrinin və NATO üzvü olan digər ölkələrin “F-35A”, “F-15E” və “F-16C/D”, “F/A-18” və “Tornado” taktiki qırıcı-bombardmançı təyyarələrini təchiz etmək üçün nəzərdə tutulub.

B61-12 nüvə bombaları “B61-3”, 4, 7 10 və 11 sursatlarının əvvəlki versiyalarının modifikasiyasıdır. Onlar “B-2 Spirit” strateji gizli bombardmançıları və “B-21 Raider”-i təchiz etmək üçün nəzərdə tutulub.

Müxtəlif hesablamalara görə, hazırda ABŞ-ın taktiki aviasiyada istifadə üçün 150-dək nüvə bombası var. ABŞ-ın Milli Nüvə Təhlükəsizliyi İdarəsi bildirib ki, yeni nüvə bombalarının istehsalına noyabrın sonunda Texasda başlanılıb.

Qeyd edək ki, ABŞ-ın yeni həmləsi dünya ölkələri tərəfindən birmənalı qarşılanmadı. Başda Rusiya olmaqla, digər dövlətlər rəsmi Vaşinqtonun 480 nüvə bombası istehsal etməsini ciddi təhdid hesab edirlər.

Görünən odur ki, Amerikanın bu addımı dünyada yeni problemlərə və gərginliyə yol açacaq. Hətta bütün bu proseslərin yekunda nüvə müharibəsinə gətirib çıxara biləcəyi iddia olunur. Reallıq isə budur ki, hazırda nüvə müharibəsinin baş verməsi III Dünya müharibəsinə səbəb olacaq. Nüvə silahına sahib dövlətlərin çoxluğunu nəzərə alsaq, bunun, dünyanın sonunu gətirəcəyi olduqca aydındır.

Maraqlıdır, ABŞ yeni nüvə müharibəsinə hazırlıq görür?

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən hərbi-ekspert Ramil Məmmədli bildirib ki, nüvə müharibələrinin dövrü keçmişdə qalıb:

“Ümumiyyətlə, 1944-cü ildə ABŞ həm qarşıda onu gözləyən “soyuq müharibə”dən qorunmaq, həm də təhlükəsizliyini təmin etmək üçün dövlət planı hazırladı və icrasına başladı. Bu proses isə sürətlə inkişaf etdi. Hətta 1980-ci illərin əvvəllindəki hesablamalara görə, ABŞ-ın nüvə potensialı SSRİ-dən 5 dəfə çox idi.

Onu da nəzərə almaq lazımdır ki, 1987-ci ildə Ronald Reyqan və Mixail Qorbaçov arasında qısa və ortamənzilli raketlərin ləğvi haqqında müqavilə imzalanmışdı. Bu müqaviləyə baxmayaraq, ABŞ həmin silahları ləğv etmədi, amma SSRİ sözügedən silahların ləğvini həyata keçirdi.

Bütün bunlara rəğmən, ABŞ-ın birmənalı olaraq nüvə müharibəsinə hazırlaşdığını deyə bilmərik. Bu gün dünyada daha çox hibrid və elektron müharibələr formasında qarşıdurmalar həyata keçirilir. Lakin ABŞ öz qlobal təhlükəsizliyinin təmin edilməsi üçün nüvə potensialını daha da gücləndirəcək”.

Elmir
Cebhe.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.