Bilet baha, otel baha, üstəlik dələduzlar da var: Turizmi iflic edən kimlərdir?

26-12-2021, 12:57           
Bilet baha, otel baha, üstəlik dələduzlar da var:
Ölkədə turizmin inkişafı və bu sektorda mövcud problemlərin həllində çıxış yolu “Turizm haqqında” yeni qanun layihəsinin qəbulu hesab edilir. Ümumiyyətlə, turizminin kifayət qədər inkişaf etməməsi hər zaman müzakirə mövzusudur. Bu günlərdə Milli Məclisdə “Turizm haqqında” qanun layihəsinin müzakirəsi davam edib. Müzakirələr zamanı millət vəkilləri ölkədə turizmin inkişafı və bu sahədə mövcud problemlərə toxunublar.

Belə problemlərdən biri kimi millət vəkili Fazil Mustafa bildirib ki, "ov turizmi’ ifadəsinə “Turizm haqqında” qanun layihəsində yer verilməyib:

"Bu ifadənin qanun layihəsinə daxil edilməsinə ehtiyac var".

Deputat turistlərin aldadılması məsələsinə də toxunub:

"Turisti aldadan, dələduzluq edən şəxslər ciddi məsuliyyətə cəlb edilməlidir. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edə bilərik. Ona görə də turistin sadəcə, sığortası məsələsini deyil, onların təhlükəsizliyi məsələsini də həll edək. Dəniz turizmi məsələsi də çox acınacaqlı vəziyyətdədir. Biz bəlkə də dənizdən istifadə etməyi bacarmayan yeganə xalqıq”.

Deputat təyyarə qiymətlərinin baha olması problemini də qaldırıb:

“Dəfələrlə təyyarə qiymətlərinin baha olması məsələsini qabardırıq. Bu məsələdə Gürcüstan və digər ölkələrə uduzuruq. Uduzuruqsa, rəqabət də olmayacaq".

Millət vəkili Sabir Rüstəmxanlı isə bildirib ki, İrandan Azərbaycana çox sayda turist gəlirdi:

“Bir müddətdən sonra onların üzü çevrildi İrəvana. Bunu hamı bilir. Başladılar oraya getməyə. Bəlkə də onlar qəsdən bizim buradan gedənlərə xüsusi şərait yaradıblar. Bura gələnlər qiymətlərlə bağlı xəyal qırıqlığına uğradılar və bir daha gəlmirlər”.

Millət vəkil Erkin Qədirli isə deyib ki, ölkəyə gələn turistlər "online" xəritələrdən istifadə edirlər:

“Bu xəritələrdə çox zaman bizim tarixi abidələrimizin adı səhv yazılır. Məsələn, Zaqatalada rus kilsəsi xəritədə dağıdılmış gürcü kilsəsi kimi yazılıb. Turistlər gəlib yanlış təəssüratlarla ayrılırlar”.

Millət vəkillərinin də qeyd etdiyi kimi, hələ də bu sektorda müxtəlif problemlər var.

“Turizm haqqında” Qanunun qəbulu mövcud problemlərin həllinə imkan verəcəkmi?

Azərbaycan Turizm Assosiasiyasının İdarə Heyətinin sədri Əhməd Qurbanov “Cümhuriyət” qəzetinə bildirib ki, hər ölkədə olduğu kimi, Azərbaycan turizmində də müəyyən problemlər var:

“Lakin illər keçdikcə biz bu problemlərin öhdəsindən gəlməyə çalışırıq. Bu sahədə böyük problemlərdən biri də qiymətlərin bahalığıdır. Hər kəs qiymətlərin bahalığından şikayət edir. Xüsusilə də burada həm aviabilet, həm də otel qiymətlərinin baha olmasından söhbət gedir. Düşünürəm ki, otel qiymətlərinin tənzimlənməsi üçün əsas məsələ onların sayını çoxaltmaqdır. Yəni bazarda rəqabət qabiliyyətini, mühitini yarada bilsək, artıq otellərin qiymətləri də ona uyğun nizamlanacaq. Hər kəs öz büdcəsinə uyğun otellərə- beşulduzlu, dördulduzlu, üçulduzlu, ikiulduzlu otellərə gedəcək. Bu da vacib bir məqamdır ki, ölkədə yalnız beşulduzlu otellərin olması o qədər də yaxşı deyil. Təbii ki, beşulduzlu otellərin olması müsbət haldır. Ancaq eyni zamanda, aşağı ulduzlu otellərin olması lazımdır ki, biz hər seqmentdən, hər büdcədən turisti ölkəmizə cəlb edə bilək. Öz ölkəmizin vətəndaşları da istirahətlərini rahat şəkildə təmin edə bilsinlər”.

Ə. Qurbanov deyib ki, bundan başqa turizm növlərinin tətbiqini problem olaraq görmür:

“Məsələn, qeyd edilir ki, dəniz turizmi zəif inkişaf edib. Onunla razıyam ki, bəzi turizm növləri, o cümlədən qatar turizmi növü zəif inkişaf edib və başqa turizm növlərini də inkişaf etdirə bilərik. Bunlar zamanla həll olunacaq və yeni turizm növləri tətbiq olunduqca artıq ölkənin turizm şaxəliliyi artacaq, hər növ turizmi tətbiq edə biləcəyik. Qarabağ bölgəsinin də turizmə müsbət təsiri olacaq ki, gələcəkdə orada hər turizm növünü tətbiq edə bilək. Bu baxımdan zaman keçdikcə problemlər aradan qalxacaq”.

Ümumilikdə götürdükdə, təyyarə biletlərinin baha olduğunu deyən Ə. Qurbanov bir məqamı da qeyd etdi ki, pandemiya dövrü olduğu üçün əsasən xüsusi reyslər tətbiq olunur:

“Belə xüsusi reyslər də qiyməti bahalaşdırır. Eləcə də digər xarici şirkətlərin də ölkəmizə cəlbi lazımdır ki, orada da rəqabət mühiti vasitəsilə qiymətləri tənzimləyə bilək. Bu baxımdan İnvestisiya Holdinqinə müraciət ünvanlanmışdı. Düşünürəm ki, yaxın vaxtlarda müsbət nəticə əldə olunacaq”.

Ə.Qurbanov ən son 1999-cu ildə “Turizm haqqında” qanunun qəbul olunduğunu deyib:

“Artıq 22 ildir ki, “Turizm haqqında” yeni, təkmilləşmiş qanun yoxdur. Yəqin ki, 2022-ci ildə yeni qanun qəbul olunacaq. Qanun qəbul olunduqdan sonra bir çox məqamlar var ki, turizmin inkişafına müsbət təsir göstərəcək. Bunlardan başlıcası turizmdə reyestr xidmətinin tətbiqidir. Reyestr xidməti odur ki, turizm şirkətləri və otellərin mövcud bazalarının məlumatları oraya daxil edərək, bütün vətəndaşlara açıq olacaq.

Hər kəs istədiyi turizm şirkəti haqqında məlumatı daxil olub həmin reyestr baza ximətindən baxa biləcək. Bu da dələduzluq hallarının qarşısını almağa kömək edəcək. Eyni zamanda turizm şirkətlərinin daha sanballı şəkildə işləməsinə şərait yaradacaq və bazarda tənzimləmə gətirəcək ki, səviyyəli, yaxşı işləyən şirkətlər ön plana çıxacaq. Bütün şirkətlər çalışacaq ki, yüksək kateqoriyada ola bilsinlər. Bu baxımdan “Turizm haqqında” Qanunun tətbiqi ölkəmizdə turizmin inkişafına müsbət təsir göstərəcək”.

Nigar Abdullayeva
Cebhe.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.