Azərbaycanda üçüncü devalvasiya gözlənilir? - GƏLİŞMƏ

22-01-2022, 14:20           
 Azərbaycanda üçüncü devalvasiya gözlənilir?
2015-ci ildə devalvasiyalar ilə dolların qiyməti 0,80 manatdan 1,70 manatadək artırıldı.

Artıq 6 ildən uzun müddətdir rəsmi dollar/manat məzənnəsi 1,70 manatdır.

Rəsmi məlumatlara görə, Azərbaycanda illik inflyasiya 2015-ci ildə 4%, 2016-cı ildə 12,4%, 2017-ci ildə 12,9%, 2018-ci ildə 2,3%, 2019-cu ildə 2,6%, 2020-ci ildə 2,8%, 2021-ci ildə 6,7% təşkil edib.

Ərzaq inflyasiyası rəqəmləri daha yüksək olub. 2022-ci ildə də inflyasiyanın yüksək qalacağı gözlənilir. Rəsmi inflyasiya rəqəmlərinə əsasən, ötən 6 il ərzində Azərbaycan manatının alıcılıq qabiliyyəti təxminən 50%-ə yaxın azalıb.

Azərbaycan neftinin 90 dollardan da yüksək qiymətlərə satılması ölkəmizin valyuta gəlirlərini artırır və hökumətin manatın alıcılıq qabiliyyətinin azalması vəziyyətinə daha çox dözməsinə imkanı verir.

Ölkə başçısı bildirib ki, “Uzun illər ərzində manat sabitdir və həm ölkə əhalisi bundan faydalanır, həm də manata inam böyük dərəcədə artıb. Manat depozitlərinin həcmi artır və ümumi depozitlərin balansında artıq üstünlük təşkil edir. Mənim hökumətə ümumi göstərişim ondan ibarət idi ki, biz valyuta ehtiyatlarının azalmasına imkan verməməliyik. Əgər lazım olarsa, xərcləri, xüsusilə investisiya xərclərini bir qədər azaldıb, amma valyuta ehtiyatlarımızı sabit saxlamalıyıq və çalışmalıyıq ki, artıraq".

Mövcud yüksək inflyasiya ilə milli valyutanın alıcılıq qabiliyyətinin azalması manatda növbəti devalvasiya təzyiqini artıracaq? Teref.az-ın məlumatına görə, iqtisadçı-ekspert Pərviz Heydərov Cebhe.info-ya bildirdi ki, ötən ilin iqtisadi yekunları dünyanın bütün aparıcı ölkələri üçün müsbət olub və ən böyük iqtisadi artım Çində qeydə alınıb:

"Dünyanın bir nömrəli iqtisadiyyatına malik ABŞ-da da 5 %-dən çox artım əldə olunub. Bütün bunlar yeni iş yerlərinin açılmasına da müsbət təsir edib. ABŞ-da və Çində gözlənildiyindən daha çox sayda iş yerləri açılıb.

Ancaq bütün bunlara rəğmən, keçən il inflyasiya göstəriciləri də gözləniləndən yüksək səviyyədə təşkil edib. Düzdür, inkişaf varsa, iqtisadi artım gözlənildiyindən artıq təşkil edirsə, inflyasiya prosesi də artıq təşkil etməlidir. Lakin, 2021-ci il ərzində dünya ölkələrindəki inflyasiya prosesləri qeyd olunan təsirdən də artıq sürət nümayiş etdirdi. Bu isə bilavasitə bahalaşma ilə əlaqədar baş verdi. Hansı ki, bu proses indi də davam edir. Odur ki, ölkələr bunu cilovlamaq barədə düşünürlər. Söhbət, dünya iqtisadiyyatının aparıcı ölkələrindən gedir".

Ekspert deyir ki, sözügedən məqsəd naminə pul-kredit siyasətinin yumşaldılması siyasətinə son vermək və əksinə, mərkəzi banklar tərəfindən uçot dərəcələrinin yüksəldilməsi məsələsi nəzərdən keçirilir:

"Belə ki, Amerika Mərkəzi Bankı (FED) tərəfindən də faiz dərəcəsinin qaldırılacağı gözlənilir. Bu addım dolları bahalaşdıra bilər. Nəticədə bir sıra strateji malların qiymətləri düşə bilər və yaxud, onların bahalaşması prosesi dayanacaq. Lakin bütün bunlar hələki proqnozdur, yaxında kəskin dəyişikliklərin baş verəcəyi çox da inandırıcı deyil.

O ki qaldı bizə, yəni dolların bahalaşacağı təqdirdə Azərbaycana təsiri məsələsinə, bu il ölkəmizdə makroiqtisadi göstəricilərə heç bir ciddi təzyiq və təsirlər baş verməyəcək, valyuta bazarımızda sabitlik qorunub saxlanılacaq. Ümumiyyətlə, manatın məzənnəsi ilə bağlı narahat olanlara bildirirəm ki, neftin qiyməti 50 dollardan aşağı düşməsə, 2015-ci ildəki kimi devalvasiya nəyinki yaxın, hətta orta perespektivdə belə baş verməyəcək".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.