"Evin içində ölməliyəm?" - Koronavirus xəstələri Azərbaycanda təcili tibbi yardımdan şikayət edir

8-02-2022, 12:44           
"Evin içində ölməliyəm?" -
Bakıda universitetlərin birində təhsil alan tələbə Ülviyyə Xəlil bir neçə gün öncə özünü pis hiss elədiyindən təcili yardıma zəng edib. Onu təlaşlandıran həm də koronavirusa yoluxmaların getdikcə artması olub. Özünün də yoluxduğundan şübhələnən Ülviyyə Xəlil israrla təcili yardım çağırdığını, yerli poliklinikada test vermək istəsə də verə bilmədiyini, getdikcə vəziyyəti ağırlaşdığından imtahana da gedə bilmədiyini deyir. Əli heç yerə çatmadığından, o, sosial media hesabında da yazaraq virtual dostlarından kömək istəyib: "İki gündür temperaturum 39.2-dən düşmür. Baş gicəllənməsi, titrətmə və sümük ağrısından əziyyət çəkirəm... Səhərdən, bu saata qədər hər yerə zəng etmişəm, baxan yoxdur". Sosial mediada koronavirusa yoluxduğu üçün ya günlərlə çağırdığı təcili yardımın gəlmədiyini, ya da verdikləri testin cavabını günlərlə ala bilmədiyini yazanların şikayətlərini çox oxumaq olar. TƏBİB isə deyir ki, koronavirusa yoluxmaların artması dövlət tibb müəssisələrinə müraciətlərin sayını da kütləviləşdirib, buna görə də laboratoriyaların iş yükü çoxalıb. Nazirlər Kabinetinin bugünki açıqlamasına görə, Azərbaycanda gün ərzində 4700-ə yaxın yeni yoluxma qeydə alınıb. Aktiv xəstə sayı 46 minə yaxındır. Bazar ertəsi açıqlanan məlumata görə, 27 nəfər vəfat edib.

"Neçə gündür müraciət etsəm də, maraqlanan yoxdur"

Teref.az xəbər verir ki, tələbə Ülviyyə Xəlil BBC News Azərbaycancaya müsahibəsində deyir ki, ötən həftənin cümə axşamından özünü pis hiss etməyə başlayıb və təcili yardım çağırıb: "Cümə axşamı günü bizə dedilər ki, yaxınlaşacaqlar. Cümə günü bütün günü gözlədik ki, həkim gələcək. Gəlmədi. Həftənin 6-cı günü oyandım ki, vəziyyətim pisdir, yeriyə bilmirəm. Öskürürdüm, çətinliklə nəfəs alırdım, göz, qulaq ağrısı qarışmışdı bir-birinə, ondan əlavə bütün sümüklərim ağrıyırdı, qurşaqdan aşağımı hiss etmirdim". O səhər təcili tibbi yardıma zəng edib və vəziyyətini izah edib. "Mənə dedilər ki, qızdırmalı xəstəyə gəlib baxa bilmərik. Soruşdum ki, evin içində ölməliyəm? Nömrə verdilər ki, bura sizin çağırışı təsdiqləməlidir, təcili yardıma bildiriş getməlidir, o da sizi nəzarətə götürməlidir. Barənizdə məlumat verilib, gələcəklər". Təcili tibbi yardım gəlmədiyindən Ülviyyə qeydiyyatda olduğu poliklinikadan kömək istəyib: "Yaşadığım ərazi üzrə baxan poliklinikaya zəng etdim, dedilər ki, 814-ə yığın. O bunun üstünə atır, bu onun üstünə atır. Filankəs baxmalıdır, bəhmənkəs baxmalıdır. Axırda bir xanım dedi ki, arayış verməyə kömək edə bilər. İndi eləcə qalıb. Deyirlər ki, çatdırmırıq. Başa düşürəm, işçi azdır, briqadaları azdır. Ancaq onun mənə aidiyyatı yoxdur, açığı heç mənə maraqlı da deyil. Gəlməlidirlər. Yoxlamalıdırlar. Başa düşmürəm, bax, mən xəstəyəm, çölə çıxsam, görün, nə qədər adamı yoluxdura bilərəm...".

Ülviyyə Xəlil Səhiyyə Nazirliyinin 814 Covid-19-la bağlı fəaliyyət göstərən qaynar xəttinə zəng etsə də, əlaqə qura bilməyib: "814-ə zəng edirsən, uzun bir sıra var, 47-ci olursan, nə bilim, sonra 37-ci olursan. Uzun müddət telefonda növbəmi gözlədim, 17-ci adama çatanda xətt kəsildi, yenidən yığmalı oldum. Sonra da konturum bitdi...", - o deyir. Tələbə deyir ki, xəstə olduğu üçün imtahana da gedə bilməyib. Lakin təcili yardım çağırışa gəlmədiyi üçün indi onun xəstələnməsini təsdiqləyən tibbi arayış ala bilib-bilməyəcəyi sual altındadır. Çünki bülleten olmadığından oxuduğu ali təhsil müəssisəsinin rəhbərliyi onun imtahanı üzürlü səbəbdən buraxmasını şübhə altına ala bilər.

"Təcili yardım gəldi, analiz götürmədilər ki, ixtiyarımız yoxdur"

Facebook sosial media hesabından BBC-yə yazan bir vətəndaş deyir ki, ailəlikcə koronavirusa yoluxublar: "Müşfiqabad qəsəbəsindəki poliklinikada 3 saat qaldıq küçədə, küləyin qabağında. Növbəmiz çatanda dedilər ki, temperaturun yoxdu, yaxma götürə bilmərəm. Poliklinikaya gedəndə dərman içdik ki, qızdırma düşsün. Ordan gələndən sonra lap ağırlaşdıq". Mələk İsmayılova adlı digər bir sosial media istifadəçisi deyir ki, təcili yardım çağırılıb, həkimlər gəlsə də, analiz götürməyə ixtiyarlarının olmadığını deyiblər. "Dedilər ki, poliklinikaya çağırış verin, gəlib götürsünlər. Üstündən 1 həftə keçəndən sonra dedilər ki, özünüz gəlin, xəstəmiz çoxdur. Biz də temperatur ola-ola dünən gedib analiz verdik, hələ ki cavabını almamışıq. Sonra deyirlər ki virus yayılır. Belə edirlər ki, virus yayılır də". Sosial medianın Azərbaycandakı istifadəçilərindən bəziləri şikayətlənir ki, 3-4 gün təcili yardımın gəlməsini gözləyirlər, digərləri isə deyir ki, test versələr də cavab bir neçə gün ləngiyir.

"İndi eyni vaxtda 50-60 nəfər müraciət edir"

Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində yerləşən 13 saylı poliklinikanın həkimi Günel Talıbova BBC News Azərbaycancaya deyir ki, hazırda poliklinikada "yalnız simptomlu xəstələrdən" yaxma götürülür. "Xəstənin qızdırması, öskürəyi olmalıdır, boğazında qızartı və dəyişiklik olmalıdır. Minimum 37.2 dərəcədən yuxarı temperatur olmalıdır. Xəstənin vəziyyətinə baxırıq, müayinə edirik. Əgər şübhəli əlamətlər görürüksə, analiz götürürük. Bizim ərazidə yaşayan heç kim olmayıb ki, şübhəli əlaməti olsun, yoxlamadan geri qaytaraq". Günel Talıbova deyir ki, çalışdığı poliklinika əlçatan olduğu üçün gələn müraciətlər qeydiyyata götürülür: "Çağırışa getmək vaxtı xəstə sayından asılıdır. Xəstə sayı çox olarsa, siyahı yazılır. Sahəyə planlı şəkildə çıxılır". Həkim deyir ki, bu aralar xəstə sayı "həddindən artıq çoxdur". "Adi günlərdə bəzən gün ərzində 3-5, ya 20 nəfər müraciət edirdisə, indi eyni vaxt ərzində azı 50-60 nəfər müraciət edir. Bizim hazırda bir briqadamız və bir maşınımız var. Laboratoriya isə bizdən uzaqdadır. İş saatları bitdikdən sonra analizləri aparıb təhvil veririk".

TƏBİB: "İş yükümüz artıb"

Koronavirus pandemiyası başladıqdan bəri hər dəfə yoluxmalar yüksələndə vətəndaşlar tibbi əlçatışmazlıqdan narazılıq edirlər. Bəs, indiyə kimi TƏBİB öz təcrübəsini niyə artırmayıb və Covid19-da bağlı dalğa yarandıqda vəziyyəti idarə edə bilmir? TƏBİB BBC News Azərbaycancanın bu sualını cavablandırmayıb, yalnız onu bildirib ki, son günlərdə Covid-19-a yoluxmanın artması onların da iş yükünü artırıb: "Bu da mövcud laboratoriyaların iş yükünün artmasına səbəb olub. Umumilikdə götürülən testlərin nəticəsinin daha tez açıqlanması və prosesin sürətləndirilməsi məqsədilə mütəmadi addımlar atılır və bundan sonra da bu istiqamətdə proses davam etdiriləcək". Lakin TƏBİB konkret hansı addımların atıldığını açıqlamayıb. Millət vəkili Musa Quliyevin fikrincə, yeni dalğanın fonunda 3-4 dəfə artan iş yükünü dünyada heç bir tibb müəssisəsi idarə edə bilmir. Ancaq o əlavə edir ki, yetərli sayda həkim yoxdur. O, BBC News Azərbaycancaya deyir ki, koronavirus pandemiyası ilə mübarizədə Azərbaycanda kifayət qədər önləyici tədbir görülüb. Deputat vurğulayır ki, indi ölkədə stasionar, reanimasiya yerləri kifayət qədərdir: "Bu günlərdə 7 mindən çox yoluxma olsa da, bizim stasionarımızla bağlı problemimiz yoxdur", - deputat bildirir. Musa Quliyev deyir ki, təcili yardım xidmətinin çox yüklənməməsi üçün vətəndaşlar qeydiyyatda olduqları sahə poliklinikalarına və ya ailə həkiminə müraciət etsələr, daha yaxşı olar: "Qoy, ailə həkimi müəyyənləşdirsin ki, hansı halda təcili yardım çağırmağa ehtiyac var, hansı halda ambulator müalicəni aidiyyatı üzrə poliklinika təmin edə bilər. Əlbəttə, gərginlik olacaq. Çünki ölkədə 7 min yoluxma varsa, onun hardasa yarısı Bakı şəhərinin payına düşür. Bakıda da onun hamısı bir gündə təcili yardım çağırsa... axı, digər xəstələr də var. Tək koronavirus xəstələri deyil axı". Musa Quliyev hesab edir ki, TƏBİB və Səhiyyə Nazirliyi, eləcə də İcbari Tibbi Sığorta Agentliyi bu məsələləri həftəlik analiz etməlidirlər. "Harada çətinliklər var, harada nöqsanlar var, onları aradan qaldırmalıdırlar. Bunu başlı-başına buraxmaq ki, ayda bir dəfə və yaxud da ki, "kvartal"da bir dəfə vəziyyəti analiz edirə, belə olan halda əlbəttə ki, vəziyyət ağırlaşa bilər". Azərbaycanda yanvarın ortalarında yoluxma sayı 300-1100 nəfər aralığında olsa da, yanvarın sonu və fevralın əvvəlki həftəsində bu rəqəm 3-7 min civarında dəyişib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.