Universitetlər həm dövlətdən alır, həm vətəndaşdan: - “Ödənişli təhsil xalqın cibinə girməkdir”

8-02-2022, 16:40           
Universitetlər həm dövlətdən alır, həm vətəndaşdan: -
“2021/2022-ci tədris ilində ödənişli təhsil alan 1-ci kurs tələbələrdən 40 719 nəfəri təhsil krediti almaq hüququ var”.

Bunu Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev deyib. Onun sözlərinə görə, həmin tələbələrdən 21 364-ü bakalavr, 6 522 nəfəri magistr, 12 833 nəfəri isə subbakalavrdır. A.Paşayev əlavə edib ki, ümumilikdə təhsil haqqını ödəyən tələbələrin sayı 126 173 nəfərdir: "Onların 28 674-ü akademik borcu olanlardır. Bu da həmin tələbələrin 20-30 %-ni təşkil edir. 41 291-nin ümumi orta müvəffəqiyyət göstəricisi 71 baldan aşağıdır. Bu da 30-40 % təşkil edir".

Sədr qeyd edib ki, Azərbaycanda 15 və yuxarı yaşlı əhalinin hər 1000 nəfərindən 972 nəfəri ali, orta ixtisas və orta təhsilə malikdir: "Əhalinin hər 10000 nəfərinə düşən tələbələrin sayı 200 nəfərdir. Bu rəqəm orta ixtisas təhsili müəssisələrində 63 nəfərdir. Bütün əyani təhsil alan tələbələrin 59,5% ödənişli təhsil alan tələbələrdir, o cümlədən bakalavriat səviyyəsi üzrə 58,5%, magistratura səviyyəsi üzrə 62.8% və subbakalavriat səviyyəsi üzrə 61% ödənişli təhsil alır".

Qeyd edək ki, bir çox ölkələrdə təhsil ödənişsizdir və dövlət tərəfindən tələbənin təhsil alması çün vəsait ayrılır.

Məsələn, belə ölkələr sırasında İsveç, Norveç, Finlandiya, İrlandiya, İslandiya, Çex Respublikası və digər ölkələri göstərmək olar. Azərbaycanda isə özəl universitetlərlə yanaşı, dövlət təhsil müəssisələrində də ödənişli təhsil sistemi mövcuddur. Bu gün ölkədə təhsil alan tələbələrin 60 faizi ödənişli təhsil alırsa, burada qazanan əsasən ali təhsil müəssisələridir.

Maraqlıdır, niyə dövlət büdcəsindən maliyyələşən universitetlər eyni zamanda ödənişli təhsil verir? DİA.AZ-ın məlumatına görə, təhsil üzrə ekspert Elşən Qafarov Cebhe.info-ya bildirib ki, “Təhsil haqqında”Qanunun 39 və 40-cı maddəsi var, orada təhsil müəssisələrinin maliyyələşdirilməsindən danışılır:

“Mülkiyyət növünə görə, Azərbaycanda 3 formada, dövlət, özəl və bələdiyyə məktəbləri ola bilər. Praktikada isə bələdiyyə məktəbləri yoxdur. Hazırda praktik olaraq dövlət və özəl təhsil müəssisələri var. Özəl təhsil müəssisələrinin maliyyələşdirilməsində göstərilir ki, onlar göstərdikləri təhsil xidmətlərinə görə təsisçinin ayırdığı vəsait hesabına maliyyələşirlər. Ancaq əsas onların maliyyələşməsi təhsil xidmətlərindən əldə etdiyi gəlirlər hesabınadır. Eyni zamanda, təhsil xidmətini özəl təhsil müəssisəsi özü müəyyən edir və burada sərbəstdir. Dövlət təhsil müəssisələrində təhsil haqları Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş qiymətləri aşmamaq şərtilə müəyyən olunur. Qanunun 39-cu maddəsində qeyd edilir ki, dövlət təhsil müəssisələri dövlət büdcəsindən maliyyələşir. Onların göstərdikləri təhsil xidmətlərindən əldə etdikləri gəlirlər büdcədənkənar gəlirlər hesab olunur. Büdcədənkənar gəlirlərin nə qədər olmasından asılı olmayaraq, o dövlət büdcəsinə ayrılan vəsaiti məhdudlaşdırmır, yəni azaltmır. Çox təəssüf ki, dövlət təhsil müəssisələri dövlət büdcəsindən maliyyələşdiyi halda bu gün onların təhsil haqları, ödənişli təhsil ödənişsiz təhsildən daha çoxdur”.

Ekspertin sözlərinə görə, “Təhsil haqqında” Qanunun 14-ci maddəsində göstərilir ki, dövlət təhsil müəssisələri mənfəət güdmürlər: “Yəni onların işi təhsil verməkdir, pul qazanmaq deyil. Ali təhsil müəssisələri də əslində elm-innovasiya mərkəzləridir. Çox təəssüf olsun ki, müstəqillik dövründə, ötən 32 il ərzində bir ali təhsil müəssisəsi yoxdur ki, bir fundamental elmi kəşfə, araşdırmaya imza atmış olsun. Ali təhsil müəssisələrində ödənişli təhsilin bu qədər geniş yayılması o demək deyil ki, həmin müəssisələrdə hər şey, müəllimlərin əmək haqqı və s. yaxşıdır. Biz dəfələrlə görürük ki, ali təhsil müəssisələrinin rektorları işdən çıxandan sonra onların mülkləri, malikanələri ilə bağlı siyahılar yayılır. Ümumiyyətlə, düşünürəm ki, dövlət təhsil müəssisələrinin ödənişli təhsil verməsi yolverilməzdir. Eləcə də dövlət büdcəsindən maliyyələşən bir ali təhsil müəssisəsi təhsil haqqını ödəyə bilməyən gəncin təhsil almasını məhdudlaşdırır. Hansı ki, həmin universitet həmin gəncin valideyninin verdiyi vergilər hesabına formalaşır. Nəticə etibarilə yüzlərlə, minlərlə gəncimiz hüquqlardan məhrum edilir. Bu gün Azərbaycanın iqtisadi imkanları buna tam imkan verir ki, ödənişsiz təhsil tətbiq olunsun. Hazırda ölkədə təhsil alan hər 100 nəfərdən 60 nəfəri ödənişli təhsil alır. Bu məsələ illərdir ki, müzakirə olunur, təkliflərimizi vermişik”.

Ekspert deyib ki, dövlət təhsil müəssisləri 2010-cu ildə Nazirlər Kabinetinin 10 nömrəli qərarına əsasən, sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər: “Ancaq təhsil haqqını ödənişli olaraq ancaq özəl təhsil müəssisələri göstərə bilərlər. Bu baxımdan dövlət təhsil müəssisələrinin ödənişli təhsil verməsi dayandırılmalıdır. Ölkəmizin bugünkü imicinə, vətəndaşların pandemiya dövründə sosial vəziyyətinə heç uyğunlaşmır. Hər il növbəti ilin ali, orta, peşə təhsili müəssisələrində ayrılacaq yerlərin, ixtisaslarının təsnifatı Nazirlər Kabineti tərəfindən təsdiqlənir. Qabaqcadan bilinir ki, hansı ixtisas üzrə nə qədər tələbə oxuyacaq və dövlət o tələbəyə görə həmin ali məktəbə ödəniş edir. Ödənişsiz təhsili dövlət qarşılayır. Bunun müqabilində bir də ödənişli təhsili həyata keçirir. Bu, sadəcə xalqın cibinə girməkdir. Arzu edərdim ki, bizim ali təhsil müəssisələrimiz hansısa bir elmi araşdırma, kəşfi, innovasiyası ilə gündəmə gəlsin. Sadə xalqın cibinə girib təhsil haqqı ilə özlərinə həyat yaratmaq qəbuledilməzdir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.