Birgə sərhəd komissiyasının yaradılmasına yeni əngəl
9-02-2022, 08:41

Ekspertlər delimitasiya və demarkasiya prosesinə başlamaqdan yayınan İrəvanla bağlı sərt addımlara çağırır
“Ermənistan Azərbaycan və Rusiya ilə təmas xəttində təhlükəsizlik mexanizmlərinin yaradılmasını müzakirə edir”. Bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ötən həftə jurnalistlərə müsahibəsində deyib. Mirzoyanın sözlərinə görə, Ermənistan öz öhdəliklərinə sadiq qalır və ölkəsi Ermənistan, Rusiya və Azərbaycan başçılarının Soçi görüşündə razılaşdırılan delimitasiya üzrə komissiyanın yaradılmasına hazırdır: “İndi biz Azərbaycan və Rusiya ilə təmas xəttində təhlükəsizlik və sabitlik mexanizmlərinin yaradılması vasitələrini müzakirə edirik. Mən artıq müxtəlif təkliflərin verildiyini demişəm. Danışıqlar davam edir. Konkret olaraq Azərbaycan Ermənistanın son təkliflərinə mənfi reaksiya verdi. Amma proses davam edir. Prosesdə İrəvan üçün qəbuledilməz olan təkliflər də var idi”.
Mirzoyan daha əvvəl demişdi ki, Ermənistan tərəfi sərhədlərin demarkasiyası və delimitasiyası məsələsində Azərbaycan üçün qəbuledilməz məsələləri anlamağa çalışır. Bu arada xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə birgə mətbuat konfransında Ermənistanın verdiyi təkliflərə münasibət bildirib. Nazir qarşı tərəfin yeni təkliflər verdiyini təsdiqləyib. Nazirin sözlərinə görə, müəyyən mənada prosesə başlamaq üçün ilkin şərtlər irəli sürülüb: “Ermənistan tərəfi komissiyanın işə başlaması üçün müəyyən şərtlər irəli sürüb. Azərbaycan heç bir qeyd-şərt olmadan bu prosesə açıq olduğunu bildirib”.
C.Bayramov onu da əlavə edib ki, sərhədlərin delimitasiyası məsələsində “kreativ” yanaşmalara ehtiyac yoxdur, beynəlxalq sərhədlər tanınmalıdır. 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanın sərhədlərin delimitasiyası ilə bağlı hər hansı bir şərt irəli sürməyə nə hüquqi, nə siyasi, nə mənəvi haqqı var.(Bakı-xeber.az)
Maraqlıdır, Mirzoyan nə danışır? Azərbaycana delimitasiya ilə bağlı nə təklif ediblər ki, rəsmi Bakı rədd edib?
Ermənişünas alim Qafar Çaxmaqlı “Yeni Müsavat”a açıqlamasında erməni məkrinin qarşılığında atılmalı olan addımlardan bəhs etdi: “Əlbəttə, məğlub ölkə kimi Ermənistanın şərtlər irəli sürməyə heç bir haqqı yoxdur. Sərhədlərin müəyyənləşməsi ilə bağlı yaradılan komissiya bu məsələləri müzakirə edəcək. Ermənistandakı müzakirələrə əsasən, deyə bilərik ki, şərt kimi önə sürülməsi gözlənilən məsələ sərhədlərdə Azərbaycanın bir sıra yerlərdəki mövqelərdən çıxarılmasını nəzərdə tutur. Ermənistan hesab edir ki, bəzi sərhəd keçidlərində Azərbaycan onların ərazisinə girib. Amma bu, belə deyil. Əksinə, hələ Azərbaycanın bir sıra əraziləri Qazağın 7 kəndi, Naxçıvan tərəfdə Kərki işğal altındadır”. Q.Çaxmaqlı qeyd etdi ki, ermənilərin o əraziləri boşaltmasını biz şərt olaraq irəli sürməliyik: “Bunu irəli sürmədən danışıqlara başlamağı qəbul etməyimiz əslində prosesin başlamasını istəməyimizdən irəli gəlir, yaradılacaq komissiya xəritələr əsasında sərhəd xəttinin haradan keçəcəyini müəyyən edəcəkdir. Hələ o xəritələrə də aydınlıq gətirilməyib. Açıq görünür ki, Ermənistan bu prosesi uzatmaq üçün bəhanələr uydurur, şərtlər irəli sürür. Onların dərdi odur ki, proses uzansın və Qarabağla bağlı beynəlxalq müdaxilə işə düşsün. Çünki sərhədlər daha tez müəyyənləşsə, demarkasiya və delimitasiya prosesləri sona çatarsa, həll olunarsa, işğaldan azad olunmayan ərazilərin Azərbaycan torpaqları olduğunu Ermənistan özü qəbul etməlidir. Bu, onsuz da baş verəcək”.
QAT sədri Akif Nağı da əmindir ki, Ermənistanın məqsədi nəticəsiz danışıqlarla vaxt udmaqdır: “30 il ərzində ermənilərin bu ssenarisi işlədi, danışıqlar getdi, nəticə olmadı, ermənilər Qarabağda möhkəmlənmək üçün vaxt qazandı. İndi Azərbaycan torpaqlarının böyük hissəsini işğaldan azad edib, amma bir hissə hələ də ermənilərin nəzarətindədir. Onlar orada guya ”dövlət"lərini davam etdirirlər. Delimitasiya və demarkasiya ətrafında müzakirələr getdikcə, erməni separatçılar bu “dövlət” mövcudluqlarını saxlayacaqlar. Ona görə də müəyyən şərtlər irəli sürməklə vaxtı uzadırlar. Onların konkret olaraq hansı şərtləri irəli sürdükləri məlum deyil. Amma xarici işlər nazirimiz də vurğuladı ki, Ermənistanın 30 illik işğaldan sonra təklif və şərt qoymağa haqqı yoxdur". A.Nağı erməni nazirin iddialarını əsassız saydı: “Ararat Mirzoyan bir neçə dəfə danışıqlar prosesində ”Dağlıq Qarabağ"ın təhlükəsizliyi və hətta öz müqəddəratını təyinetmə hüququnu qabardıb. Ola bilər ki, dedikləri təkliflərdə də əksini tapıb. Azərbaycan bu cür təklifləri dərhal rədd etməli, danışıqlar üçün vaxt müəyyən etməlidir. Müddətsiz danışıqlar yalnız ermənilərin maraqlarına uyğundur".
Politoloq İlyas Hüseynov isə dedi ki, hazırda Ermənistan və Azərbaycan arasında sərhədlərin qarşılıqlı surətdə tanınması ən önəmli prioritetdir: “Bu, uzun surən və çətin proses olmasına baxmayaraq, Azərbaycan Gürcüstan və Rusiya ilə bu yolu uğurla keçib. İranla da yeni sərhəd gerçəklikləri formalaşıb. Ermənistanın işğalçılıq siyasəti səbəbindən, beynəlxalq səviyyədə tanınmış sərhədləri müəyyənləşdirmək bu günə qədər mümkün olmayıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrov da bildirmişdi ki, sərhədlərin delimitasiyası ilə Qarabağ mövzusu arasında bağlılıq yoxdur. Maraqlıdır ki, Avropa İttifaqı da Rusiya ilə yanaşı, sərhədlərin müəyyənləşməsində tərəflərə məsləhətçi qismində kömək etməyə hazırdır. Soçi və Brüsseldə əldə olunmuş razılıqlar da bunu göstərir. Rusiyanın bu məsələdə azacıq üstünlüyü xəritələrin mövcudluğu məsələsində ola bilər. Digər tərəfdən, inzibati sərhədlərlə bağlı nişanlamaları özündə əks etdirən xəritələr hər bir iştirakçı tərəfdə var”. Lakin İ.Hüseynov əlavə etdi ki, bu günə qədər də sərhədlərin müəyyənləşməsi üçün komissiya təşkil olunmayıb: “Ötən ilin 16 noyabr tarixində baş verən insidentin baş verməməsi və eskalasiya riskinin minimallaşdırılması baxımından, Azərbaycan və Ermənistan arasında Silahlı Qüvvələr səviyyəsində birbaşa rabitə əlaqəsi də yaradılıb. Təmas xəttində təhlükəsizlik və sabitlik mexanizmlərinin yaradılması ilə bağlı Ermənistanın irəli sürdüyü bütün şərtlər tamamilə qəbuledilməzdir. Azərbaycan tərəfi heç bir qeyd-şərt olmadan bu prosesə açıq olduğunu dəfələrlə bildirib, ilk növbədə beynəlxalq səviyyədə tanınmış sərhədlər Ermənistan tərəfindən tanınmalı və qəbul edilməlidir”. Politoloq əlavə etdi ki, buna görə də Ermənistanın sərhədlərin delimitasiyası ilə bağlı hər hansı bir şərt irəli sürməyə hüquqi, siyasi və mənəvi haqqı yoxdur: “Sərhədlərin delimitasiyası ilə sülh quruculuğu prosesinə müsbət töhfə verilmiş olar. Lakin görünən budur ki, yalnız ”Dəmir Yumruğu" anlayan Ermənistan tərəfi öz xoşu ilə delimitasiya prosesinə başlamayacaq".
E.PAŞASOY,
“Yeni Müsavat”