Azərbaycanlıların basdırıldığı kütləvi məzarlıqlar - Tuneldə qətliam törədən faşist dəstəsinə “Avo” ləqəbli Monte Melkonyan başçılıq edib
9-02-2022, 12:16

Xatırladır ki, Birinci Qarabağ müharibəsi zamanı 71-i uşaq, 267-si qadın və 326-sı ahıl olmaqla, ümumilikdə 3890 Azərbaycan vətəndaşı itkin düşüb.Sözügedən dövr ərzində ermənilərin azərbaycanlılara qarşı törətdiyi qətliamlar zamanı kütləvi məzarlıqların mövcudluğu ehtimalının olduğu əraziləri təqdim edirik:
1.Bağanis Ayrım kəndi. 1990-cı il martın 24-də Qazax rayonunun Bağanis Ayrım kəndində ermənilər tərəfindən qırğın törədildi. Qırğın nəticəsində 7 nəfər kənd sakini ocağa atılaraq yandırılıb, 2 nəfər isə güllələnib. Kənddə 17 ev qumbaraatanla dağıdılıb, 11 ev isə qarət edilib. Əsliyevlər ailəsinin 5 üzvü işgəncələrlə qətlə yetirildikdən sonra üstlərinə benzin tökülərək yandırılıblar. Alməmməd Məhərrəmov isə həyətindəki ot tayasına atılaraq diri-diri yandırılıb. Kənddə növbə çəkən milis əməkdaşı Məcid Əhmədov güllələnib, 2 nəfər isə odlu silahla yaralanıb. Qətlə yetirilənlərin ən yaşlısı 75 yaşında, ən kiçiyi isə beşikdə olan 39 günlük körpə olub. Bu ərazidə kütləvi məzarlıqların olduğu bildirilir.
2.Azərbaycanlıların kütləvi dəfn olunması ehtimalının olduğu ərazilər 1991-ci il oktyabrın sonunda və noyabr ayı ərzində qətliam törədildiyi Çəmənli, Malıbəyli, Kərkicahan, Meşəli, Quşçular kəndləridir. Oradakı erməni vəhşilikləri azərbaycanlılara qarşı törədilmiş cinayətlər sırasında amansızlığı ilə seçilir. 1991-ci ilin iyun-dekabr aylarında erməni silahlı qüvvələrinin Xocavəndin Qaradağlı və Əsgəran rayonunun Meşəli kəndinə hücumu nəticəsində 12 nəfər öldürülüb, 15 nəfər isə yaralanıb.
3.Birinci Qarabağ müharibəsində ən böyük qətliam 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verib. Ən çox kütləvi məzarlığın da məhz bu ərazidə olması ehtimalı var. Soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
4.) Kütləvi məzarlıqların olduğu bildirilən ərazilərdən biri də Kəlbəcər rayonunun Ağdaban kəndidir.1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Ermənistan silahlı qüvvələri və Qarabağdakı erməni hərbi birləşmələri Ağdaban sakinlərinə qarşı vəhşiliklər törədib, əhalini kütləvi formada qırıblar. 779 dinc sakinə divan tutulub. 67 sakin müxtəlif işgəncələrlə qətlə yetirilib. Həmin gün 90-100 yaşlı 8 qoca, 2 uşaq, 7 qadın diri-diri yandırılıb, 12 nəfərə ağır bədən xəsarətləri yetirilib, 2 nəfərin taleyi haqqında isə indiyədək məlumat yoxdur.
5.)İnsanlığa sığmayan dəhşət daha sonra Goranboyun Ballıqaya yaylağında baş verdi. Laçınlılara qarşı törədilən 1992-ci il 28 avqust Ballıqaya faciəsi tarixə ən dəhşətli qətliam kimi düşüb. Səhər saat 5 radələrində Ermənistan silahlı qüvvələrinin yaratdığı diversiya qrupunun 10-12 nəfər üzvü alaçıqları xüsusi amansızlıqla, iriçaplı silahlardan və qumbaraatanlardan atəşə tutub. İnsanlığın utanc yeri olan Ballıqaya faciəsində 24 nəfər eyni gündə qətlə yetirilib.
6.)Növbəti belə məzarlıq Şuşanın Daşaltı kəndində aşkarlanıb. 1992-ci ilin 25-26 yanvarında uğursuz Daşaltı əməliyyatı zamanı 90-a yaxın azərbaycanlı həyatını itirib. Onlardan 30 nəfərə yaxını itkin düşmüş sayılırdı və onların şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb. Ötən ilin fevral ayında Daşaltı kəndində həyata keçirilən axtarış tədbirləri nəticəsində naməlum cəsəd qalıqları aşkar edilib və onlar məhkəmə tibbi-ekspertizasına götürülüb. Onların şəxsiyyətinin dəqiqləşdirilməsi ilə bağlı hazırda işlər aparılır.
7.)1992-1994-cü illərdə Xocavəndin Edilli kəndində kütləvi qırğınlar törədilib. Bu ərazidə də kütləvi məzarlığın olması ehtimalı mövcuddur.
8.)Dəhşətli cinayətlərdən biri də Kəlbəcər rayonunda “Tunel” adlanan ərazidə 1993-cü il martın 31-də törədilib. Rayon ərazisini işğal edərkən Tunelin qarşısında pusqu quran erməni faşistləri həmin gün buradan keçərək, təhlükəsiz yerə getməyə çalışan dinc azərbaycanlıları gülləbarana tutub, qətlə yetiriblər. Sağ qalanlar girov götürülüb, uzun müddət dəhşətli işgəncələr görüblər. Tuneldə qətliam törədən faşist dəstəsinə məşhur terrorçu, sonralar Ağdam rayonu ərazisində öldürülən “Avo” ləqəbli Monte Melkonyan başçılıq edib. Şahidlərin sözlərinə görə, Tuneldə baş verənlər bir qətliam, soyqırımıdır. “Şahidi olduğum bu erməni vəhşiliyini unutmaq mümkün deyil: insanları diri-diri odun-alovun içərisinə atırdılar, uşaqlara, qadınlara, yaşlılara olmazın işgəncələr verdilər. Hadisə baş verən yerdə 82 nəfər azərbaycanlı olub. Onların 50-dən çoxu diri-diri yandırılıb. 31 nəfər əsir götürülüb, tunelin yaxınlığında ermənilərin 28 il əvvəlki vəhşiliyinin izlərinin – o vaxt məhv edilən avtomaşınların qalıqlarının qaldığını görüblər. Qətliamın qurbanı olan insanların bəziləri hələ də itkin düşmüş sayılır” - qətliam şahidi yazıb. Bu ərazidə də kütləvi məzarlığın olduğu bildirilir.
9.)Azərbaycanlıların kütləvi basdırıldığı məzarlığın aşkar olunduğu yerlərdən biri də Başlıbeldir. 1993-cü ilin aprelin əvvəllərində Kəlbəcərin ermənilər tərəfindən işğalından sonra 2 minə yaxın əhalisi olan rayonun Başlıbel kəndinin 73 sakini evlərini vaxtında tərk edə bilməmiş və düşməndən qorunmaq üçün dağlara çəkilərək kahalara sığınmışdılar. Onlar kahalarda cəmi 18 gün gizli yaşaya biliblər. Aprelin 18-də ermənilər sakinlərin sığındığı kahaların yerini aşkarladıqdan sonra onların üzərinə silahlı hücuma keçiblər. Nəticədə sakinlərdən 14 nəfər girov götürülüb, 18 nəfər qətlə yetirilib.
Ramil Cəbrayıl
Teref.az