Yüz minlərlə həyət evi müştəri gözləyir: Alıcıların qarşısını kəsən sədd - NƏ ETMƏLİ?

9-02-2022, 16:48           
Yüz minlərlə həyət evi müştəri gözləyir:
Bu il yanvarın 1-nə İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilmiş 36 762 kreditin 93%-i mənzillərin, 7%-i isə fərdi evlərin alınması üçün ayrılıb.

Məlumata görə, kreditlə alınan evlərin 1,7%-nin qiyməti 30 min manatdan az, 38,2%-nin qiyməti 30-60 min manat arasında, 34,3%-nin qiyməti 60-90 min manat arasında, 12,6%-nin qiyməti 90-120 min manat, 13,4%-nin qiyməti isə 120 min manatdan çox olub. Evlərin ölçülərinə gəlincə isə 40 kv.m-ə qədər mənzillər 7%, 41-60 kv.m-lik mənzilər 36%, 61-80 kv.m-lik mənzillər 28,9%, 81-100 kv.m-lik mənzillər 14%, 101-120 kv.m-lim mənzillər 6%, 120 kv.m-dən böyük olan mənzillər isə 8,1% paya malik olub. Qeyd edək ki, ölkədə fərdi evlərin ipoteka krediti predmeti olmaması artıq uzun müddətdir ki, müzakirə mövzusudur.

Bu gün əhali müxtəlif ipoteka kreditlərindən yararlansa da fakt odur ki, fərdi evlər hələ də cüzi bir faiz təşkil edir. İpoteka kreditlərinin daha çox mənzillərə yönəlməsi, fərdi evlərə tətbiq edilməməsinin səbəbi nədir? Teref.az-ın məlumatına görə, daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev Cebhe.info-ya bildirdi ki, bu gün Bakı və Abşeron ərazisində 500 mindən çox çıxarışı olmayan fərdi həyət evləri var:

“Şəhərin içində, yaxın ərazilərdə çıxarışı olan fərdi həyət evləri çox məhdud saydadır. Bakının Yasamal, “Alatava”, “Papanin” adlanan və digər ərazilər 100 ildən artıqdır ki, salınıb, burada çox böyük bir kütlə yaşayır. Həmin ərazi nə neft ərazisi, nə əkin sahəsi, nə yüksək gərginlikli elektrik xətlərinin keçdiyi yerdir. Sırf həmin ərazilərin hamısı yaşayış massivləri üçün nəzərdə tutulub. Ancaq buna baxmayaraq, bu gün həmin ərazilərdə belə, çıxarış yoxdur. Barmaqla sayılacaq qədər evlərdə çıxarış var, 80-90 faiz isə yoxdur. Bu gün ipotekaya bəlli bir məbləğə qədər - 150 min manatadək Fond pul ayırır. Həyət evlərinə baxsaq, söhbət villalardan gedə bilər. Villaların qiyməti məlum ərazilərdə “Badamdar”, Teymur Əliyev, Əhmədli kimi ərazilərdə 400-500 min manatdan başlayaraq milyonlara qədər dəyişir. Təbii ki, belə bir mənzili alan şəxs ipoteka ilə deyil, nağd şəkildə alır. Çünki verilən kredit ipotekanı tam bağlamır”.

Ekspertin sözlərinə görə, ipoteka kreditlərinin alınması üçün şərtlər var ki, torpağın da, mənzilin də çıxarışı olmalıdır:

“Bu gün hər iki kateqoriyada çıxarışı olan fərdi həyət evləri az, ipoteka predmetinə çevrilə biləcək mənzillər məhdud sayda olduğuna görə, az satılır. Məsələn, Abşeron ərazisində 150 min manatadək, çox gözəl, ikimərtəbəli həyət evi almaq olar. Eyni zamanda, şəhərin içində 150 min manata iki otaqlı yeni binada mənzil almaq mümkündür. Vətəndaşlara daha çox həmin həyət evlərini almaq sərf edir, ancaq onun sənədinin olmaması səbəbindən ipoteka predmetinə çevrilə bilmirlər. Əsas problem ondadır. Böyük ailələr var ki, ayrılan pula 2-3 otaqlı mənzil almaqdansa, 2 mərtəbəli villa alsa, daha rahat şəraitdə yaşaya bilər. Həm həyəti, həm də geniş şəraitli mənzili olar. Beləliklə, həmin həyət evlərinin çıxarışının olmaması, həm də ipotekaya ayrılan məbləğlərdə çıxarışın az olması onların ipoteka ilə verilməsində problemlər yaradır”.

Ekspert deyir ki, əslində insanlar həyət evlərinə həvəs göstərirlər:

“Statistikaya baxsaq, Bakı ətrafında son 20 ildə nə qədər fərdi həyət evləri massivləri salınıb. Artıq Bakı ilə Sumqayıt birləşib. Bu gün yüz minlərlə çıxarışsız evlərin olması onu göstərir ki, bu sahəyə maraq var. Şəhər mərkəzinə daha çox iş yerləri ilə bağlı gənc insanlar can atırlar. Ancaq orta, yaşlı nəsil, geniş ailəsi olanlar daha çox həyət evlərinə maraq göstərirlər. Çıxarış olsa, ipoteka ilə bağlı həmin 7 faiz bəlkə də 50 faiz ola bilər ki, iki otaq qiymətinə gedib iki mərtəbəli, 7-8 otaqlı ev alarlar”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru