BƏS, MEHDİYEV, QARALOV, USUBOV, SADIKOV...? - “Tərtər işi”ni ört-basdır edənlər də məsuliyyətə cəlb olunacaqlarmı?
10-02-2022, 19:44

Məlum olduğu kimi, bu gün Baş Prokurorluq "Tərtər işi" ilə bağlı növbəti dəfə məlumat yayıb.
Məlumatda daha 163 nəfərin işgəncəyə məruz qaldığının müəyyən edildiyi vurğulanır: “Ötən müddət ərzində işgəncəyə və digər qanunsuz əməllərə məruz qalan 163 yeni şəxs müəyyən edilərək zərərçəkmiş şəxs qismində tanınmaqla işin halları üzrə tam, hərtərəfli dindirilib, onların məhkəmə-tibbi ekspertizadan keçirilmələri təmin edilib. Beləliklə, işgəncə faktları üzrə əvvəlki istintaq zamanı zərərçəkmiş kimi tanınmış şəxslərlə birlikdə cinayət işləri üzrə hazıradək ümumilikdə 281 zərərçəkmiş şəxs müəyyən edilib. İş üzrə zərərçəkmiş şəxslərin müəyyən edilərək dindirilməsi prosesi davam etdirilir...”
Bu, o deməkdir ki, zərərçəkənlərin sayı burada göstərilənlərdən də xeyli çoxdur. Həmin məlumatda qeyd olunanlar həm də bu işin nə qədər böyük miqyasa malik olduğunu və ordumuza qarşı geniş təxribat xarakteri daşıdığını bir daha təsdiqləmiş olur.
Ancaq bu məsələdə bir neçə sual meydana çıxır. Hələ 2017-ci ildə baş verən, “5-ci kolon”un dövlətə və orduya qarşı qəsdinin tərkib hissəsi olduğu şübhə doğurmayan bu cinayətin qarşısı niyə zamanında alınmadı və sonradan niyə bir müddət bu iş ört-basdır edildi? Həmçinin, niyə bu işə birbaşa nəzarət etməli olan yüksək vəzifəli şəxslər hazırda məsuliyyətdən kənarda saxlanılır?

Qısa xatırlatma olaraq qeyd edək ki, 2017-ci il mayın 7-də Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə bəyanatla bir qrup hərbi qulluqçu və mülki şəxsin Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluq etdiyinə görə saxlandığını açıqlamışdılar.
Prokurorluq Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açmış və saxlanılanlar müxtəlif müddətə azadlıqdan məhrum edilmişdilər.
Lakin sonradan məlum olub ki, bu işin istintaqı zamanı azı 9 hərbi qulluqçu işgəncələrdən ölüb. Bəzi ekspertlər öldürülənlərin sayının daha çox olduğunu bildirirlər. Zərərçəkənlərin ailə üzvlərinin dediklərinə görə, ümumilikdə 1700-dən çox hərbçiyə işgəncə verilib. İşgəncələrə məruz qalanların çoxu Aprel döyüşlərində xüsusi fəallıq göstərmiş, vətənpərvərliyi, peşəkarlığı ilə seçilən hərbçilər olublar.

Artıq heç kimə sirr deyil ki, “Tərtər işi”-nə sabiq Baş prokuror Zakir Qaralov, onun muavini Rüstəm Usubov, sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkov və Hərbi prokuror Xanlar Vəliyev nəzarət ediblər. Tərtər hadisələrinin başında isə birbaşa Müdafiə Nazirliyinin sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovun durduğu barədə hərbi ekspertlər, hüquq müdafiəçiləri və vəkillər tərəfindən açıqlamalar yayılıb.

Qeyd olunub ki, bu prosesləri Müdafiə Nazirliyinin Daxili təhlükəsizlik idarəsinin rəisi, general-mayor Ramil Əsgərov aparıb. O isə N.Sadıkovun doğma bacısı oğludur. Lakin indiyə qədər bu cür ağır ittihamlarla bağlı nə N.Sadıkov, nə də R.Əsgərov heç bir açıqlama verməyiblər. Sanki belə də olmalı imiş.