Hərbi ekspertdən ƏƏSMN-ınə acı həqiqətlərilə dolu müraciət: " Bunu hansısa sıravi adam deyil, DSK adlı dövlət və hökumət qurumu dərc edib. "

12-02-2022, 08:04           
Hərbi ekspertdən ƏƏSMN-ınə acı həqiqətlərilə dolu müraciət:
Əziz dostlar! Hörmətli həmkarlar!
Daha bir iş həftəsi arxada qaldı. Düşünürdüm ki, bizim bəzi müraciətlərimizə, hansılarda ki, hərbçilərin ərzaq əvəzinə pul kompensasiyası ilə bağlı məsələyə heç olmazsa rəsmilər münasibət bildirəcəklər, tam susqunluqdur. Baxıram, DSMF-dan bəzi cavablar artıq gəlməyə başlıyıb və bu "ağıllılar" orada qaldırılan məsələlərə guya öz dayaz və primitiv anladıqları səviyyədə cavab verirlər. Amma, bizim konkret ünvanladığımız ən vacib və önəmli SUALA ümumiyyətlə münasibət bildirilmir. DSMF-nin İdarə Heyətinin sədri Himalay Məmişov, həmçinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın direktoru Şahin Əliyev, həmçinin bu gün ƏƏSMN-də keçirilən kollegiya iclasında ümumiyyətlə bu haqda heç nə danışılmır. Sual edirəm: xeyir ola?! Siz bizi nə sayırsınız? Sizə sizin şəxsi işlərinizlə bağlı olan hansısa sual ünvanlanmayıb ki, siz onu saymazyana, yekəxana münasibətinizlə üstündən keçirsiniz. Xeyr, cənab "baş boksçu" Sahil Babayev, iki dəfə xeyir cənab Himalay Məmişov, 3 dəfə xeyr cənab Şahin Əliyev və digərləri. İndi Sizə və Milli Məclisin (MM) sosial siyasət komitəsinin sədri Musa Quliyev (Urud) üçün Dövlət Statistika Komitəsinin (DSK) "İSVEJİ-İSVEJİ" bu gün açıqladıqları məlumatları burada yazıram ki, bu iki gündə-şənbə və bazar günləri yaxşıca dincələndə, bağınızda, villa və restoranlarınızda, əlinizdə gəzdirdiyiniz dəyərli bir neçə min olan bahalı telefonlarda bu məlumatı yaxşı-yaxşı oxuyub yadda saxlıyasınız. Bunu hansısa sıravi adam deyil, DSK adlı dövlət və hökumət qurumu dərc edib.
Hörmətli deputat Musa Quliyev (Urud) da qoy yaxşı-yaxşı baxsın və bizə izah eləsin ki, haqqında danışdığımız 128 manatlıq ərzaq ki, 2013-cü ildən amansızcasına OĞURLANIR və MƏNİMSƏNİLİR, adları göstərilən ərzaqlardan hansı bizim rasionumuzdan çıxarılıb və ya "TƏRKİBİ DƏYİŞDİRİLİB?!". Musa müəllim deyir ki, 64 manat 9 ildir ki, ... guya dəyişməyib. Ay-hay!! Lap utandım.
Keçirəm rəsmi rəqəmlərə. Cari ilin yanvar ayında istehlak qiymətləri indeksi 2021-ci ilin yanvar ayına nisbətən 112,5 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 117,1 faiz, qeyri-ərzaq məhsulları üzrə 105,9 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 111,1 faiz təşkil edib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, 2022-ci ilin yanvar ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,6 faiz olub. 2022-ci ilin yanvar ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 102,6 faiz təşkil edib. Cari ilin yanvar ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma çörəyin, unun, qarabaşaq yarmasının, makaron məmulatlarının, qoyun, mal və toyuq ətinin, təzə və dondurulmuş balığın, pendirin, kəsmiyin, xamanın, qatılaşdırılmış şəkərli və sterilizə olunmuş üzlü südün, kərə yağının, narın, heyvanın, naringinin, xurmanın, bananın, almanın, armudun, xiyarın, pomidorun, balqabağın, kartofun, soğanın, sarımsağın, mərcinin, şəkər və şəkər tozunun, konfetlərin, kakao tozunun, limonadın, pivənin, arağın, tütün məmulatlarının, ucuzlaşma isə əsasən yumurtanın, portağalın, kələmin, çuğundurun və yerkökünün qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Bu ilin yanvar ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,8 faiz təşkil edib. Cari ilin yanvar ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından daha çox bahalaşma parçaların, inşaat materiallarının, minik avtomobilləri üçün ehtiyat hissələrinin, mebellərin, televizorların, noutbukların, paltaryuyan maşınların və toz şəklində sintetik yuyuсu vasitələrin qiymətlərində müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. 2022-ci ilin yanvar ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,0 faiz təşkil edib. Cari ilin yanvar ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən daha çox bahalaşma poçt vasitəsilə bağlamaların göndərilməsi haqlarında, paltarların təmiri, kimyəvi təmizlənməsi və kirayəsi, ayaqqabı, mebel, məişət cihazları, minik avtomobilləri və mənzillərin təmiri, tibbi, stomatoloji, ictimai iaşə, bərbərxana və kosmetoloji xidmətlərin qiymətlərində, ucuzlaşma isə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Dəyərli hərbçi dostlar! Hörmətli xüsusi rütbəli ehtiyatda və istefada olan həmkarlar! Sizdən xahiş edirəm, yazdığım bu qeydləri də maksimum öz səhifələrinizdə və dost qruplarda maksimum paylaşasınız ki, gələn həftə həm əlaqədar qurumlar, həm də dövlət başçısı üçün təkliflərini hazırlayan hörmətli Nazirlər Kabinetinin müvafiq şöbəsi və əməkdaşları bizim bu narahatçılığımızı və narazılığımızı da öz arayışlarına daxil etsinlər.
Tanrı Silahlı Qüvvələrimizi, Ordumuzu və hamımızı qorusun!
Üzeyir Cəfərov
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.