“Cahangir Hacıyev kimilər Azərbaycanı ona görə cərimələtdirə bilir ki...” - Hüquqşünas Avropa Məhkəməsinin qərarı haqda

12-02-2022, 09:19           
“Cahangir Hacıyev kimilər Azərbaycanı ona görə cərimələtdirə bilir ki...” -
Hüquqları Məhkəməsi Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin şikayəti üzrə qərar çıxarıb. Bu barədə Avropa Məhkəməsinin rəsmi saytı məlumat yayıb.

Strasburq Məhkəməsinin hökmünə əsasən, Azərbaycan məhkəmələri istintaq zamanı Hacıyevin həbsdə saxlanmasının zəruriliyini əsaslandıra bilməyiblər.

Avropa İnsan Hüquqları Məhkəməsi Hacıyevin Avropa Konvensiyasının 5-ci (azadlıq hüququnun pozulması) və 3-cü (qanunsuz həbs) maddələrində nəzərdə tutulan hüquqlarının pozulmasını tanıyıb.

Strasburq məhkəməsi Cahangir Hacıyevə 3500 avro məbləğində təzminat ödənilməsi barədə qərar çıxarıb.

Cahangir Hacıyevlə bağlı yaranmış bu durum hökumət üçün gözlənilən idimi? İndi deyilə bilər ki, Avropa Məhkəməsi bir korrupsioneri, dövlətin pulunu talan etmiş bir iqtisadi cinayətkarı müdafiə edib. Hökumət məsələnin bu yerindən yapışıb, AİHM-i tənqid edə bilər. Bəs tezislərə hüquqşünaslar nə deyir?

Cahangirlə bağlı AİHM-nin çıxardığı qərar onun azadlığa çıxmasına kömək edəcəkmi? Xatırladaq ki, indiyədək xeyli tanınan məhbusla bağlı Avropa Məhkəməsinin “qeyd-şərtsiz azadlığa buraxılsın” qərarı olub. Fəqət bu qərar sonra da həmin dustaq azından 5-6 il türmədə cəza çəkib.

Tamamən unudulmuş, medianın yadına düşməyən Cahangir Hacıyevlə bağlı Avropa Məhkəməsinin bu qərarı təsadüfdürmü?


“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat” Azərbaycan məhkəmə-hüquq sistemin əsas problemi cinayətkarlara qarşı qanunlardan kənar cəza tətbiq etmək yolunu tutub: “Beynəlxalq Banka Cahangir Hacıyev rəhbərlik etdiyi dövrdə oradakı qanunsuzluqlar haqda mətbuat illərlə yazıb. Onun sərəncamında olan şirkətlərin xırda payçılarına gəlirdən faizlərini verməmək üçün min oyun açırdılar. Qanunsuz kredit verilməsi adi hal idi. Qanunu pozmaqla kredit verdikəri məbləğlər isə astronomik idi. Bunu Cahangir Hacıyev həbs edənlər də, məhkum edənlər də bilirdi. Lakin Cahangir Hacıyevin həbsindən sonra ona qarşı görülən tədbirlər adekvat olmayıb. Bizim hüquq-mühafizə orqanlarımız qanuni, hüquqi cəhətdən korrekt qərar vermək imkanları olduğu halda belə, daha çox qanunların tələblərinə riayət etmədən tapşırılan işi icra edir. Son nəticədə isə Cahangir Hacıyev kimiləri qanunsuzluqlara yol verdikləri halda belə, məhkəmədə qanunsuzluqlar təsbit edilsə belə, Avropa Məhkəməsində əleyhimizə qərar verilməsi qaçılmaz oldu. Hüquq-mühafizə orqanlarında savadlı, öz işini bilən kadrlar az deyil, amma bu kadrların sayı da yetərli deyil. Qarşılarında hüquqsuz Azərbaycan vətəndaşı görməyə alışıblar. Bu gün Azərbaycan məhkəmə-hüquq sistemində olan vəzifəlilərə münasibətdə cəzasızlıq mühiti hökm sürür. Hakim bilir ki, ona tapşırılan hökmü verəcəyi təqdirdə cəzasız qalacaq. Belə tapşırıqları icra edənlər arxayındır ki, qanunu kənara qoyub nə istəsə edə bilər. Belə də edirlər. Azərbaycan məhkəmələrinin əksəriyyəti müstəqil deyil. Məhkəmələr nəinki cinayətkarla, günahı olmayan vətəndaşlarla belə qanuna uyğun davranmağı əksər hallarda bacarmır. Cahangir Hacıyev həbs edilərkən, sonradan məhkəmə qarşısına çıxarılarkən ona qarşı onun əməlinə adekvat davranış qaydası sərgilənməli idi. Əvəzində ona qarşı uyğun olmayan addımlar atılıb, həkim xidmətindən tutmuş məktublarına, şikayətlərinə adekvat reaksiya verilməyib. Nəticədə Azərbaycan haqlı olduğu halda Avropa Məhkəməsində belə qərar almalı olur. Cahangir Hacıyevi məhkum edənlər isə yenə də kənarda qalıb ölkəni cərimələtdirməkdə, imicini zədələməkdə davam edirlər”.

Hüquqşünas məhkəmə-hüquq sistemində səriştəsizliyin hər addımda nəzərə çarpdığını bildirib: “Məhkəmələrdə dəfələrlə görmüşük ki, müttəhim günahkardır. Amma ona qarşı atılan addımlar, görülən tədbirlər onu haqlı çıxarır. Bu, səriştəsizlikdən, savadsızlıqdan, arxayınçılıqdan irəli gəlir. Bizim məhkəmə sistemi formal tələbləri belə saya salmır və son nəticədə Cahangir Hacıyev kimi bank sistemində min oyundan çıxanlar Azərbaycanı cərimələtdirə, özünü haqlı göstərə bilir”.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.