Bakı İrəvanın yalanlarını bir-bir faş edir - Paşinyan söz vermişdi ki...

12-02-2022, 09:50           
Bakı İrəvanın yalanlarını bir-bir faş edir -
Ermənistan sülh müqaviləsindən yayınmaq üçün hər şeyə hazır görünür; kapitulyant ölkə son şansını xərcləyir - Ankaradan xəbərdarlıq...
“Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamaqda maraqlıdır və hazırdır”. Bunu srağagün ölkənin baş naziri Nikol Paşinyan parlamentdəki çıxışı zamanı deyib. “Azərbaycanla sülh müqaviləsi imzalamaq, Türkiyə ilə münasibətləri normallaşdırmaq həmişə Ermənistan hökumətlərinin hədəfi olub”, - Paşinyan iddia edib.

Yəni, yenə quru sözlər. Çünki “sülh, sülh” deməklə sülh olmur. Bu yöndə real addımlar, fəaliyyət, siyasi iradə, bəzən hətta riskli qərarlar lazımdır. O da Ermənistan tərəfdən hələ ki, gözə dəymir. İrəvan rəsmilərinin 44 günlük müharibədən sonrakı davranışları və açıqlamaları daha çox sülhün imitasiyasına yönəlib, nəinki iki ən vacib qonşu dövlətlə - Azərbaycan və Türkiyə ilə həqiqi mənada və səmimi şəkildə normal qonşuluq əlaqələri qurmağa.

Belə olmasaydı, Ermənistan rəhbərliyi günü bu gün də Azərbaycanla sülh müqaviləsini “həll olunmamış Dağlıq Qarabağ konflikti”nə aparıb bağlamazdı. Sərhədlərin delimitasiyası və demarkasiyasi ilə bağlı oyunbazlıq edib vaxtı uzatmağa çalışmazdı, ikitərəfli ortaq komissiyanın yaradılmasını müxtəlif bəhanə və şərtlərlə ləngitməzdi.

Yeri gəlmişkən, bu məqsədlə rəsmi İrəvan indi də 26 noyabr Soçi anlaşmasını öz bildiyi kimi yozmağa başlayıb. Guya sənəddə komissiya yaradılmazdan öncə qoşunların sərhəd boyu “güzgü prinsipi” üzrə geri çəkilməsini nəzərdə tutan ideya əksini tapıb ki, bu da qarşılıqlı etimad və təhlükəsizliyin yaradılmasına xidmət eləməlidir. Üçtərəfli Soçi bəyanatında isə etimad və qarşılıqlı təhlükəsizlik məsələləri haqda danışılsa da, “güzgü prinsipi” haqda təbii ki, heç nə deyilmir.

İndi əgər rəsmi İrəvan burdan-bura hamıya məlum olan sənədin məzmununu təhrif edirsə, kim zəmanət verə bilər ki, nə vaxtsa imzalayacağı sülh müqaviləsini öz bildiyi kimi təftiş eləməyəcək?

*****

Yada salaq ki, bu günlərdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistanın “güzgü prinsipi” təklifini Bakının rədd etdiyini bəyan edib. Erməni tərəfinə xatırladıb ki, delimitasiya və demarkasiya beynəlxalq səviyyədə oturuşmuş, şərtləri çoxdan bəlli olan və hamı tərəfindən qəbul edilən anlayışlardır və hansısa “kreativ yanaşmalara”, yəni velosipedi təzədən kəşf eləməyə ehtiyac yoxdur. Başqa sözlə, prosesə başlamaq üçün tərəflər öncə bir-birlərinin ərazi bütövlüklərini tanıdıqlarına dair qarşılıqlı diplomatik notalar təqdim etməlidir, ardınca isə ortaq komissiya yaradılır. Necə ki, digər qonşu ölkələrlə, o sırada Gürcüstan və Rusiya ilə eyni prosederlar həyata keçirilib. Ermənistan da istisna olmayacaq.

Sitat: “Beynəlxalq səviyyədə qəbul edilmiş sərhədlər tanınmalıdır. Komissiyanın işinə başlanılmalıdır. 30 il ərzində digər qonşu ölkənin torpaqlarının 20 faizə yaxın bir hissəsini işğal altında saxlayan, bütün beynəlxalq hüquq norma və prinsiplərini pozan bir dövlətin artıq işğal faktına son qoyulandan sonra bu prosesin müəyyənləşdirilməsi üçün hansısa ilkin şərtlər irəli sürməsinə hesab edirik ki, nə siyasi, nə hüquqi, nə də mənəvi haqqı var. Ermənistan dövləti bunu nə qədər tez anlayarsa, hesab edirik ki, proses bir o qədər tez başlaya bilər”.

*****

Bu arada rəsmi Bakı Ermənistan rəhbərliyinin daha bir yalanını çıxarıb. Söhbət 1-ci Qarabağ müharibəsi zamanı itkin düşən 4 minə yaxın vətəndaşımızın taleyi ilə bağlıdır. Məlum olduğu kimi, Ermənistan XİN-i özünün yaydığı bəyanatda İrəvanın bu xüsusda öz üzərinə heç bir öhdəlik götürmədyini bəyan edib. Gerçək isə yenə başqadır. Çünki: “Fransa və Avropa İttifaqı Şurası prezidentlərinin iştirakı ilə keçirilən görüşdə Ermənistanın baş naziri humanitar məsələlərdə əməkdaşlıq etməyə vəd verib”.

Bunu nazir Ceyhun Bayramov srağagün jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, fevralın 4-də Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla videokonfrans formatında dördtərəfli görüşdə bu məsələlər müzakirə olunub: “Müzakirələr əsasən humanitar mövzularla bağlı idi. Azərbaycan Prezidenti bu platformadan da istifadə edərək 1-ci Qarabağ müharibəsindən indiyədək 3890 nəfər şəxs barədə heç bir məlumatın olmaması, Ermənistanın bu istiqamətdə demək olar ki, əməkdaşlıq etməməsi, beynəlxalq hüquq normalarını, humanizm prinsiplərini tamamilə tapdalaması, bu barədə məlumatları gizlətməsi məsələsini qaldırıb. Bu, ümumilikdə müsbət inkişaf kimi qeyd edilə bilər. Təəccüblüdür ki, bir neçə gün sonra Ermənistan Xarici İşlər Nazirliyi çox təzadlı, suallar doğuran və heç bir məntiqə, humanizmə sığmayan, beynəlxalq hüquqa uyğun olmayan formada açıqlama yayıb. Ermənistan XİN bu istiqamətdə hansısa öhdəliklərin götürülməsini inkar edib. Buna hansısa izahat vermək çətindir”.

*****

Bax, biz belə nataraz, yalançı, qeyri-ciddi və hamının hüzurunda verdiyi vədi danan bir tərəflə üzbəsurətik, onunla sülh müqaviləsi imzalamalıyıq. Amma Ermənistan rəhbərliyi yaxşı olar ki, tələssin və başından bütün axmaq fikirləri, revanşist xarakterli ideyaları və planları birdəfəlik atsın. Çünki “Dəmir yumruq” heç yerə getməyib. Yeni komando qüvvələri, Şuşa Bəyannaməsi də öz yerində.

“Biz Azərbaycanla bir millət iki dövlətik. Zamanı gələndə özümüzü vahid dövlət kimi də apara bilərik. Bu hisslərlə də Qarabağda qələbə qazanıldı. Şuşa Bəyannaməsi sayəsində ölkələrimiz arasında münasibətlərin səviyyəsi strateji əməkdaşlığın keyfiyyətcə yeni səviyyəsinə yüksəldi”.

Bu sözləri dünən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu TRT Haber telekanalına müsahibəsində deyib.

“Biz Azərbaycanla bir-birimizi qorumağa davam edəcəyik. Türkiyə və Azərbaycanın gələcəyi və taleyi bir-biri ilə sıx bağlıdır”, - nazir vurğulayıb və onu da qeyd edib ki, uzunmüddətli Qarabağ münaqişəsinə son qoyan 44 günlük müharibədən sonra Cənubi Qafqaz daimi sülh və sabitliyə yol açaraq yeni reallıqlarla üzləşib. “Odur ki, Ermənistan şansdan istifadə etməli və mövqelərinə yenidən baxmalıdır. Biz sadəlövh deyilik. Eyni zamanda biz qəti addımların atılmasının vacibliyini dərk edirik”, - deyə Türkiyə baş diplomatı İrəvana aydın mesaj ünvanlayıb.

Bunu son xəbərdarlıq da adlandırmaq olar. İrəvan artıq öz şansını xərcləyir...

Siyasət şöbəsi,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.